SƏNƏ QURBAN

Sənəm musiqini çox sevirdi. Bu da təsadüfi deyildi. Axı Qarabağlı, özü də Şyşalı olub musiqini sevməmək mümkün deyil.Evlərində köhnə, qara rəngli bir piano vardı. Anasının cehizi idi.Ağlı kəsəndən, özünü tanıyandan hər gün o pianonun qapağını açıb nə isə dınqıldadardı. Ağappaq şirmayi dillərlə qara dillərin qucaq-qucağa yatdığı bu sehirli  nəhəng  qutu onun üçün bir dünya idi. Uşaq vaxtı bir neçə dəfə pianonun qapağını əlinə salıb barmağını əzsə də bu, balaca Sənəmin  bu alətə olan marağını azaltmamışdı. 

Günlər keçir, Sənəm böyüyürdü. Ağappaq bənizi ilə qap-qara saçları elə pianonun dillərini xatırladırdı, Qara, parlaq, yup-yumru gözləri isə onun gözəlliyinə 
xüsusi bir ahəng bəxş edirdi.

  Valideynləri onun musiqiyə olan sevgisinin fərqində idilər. Buna görə də məktəb yaşına çatan kimi onu musiqi məktəbinə yazdırdılar. Fortepiano sinfinə. Atası zarafatla deyirdi ki, Sənəm onsuz da bütün gün nə isə dınqıldadıb  baş beynimizi aparır.Qoy barı çalmağı öyrənib fərli-başlı bir şey çalsın, biz də dincələk.

Sənəmin musiqiyə olan həvəsi çox keçmədi ki, təhsildə də öz bəhrəsini verməyə başladı. O, musiqi dərslərində çox gözəl nəticələr əldə edir, nazik uzun barmaqları  sayəsində ən çətin akkordları asanlıqla götürürdü.İxtisas müəlliməsi həmişə deyirdi ki, Sənəm ,sənin barmaqların yalnız pianoda  ifa etməkçün yaradılıb elə bil.

Səksəninci illərin ortaları idi. Sənəm musiqi məktəbini uğurla bitirib əla qiymətlərlə Ağdam Musiqi Texnikumuna   qəbul oldu. 

    Dərslər öz axarı ilə gedir, yeni mühit, yeni dostlar və müəllimlərlə  tanışlıq Sənəmin həyatına yeni rənglər, yeni çalarlar qatmışdı. Artıq ikinci kursda idi. Oxuduğu texnikumun bir xüsusiyyəti onun lap ürəyincə idi. Sırf musiqi ocağı olduğundan burdakı demək olar ki,hər kəs yaradıcı insan idi. Belə adamların dünya  görüşləri bir az fərqli, yəni daha dərin olur . Onlarla söhbət etmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq insana xüsusi zövq verir. Ona görə də Sənəm üçün bu məktəb sadəcə təhsil ocağı deyil, həm də hər gün can atdığı, vaxtın necə keçdiyinin fərqində belə olmadığı maraqlı bir dünya idi. 

Auditoriyalardan süzülən müxtəlif musiqi alətlərinin səsi bir-birinə qarışaraq qəribə bir harmoniya yaradırdı. Bu musiqi palitrası ona çox doğma idi. Sanki uşaqlıqdan elə bu səslə böyümüşdü. 

Axşam vaxtı, dərslərin sonuna yaxın xanəndəlik  sinfinin qapısı çox vaxt açıq olurdu. Sənəm Hərdən dərsdən sonra  otaqda  qalıb kitabxanadan götürdüyü notlarla işləyərkən o otaqlardan birindən tes-tez eşitdiyi yanıqlı bir səs diqqətini çəkmişdi. Oxuyan gənc xanəndə sanki dərsdə məşq eləmir, musiqinin qanadlarında öz aləminə uçurdu. Bəzən Sənəm  bu səsin sehrinə o qədər düşürdü ki, əlindəki işi tamam unudub sadəcə onu dinləyirdi. Günlər ötdükcə bu səs ona daha doğma, daha yaxın olurdu. Bəzən o özünə belə  etiraf etməsə də, bu səsi dinləmək üçün dərsdən sonra ləngimək üçün bəhanə axtarırdı. Bu naməlum xanəndənin ifasında Sənəm  ən çox "Sənə qurban" mahnısını sevirdi:

Getmə, kimsəsizəm
Qal ,sənə qurban.
Bu dilsiz-ağızsız
Lal sənə qurban...

