Səməd Seyidov: Azərbaycanın göstərdiyi bütün səylər regionda təhlükəsizliyin təmin olunmasına yönəlib

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələri inkişaf edərək genişlənir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərini əsirgəmir. Biz bunu yüksək qiymətləndiririk.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 30-da Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanmasının əlaqələrin inkişafında xüsusi rolunu qeyd edən komitə sədri ölkəmizlə Ermənistan arasında sülh sazişi məsələsinə də toxunub.

“Bizim Qarabağ, Laçın dəhlizi ilə bağlı mövqeyimiz aydındır. Azərbaycanın göstərdiyi bütün səylər ərazi bütövlüyünün, təhlükəsizliyin təmin olunmasına yönəlib. Ölkəmiz Qarabağ ermənilərinə bütün hüquqları verir. Ermənistan hər vəchlə sülh sazişini imzalamaqdan yayınır və regionda sülhün, təhlükəsizliyin təmin olunmasına mane olur”, - deyə Səməd Seyidov diqqətə çatdırıb.

Azərbaycanın tolerant ölkə olduğunu xatırladan komitə sədri ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq şəraitində yaşadıqlarını qeyd edib.

Xudaferin.eu

23:21