Səudiyyə Ərəbistanının nəşri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən yazıb

Səudiyyə Ərəbistanının “Alyoum” nəşrində “Azərbaycan Qoşulmama Hərəkatına yeni məzmun gətirib” sərlövhəli məqalə dərc olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə deyilir: “ABŞ-ın “National Interest” nəşri yazır ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı (QH) üzv ölkələrin problemləri ilə bağlı səmərəli təşəbbüslərlə çıxış edib. 2019-cu ildən bəri Hərəkata üzv olan 120 ölkənin səsi qlobal arenada daha çox eşidilməyə başlayıb. Rəsmi Bakı COVID-19 pandemiyasının başladığı vaxtdan bu qlobal bəlanın iqtisadi və sosial fəsadlarının aradan qaldırılması istiqamətində səylər göstərib. 2002-ci il mayın 4-də QH-nin 45 ölkənin və beynəlxalq təşkilatların iştirakı ilə mühüm sammiti keçirilib. Həmçinin BMT Baş Assambleyası çərçivəsində keçirilən xüsusi sessiyada bəşəriyyəti narahat edən problemlər müzakirəyə çıxarılıb. Bundan başqa, Azərbaycanın sədrliyi dövründə QH-nin strukturunun təkmilləşməsi və daha effektiv beynəlxalq təşkilata çevrilməsi prosesi başlanıb. Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi, həmçinin Prezident İlham Əliyevin irəli sürdüyü Nyu-Yorkda ofisin açılmasına dair təşəbbüs üzv ölkələr tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə vurğulanıb ki, QH-nin son vaxtlarda keçirilən tədbirləri bu təşkilatın sülh və təhlükəsizlik məsələlərinin, həmçinin üzv ölkələrin özləri arasında problemlərin həllində mühüm rol oynaya biləcəyini göstərdi. 2020-ci ilin sentyabr-noyabrında ərazi bütövlüyünü təmin etmiş və hazırda sülh və regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən Azərbaycanın təcrübəsi buna imkan verir.

 

Oqtay Bayramov

Xudaferin.eu

15:40