Sözləri o qədər içdən tələffüz edir, musiqini elə yanıqlı oxuyurdu ki, sanki öz həyatını anladırdı.
Açıq qapının ağzından neçə dəfə keçsə də, heç vaxt çürət edib içəri baxmamışdı Sənəm. Sanki öz beynində uydurduğu o əsrarəngiz obrazın pozulacağından qorxurdu.

Bir gün bu sehirli səsi dinləyə-dinləyə dəhlizlə kitabxanaya tərəf gedirdi. Birdən səs kəsildi. Sənəm bir neçə addım atdıqdan sonra qeyri-ixtiyari çevrilib arxaya baxdı. Qapının ağzında onun ardınca baxan  birini gördü. Elə bil ürəyi qırıılıb ayağının altına düşdü. Kitabxanaya girib lazımlı notları götürənə qədər ürəyində  allaha yalvarırdı ki, çıxanda onu görməsin. Qapıdan çıxıb geri qayıdarkən başını aşağı diksə də irəlidəki qaraltını sezirdi. Bu onun həyəcanını daha da artırirdı. Ürək döyüntüsünü qulaqlarında duya -duya irəliləyib həmin qapıya çatanda boğuq bir səs eşitdi:

-Salam.
Sənəm başını qaldırıb baxdı. Uca boylu , yaraşıqlı bir gənc dayanıb ona baxırdı. Ürkək səslə salamı alıb ötdü. Amma  oğlan onun ardınca gəlməyə başladı. 

-Bir dəqiqə ayaq saxlaya bilərsiz? Gəlin tanış olaq. Mənim adım Qurbandır. Üçüncü kursda oxuyuram. Xanəndəlik sinfində. Sonra bu izahın yersiz olduğunu anlayıb gülümsündü.Siz deyəsən pianoçusuz. Adınızı bilmək olar?

-Sənəm,deyə qız elə astadan cavab verdi ki, dediyini özü belə güclə eşitdi. 
-Çox gözəl. Hərdən  burdan ötüb keçdiyinizi görürəm, əgər marağınız varsa içəri keçib dinləyə bilərsiz. 

Sənəm suç üstü yaxalanmış uşaqlar kimi allandı:
-Sadəcə bu mahnını çox sevirəm. Xalq mahnısıdır səhv etmirəmsə.

-Coxları onu xalq mahnısı zənn edir, amma xeyr, Bəhram Nəsibovundur.

-Həə, heç bilmirdim. Xalq mahnısına çox yaxındır. Məlumat üçün çox sağ olun. Mən gedim, gecdir.
-Xoşdur. Nə vaxt istəsəz gəlib məşqdə əyləşə bilərsiz.

  Sənəm bütün yol boyu həmsöhbətinin  üzünü xatırlamağa çalışsa da bacarmadı. Sadəcə hündür qaməti və cox gözəl səs tembri ağlından çıxmırdı. 
Bir neçə gün dərslər bitən kimi tez  evə getdi.

 Qurbanın məhz onu dinləmək üçün dərsdən sonra ləngidiyini  düşünməsini istəmirdi.

Bir gün yenə rəfiqələrindən ayrılıb  kirayə qaldığı evə doğru gedərkən  arxadan  onun səsini duydu:

-Salam, Sənəm.
Qız ayaq saxladı.

-Salam, deyə cavab verib xəfifcə gülümsədi.
- Daha məni dinləməyə gəlmirsiz...

