Sofiyada Ulu Öndərin həyatı və fəaliyyəti barədə kitabın təqdimatı olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bolqarıstanın paytaxtındakı Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində bu ölkənin Yazıçılar İttifaqı tərəfindən hazırlanan, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən məqalələr toplusundan ibarət olan və bolqar dilinə tərcümə olunaraq nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib.

Ölkəmizin Sofiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə hazırlanan nəşrin təqdimatında çıxış edən səfir Hüseyn Hüseynov yüksək liderlik qabiliyyətlərinə malik görkəmli siyasi xadim, müasir Azərbaycanın banisi Heydər Əliyevin dövlətimizə və xalqımıza həsr etdiyi həyatı və fəaliyyəti barədə məlumat verib, onun rəhbərliyi ilə siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilmiş uzaqgörən siyasət və səmərəli islahatlar nəticəsində çağdaş Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu diqqətə çatdırıb. Diplomat 1990-cı illərdə tarixinin ən çətin dövrlərindən birini yaşayan, bir tərəfdən erməni təcavüzü nəticəsində ərazilərinin işğalına və əhalisinin 1 milyon nəfərinin yurdundan didərgin salınmasına, digər tərəfdən isə daxili siyasi çaxnaşmalar və iqtisadi böhrana məruz qalan Azərbaycanın yalnız Heydər Əliyevin xalqın müraciətinə cavab verərək siyasi hakimiyyətə qayıdışı və böyük fədakarlığı nəticəsində dağılmaqdan xilas olduğunu, gələcək qüdrətli dövlətin təməllərinin atıldığını vurğulayıb.

“Гейдар Алиев 100” adlı kitab Ulu Öndərin müasir Azərbaycanın elmi, mədəniyyəti, dili, mənəviyyatı, dövlətçiliyi, xarici siyasəti, hüquq sistemi, multikulturalizm ənənələri, enerji strategiyası və iqtisadi inkişafında göstərdiyi misilsiz xidmətləri, yürütdüyü müdrik dövlət siyasəti barədə Azərbaycanın və Bolqarıstanın elm xadimləri, aparıcı mütəxəssisləri və siyasətçilərinin yazı və məqalələrindən ibarət toplu şəklində hazırlanıb. Yeni ərsəyə gətirilmiş kitab tədbir iştirakçıları arasında böyük marağa səbəb olub. Nəşrin Bolqarıstanın aidiyyəti elmi-tədqiqat müəssisələrinə, elmi və ictimai kitabxanalarına, habelə ali təhsil ocaqlarına paylanılması nəzərdə tutulur.

Bolqarıstanın dövlət xadimlərinin, tanınmış siyasətçilərinin, parlament üzvlərinin, ictimai-siyasi şəxsiyyətlərinin, incəsənət və media nümayəndələrinin, bu ölkədəki diplomatik korpusun üzvlərinin, habelə Azərbaycan diasporunun təmsilçilərinin iştirak etdikləri tədbir tanınmış sənətçilər – Azərbaycanın Əməkdar artisti Rain Sultanov (saksofon), Əməkdar artist Şahin Növrəsli (royal), Aleksey Miltix (violonçel) və Fadhel Boubakerin (ud) ifasında rəngarəng milli musiqi və dünya musiqisi nümunələrindən ibarət konsert proqramı yekunlaşıb.

Xudaferin.eu

21:43