Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Biləsuvar, Masallı və Yardımlı Rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə "Şuşa İli” çərçivəsində “Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, Masallı rayon Gənclər və İdman İdarənin baş məsləhətçisi Oqtay Ağalı, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Elməddin Mirzəyev mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dekabrın 31-də dünya azərbaycanlılarına müraciət edən Prezident İlham Əliyev yola saldığımız ildə həyata keçirilən tədbirlərdən, ölkəmizin əldə etdiyi uğurlardan geniş söhbət açıb. Vətən müharibəsinin nəticələrinin bütün dünya tərəfindən qəbul edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, müharibədən sonra cərəyan edən proseslər Azərbaycanın haqlı olduğunu bir daha nümayiş etdirib.

Çıxışlarda diqqətə çatdırılıb ki, dövlətimizin başçısı işğaldan azad edilmiş torpaqlara ötən il 32, o cümlədən Şuşa şəhərinə 7 dəfə səfər edib, Qarabağ böyük tikinti-quruculuq meydanına çevrilib. Bu il həm də Şuşa şəhərinin 270 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, xüsusən də Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan edib.

Vurğulanıb ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.

Xudaferin.eu

 

15:26