- Artıq lazım  olan bütün notları köçürmüşəm, indi evdə məşğul oluram. 

- Təəssüf, mən də sizdən kömək istəyəcəkdim.
- Nə kömək?

- Ümumi fortepiano dərslərində bəzi əsərləri çalmaq məndə alınmır, barmaqlarım kobuddur (gülümsəyir). Deyirəm bəlkə biraz mənimlə məşğul olasız?

- İndi imtahanlara hazırlaşıram. vaxtım olan kimi sizinlə məşğul olaram.

Sağollaşıb  ayrıldı. Kirayə qaldığı ev texnikumdan çox da uzaq olmadığından dərsə piyada gedib -gəlirdi. O, Ağdamın mərkəzi küçələrindən birində yerləşən iki mərtəbəli qədim bir evin birinci mərtəbəsində rəfiqələri ilə birlikdə  kirayə qalırdı. Ev sahibəsi Radiyyə xala çox mülayim, gülərüz qadın idi. Onlara o qədər mehriban, qayğıkeş davranırdı ki, qızlar öz doğma evlərindən, analarından uzaqda olduqlarını hiss etmirdilər. Hər novruz bayramında bişirdiyi dadlı şirniyyatlardan, ətirli plovdan ilk onların payını verməsə özü süfrə başında əyləşməzdi. Onları birlikdə şam etməyə dəvət etsələr də, qızlar sərbəst olmaq üçün öz otaqlarında oturmağı  üstün tutardılar. 

Amma Sənəmin bu evdə ən çox diqqətini çəkən, sevgisini qazanan evin kiçik oğlu idi. O, təxminən 7-8 yaşlarında olan qıvrlm saçlı, iri qaynar  gözlü bu oğlanı hər görəndə onun saçlarını qarışdırmadan ötüb keçməzdi. Sənəm səhərlər pianoda ifa edərkən, balaca dostunun pillələrlə enib qapının ağzında onu dinlədiyini  hiss edərdi. Deyəsən Bethoveni çox bəyənirdi. Çünki "Ay" sonatasının  elə ilk notlarından kiçik addımlarla astaca pillələri enib qapının ağzında bitir, axıradək pişik kimi qapıya qısılıb onu dinləyərdi...

   Artıq qış imtahanları arxada qalmışdı. Sənəm həftədə üç dəfə Qurbanla fortepiano dərsləri keçsə də onlar ,demək olar, hər gün görüşürdülər. Aralarında yaranan isti münasibətin dostluqdan daha ötə bir hiss olduğunun hər ikisi fərqindəydi. Sənəm öyrənmişdi ki, Qurban da onun kimi Şuşalıdır. Piano dərslərindən sonra Qurban onunçün mütləq mahnı oxuyardı və çoxt vaxt bu mahnıların içində "Sənə qurban" mahnısı olardı.Bu mahnı artıq onların mahnısına çevrilmişdi.Gənclər artıq öz sevgilərini bir-birinə etiraf  etmiş, daha doğma, daha yaxın olmuşdular. 

Bir dəfə Sənəm Qurbandan soruşdu:

- Sənə niyə bu adı veriblər?
- Bilirsən, mənim valideynlərim uzun illər övlad sahibi ola bilməyiblər. Mənim doğulmağıma  çoxlu qurban deyiblər. Elə qurbanları qəbul olduğuna görə də adımı Qurban qoyublar. 

- Niyəsə mən bu adın aqibətindən qorxuram!

- Ay qız, nədən qorxursan, olsam-olsam, sənə qurban olacam. Lap bizim mahnıdakı kimi. Bilirsən, bir şey kəşf eləmişəm. Əslində bu mahnı bircə hərfi çıxmaq şərtilə, bizim adlarımızı əks etdirir. 
Bir bax: Sənə(m) Qurban.

