Stockholmda “Xocalı 25” aksiyası

O müdhiş gecədən, o qanlı hadisədən 25 il də ötdü. Təəssüf ki, bu illər ərzində nə xocalılar öz doğma yurduna qayıda bildi, nə də biz bu faciəni törədənləri ədalət məhkəməsi qarşısına çıxarmağa nail olduq.
Hər nəysə bunun bir çox səbəbləri var və mən bu səbəbləri sadalamaqla sizin vaxtınızı almaq istəmirəm. Yenə yazacağım diasporun bu məsələdə rolu haqqında olacaq. Bu il İsveçdə yaşamımızın artıq 13-cü ilinə qədəm qoyduq. Bu illər ərzində heç vaxt nə “Xocalı Soyqırımı”, nə də “20 Yanvar Faciəsi” tədbirlərinı buraxmadım. Hətta bəzi hallarda təşkilatçı belə oldum. Bu il də bir qrup soydaşımızla belə qərara gəldik ki, bu tədbiri birlikdə keçirək. İsveçdə statistikaya görə Güneyli və Qüzeyli həmvətənlərimizin sayı 30 minə yaxındır. Burada onu da vurğulamaq istəyirəm ki, son illər qüzeyli soydaşlarımızın sayı artmaqda davam edir. Sözsüz ki, etnik dərnəklərin, cəmiyyətlərin bol olduğu bu ölkədə onlarla, bəlkə də yüzlərlə Azərbaycan adına cəmiyyət və dərnəklər mövcuddur.
Bir soydaşımızın vaxti ilə dediyi söz son zamanlar çox tez-tez yadıma düşür: "Azərbaycanda elə bir kənd, şəhər yoxdur ki, İsveçdə onun adına dərnək olmasın. Amma real işə gələndə heç kəsi tapmaq olmur..." demişdi dostumuz illər öncə...

“Xocalı Soyqırımı”nın törədilməsindən 25 il keçir... Biz də bu anım törənini daha çox həmvətənimizlə birgdə keçirmək arzusundaydıq deyə bu məqsədlə bir neçə soydaşımızla Azərbaycanın İsveçdəki səfirliyinə müraciət etdik. “20 Yanvar Faciəsi”nin  anım günü səfirlikdə toplanaraq bu törəni keçirmək istədiyimizi cənab səfirə bildirdik. Sağ olsun bizə gərəkən materiallar, broşürlər, plakatlar, nümayiş üçün faciəni əks etdirən şəkillər, bayraqlar əlqərəz göstəri üçün nə lazımdırsa hər şeyi təşkil etməyi söz verdi və etdi də. Halbu ki, bunları İsveç dövlətindən və “Azərbaycan Diaspora Komitəsi”ndən on minlərlə avro alan və guya kağız üzərində guya mindən çox üzvü olan Azərbaycan adına açılmış federasiya və kongreslər etməliydilər.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, illər öncə səfirlik bunlara plakatlar və sərgi materialları vermişdilər. Amma fürsət tapıb ondan da öz reklamları üçün istifadə etməkdən belə çəkinmədikləri halda, istifadə üçün tədbir keçirən insanlara belə bu sərgi materiallarını verməkdə qarınları ağrayır. Təəssüf ki, bir sıra Azərbaycandakı rusdilli saytlar da (təbii ki, Azərbaycan dilində düz əmməlli danışa bilmədikləri üçün rus saytları ilə əməkdaşlıq edirlər) onların bu yalançı reklamlarına ortaq olurlar...

Qayıdaq bu günə. Demək panlaşdırdığımız kimi İsveç Parlamentin önündə aksiya keçirmək üçün polisdən icazə aldıq. Sosial şəbəkələrdə mitinq olacağını elan etdik. Hər kəsə sms yazıb mitinq aksiyasına dəvət etdik. Beləliklə saat 14:00-da mitinqə toplaşdıq. Sayımız nə qədər idi soruşsanız ən çox yüz nəfər olardıq. Çox səviyyəli, həm İsveç,  həm də ingilis dilində bəyanatlar səsləndirdik. Heç bircə dənə belə Azərbaycan dilində çıxışlar etmədik. Çünki özümüz deyib özümüz eşitməyimiz yetər artıq dedik... Toplaşanlar kim idi, soruşsanız cavabı belə olur yenə həmin adamlar... Amma bu dəfəki mitinqimizə çağrılmamış qonaqlar da təşrif buyurdular. Meydanın qarşı tərəfində 4-5 erməni qondarma “DQR” qurumunun bayraqları və broşurlarla bizə qarşı təxribat etməyə çalışdılar. Amma vaxtında bizim dostlar bu təxribatın önünü almağa müvəffəq oldular. Tədbir təxminən bir saat yarım çəkdi və beləcə evimizə dağılışdıq. Amma bu tədbirin bəyanatını parlament deputatlarına, İsveçin Xarici İşlər Nazirliyinə və həm də media qurumlarına təqdim etdik. Mən bu tədbirə dəstək verdiyi üçün Azərbaycanın İsveçdəki Səfiri cənab Adiş Məmmədova, təşkilatçılar Səməd Fərtaş, Abdulla Əmir Haşimi, Nadir Hollenbrand, Səttar Sevigin, Səid Əziziyə, çıxışçılar Aslan Solnatlı və Rauf Səfərliyə, hər zaman yanımızda olan Türkiyənin “Anadolu Ajansı” və “İhlas Haber Ajansı”nın nümayəndələrinə, eləcə də “Kanal13” və “Modern” qəzetinin Skandinaviya nümayəndəsi Kənan Hacıəkbəroğluna və mənfi 10 dərəcə soyuqda bizə dəstək olan bütün soydaşlarımıza, İraq-Suriya Türkmanları və Anadolu Türk qardaşlarımıza öz təşəkkürümü bildirirəm.

Rahim Sadıqbəyli,
İsveç/Stohkolm
xüsusi olaraq, “Xudaferin.eu” üçün 

21:29