- Aaa, gör ee, heç mən buna fikir verməmişəm.   
Tanış olduqları ilin yayında gənclər nişanlandılar. Bütün yayı tez -tez görüşür,vaxtlarını birgə keçirirdilər. Gəzmək üçün ən gözəl yer isə Cıdır düzü idi. Bu gözəl təbiət guşəsinin xoş havası, ətirli çiçəklərinin  qoxusu onların yay axşamlarının vazkeçilməzi idi. Qurban ordakı qayalardan  birinə öz adlarını bu şəkildə həkk etmişdi:
Sənə(m) Qurban

   90 cı illər idi. Şuşanın başını qara  buludlar aldığı gündən bir il əvvəl , may ayında onların toyu oldu. Gənclər bir yerdə uzun bir ömür sürməyə söz verdilər . Amma bir neçə ay keçməmiş qara günlər onları ayrı saldı. Xocalının işğalından sonra Qurban özünümüdafiə dəstələrindən birinə yazılmış, hamilə həyat yoldaşını isə təhlükəsizlik baxımından şəhərdən  çıxarıb elə tələbə vaxtı Ağdamda kirayə qaldıqları evə yerləşdirmişdi. Demişdi ki, burda qalsan səndən arxayın olaram. Ara-sıra vaxt tapanda, döyüşlər səngiyəndə gəlib ona baş çəkir, bir iki saat yanında qalır, sonra yenidən cəbhəyə gedirdi. Sənəm yoldaşına görə çox natahat idi. Gecələri yuxusu ərşə çəkilmişdi. 

   Bahar yenicə girmişdi. Həyətdəki armud ağacının çiçəkləri elə gözəl qoxurdu ki, Sənəm hərdən ,sübh çağı bu qoxunu duyanda özünü çıdır düzündə hiss edirdi. Uşağın doğulmağına  bir  ay qalırdı. Sənəm xeyli ağırlaşmışdı. Sağ olsun, Radiyə xala ,həmişəki kimi , ona çox yaxşı baxırdı. Artıq onlar  ev sahibi, kirayənişin yox, ana -bala idilər. (Sənəmin anası bir neçə ay əvvəl rəhmətə getmişdi).Mayın səkkizi idi. Qurbandan neçə vaxt olardı ki,xəbər yox idi.

 Gunorta vaxtı Radiyə xala armud ağacının altında masa  qoyub süfrə açmışdı. Bayırdan onu sıslədi:

- Sənəm ,gəl nahar elə. Təzə yarpaqdan əntiqə dolma bükmüşəm. 

Sənəm ağır-ağır həyətə çıxıb masanın arxasında əyləşdi. Radiyə xalanın süfrəsinə baxanda ən tox adam da iştaha gələrdi. Dümağ süfrənin üstündə düzülmüş nemətlər adama gəl-gəl deyirdi; boyat təndir   çörəyi, təzə yaz göyərtisi, sarımsaqlı qatığın ətri adamın burnunu qıdıqlayırdı. Sənəm Radiyə xalanın çəkib gətirdiyi muncuq kimi xırda bükülmüş yarpaq dolmasını  qabağına çəkib yeməyə başladı. Bir-iki loxma almışdı  ki, qəfil bətnində bir sancı hiss etdi. Başı gicəlləndi, bənizi ağardı. Ağrı get- gedə şiddətləndi .Deyəsən erkən doğum başlamışdı.
Suşada isə iyirminci əsrin faciəsi yaşanırdı.

 Azərbaycanın nadir incisi Şuşa işğal olunurdu. Əsgərlər nə baş verdiyini anlamırdılar. Onlaraın hərbi texnikası  yox dərəcəsində idi.Bir -iki tank və avtomatlardan başqa heç nə yox idi. Kömək isə gəlmək bilmirdi.Elə bil gizli bir əl Şuşanı düşmənə
 təslim etməyə tələsirdi.Qurban ara-sıra döyüş yoldaşlarının könlünü açmaq üçün onlara öz həzin, yanıqlı  səsi ilə mahnı oxuyardı. Günorta vaxtı idi. O,siqatet çəkmək üçün tankdan çıxıb dağın ətəyinə çəkildi. Elə siqaretdən bir qullab almışdı ki, düşmən  gülləsi düz ürəyinin başına dəydi, səndələyib  yerə yıxıldı. Bir anda bütün həyatı, Sənəm, hələ doğulmamış  körpəsi gözünün önündən keçdi. Yoldaşları ona yaxınlaşanda artıq canını tapşırmaq üzrə idi. Var gücünü toplayıb zorla pıçıldadı:

Getmə, kimsəsizəm,
Qal sənə qurban.

...sonra hər yer qaranlığa büründü...

  Sənəmin bir oğlu dünyaya gəldi. Adını Yadigar qoydu. Qurbanın yadigarı.Sonra Qurbansız, Şuşasız, Ağdamsız,Qarabağsız  günlər, aylar, illər bir-birini əvəz etdi.

Düz 27 il keçmişdi. Yadigar hərbi məktəbi bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edirdi. Uşaqlıqdan  anasının anlatdığı Şuşa xatirələrilə böyümüş, bir gün o yerləri azad etmək arzusuyla alışıb -yanmışdı. Elə bu niyyətlə də hərbçi olmuşdu. 

Şuşadakı həyatlarından ,atasından təkcə bir yadigar qalmışdı onlara ,atası ilə anasının Cıdır düzündə qayanın yanında çəkdirdikləri bir fotoşəkil. Qayanın üstündə isə valideynlərinin adı yazılmışdı:

 Sənə(m)  Qurban. Yadigar yeniyetmə olanda anası bu şəklin, bu yazının tarixçəsini ona danışmışdı. 

2020 ci ilin sentyabrında Qarabağln Azadlıq müharibəsi başlayanda cəbhəyə ilk yollananlardan biri Yadigar oldu. Özünə, anasına və atasının ruhuna verdiyi  sözü tutmaq vaxtı gəlib çatmışdı. Çox sevincli idi. Elə bil müharibəyə, qan-qada içinə yox, çoxdan gözlədiyi bir səfərə gedirdi.

 Artıq bir aydan çox idi  ki, döyüşlər gedirdi. Ordumuz bir -birinin ardınca işğal olunmuş rayonlarımızı azad edirdi. Gənc leytenant Yadigar ordunun öndə gedənlərindən idi. Hər qələbəylə daha çox ruhlanan zabit bircə anasından nigarandı. Onu Bakıda tək qoyub gəlmişdi. Düzdü,imkan tapdıqca ona zəng edir, telefonla şəkillər yollayırdı . Amma yenə də ondan nigaran idi. 

 Sənəm artıq yaşlanmış,saçları isə elə cavanlığından tamam ağarmışdı. Həm yurd həsrəti, həm yarımçıq taleyi, həm otuz ilə yaxın köçkünlük  həyatı  öz sözünü demişdi... İndi yeganə ümidi , təsəllisi Yadigar idi. Hər gün səbirsizliklə onun zəngini gözləyirdi. Oğlu gedərkən söz vermişdi:

- Şuşanı almadan qayıtmaq yoxdur!
- Bircə sağ -salamat  qayıt, oğul! 

Noyabrin yeddisi, axşam saatları idi. Sənəm bİlirdi ki ,neçə gündür Şuşa ətrafında gərgin döyüşlər gedir. Elə qulağı səsdə idi. 

Telefona ismarıc  gəldi. O, cəld telefonu götürüb əlləri əsə-əsə açdı. Bu, Yadigar idi, şəkil göndərmişdi. Gözləri yaxşı görmədiyindən eynəyini taxıb yenidən telefona baxdı.Yadigar bir qayanın qabağında  dayanmışdı... 

Həmin qayanın...Arxada isə o yazı görünürdü:
   Sənə(m) Qurban...

Şahrun Süleymanlı

Xudaferin.eu

04:07