Atam deyərdi: “Heç sümüyüm qızmadı Şuşada”. Tələbə vaxtı evə zəng vuranda havanı soruşardım. Cavabı “Duman, çən, yağış…” olardı. Yayın cırhacırında Bakıya pencəklə gələrdi. Onun yerinə mən tıncıxardım. “Canıma indi-indi isti keçir” deyərdi.
Şuşada qış ovqatı sentyabrın ortalarında duyulardı. Gəlmələr (aşağı rayonlardan istirahətə gələnlər) çıxıb getmiş, yerlilər yay sevgilərinə qəribsəmiş olardı. Yarpaqlar saralar, şəhərin başını çiskin alar, hava qaralardı. Daha pencəklə gəzmək mümkün olmazdı, gödəkcə geyinərdik.
Oktyabrda kürəyimizi soyuq yağış isladardı. Gödəkcənin altından yun jaket geyinməli olardıq.
Noyabrda əvvəl sulu qar, sonra qar yağardı. Qar hələ yerdə qalan qar olmasa da, paltolar üzə çıxardı.
Xəzəldə itib-batardıq.
Dekabrda hər yan ağ geyərdi. Boyunları şərf, başları papaq bəzəyərdi. Ayağımızın altındakı qar xırç-xırç xırçıldayardı: xırç-xırç, xırç-xırç, xırç-xırç…
Yanvarda yollar buz bağlayardı. Gecə yarıyadək araba ilə sürüşərdik. Evə suyun içində dönüb danlanardıq.
Fevralda şaxta adamı kəsərdi. Yaşı keçmiş adamlar dözməyib dünyadan köç edərdi, şəhər yasa batardı.
Səhər duranda həyət-bacanın qarını kürünmüş görərdim, anam yol-irizi açmış, əl-üzümüzü yumaq üçün suyu isitmiş olardı. Axşamlar evə gec dönəndə atamı kürəyini sobanın yaxınlığındakı divara söykəyib məni gözləyən görərdim. “Bu havada iti bağlasan, zəncir qırar, hardasan?” deyərdi.
Axşam yeməyinə oturanda alt evdən şoraba gətirməyə mən gedərdim. Gözümü yumub qolumu dirsəyəcən çəlləyə salardım, əlimi buz kəsərdi.
Dizəcən qar yağardı, damların ucundan, ağacların qol-budağından buz sallanardı, amma məktəblər bağlanmaz, adamlar iş-gücdən qalmazdılar. Dükan-bazar vaxtlı-vaxtında açılar, qəzet-jurnal qapıya gələrdi.
Toylar çalınardı, adamlar sevinərdi.
Bilməzdik qış haçan gəldi, haçan getdi.
Apreldə son buz layları yaz selinə qarışıb dərələrə axanda qanımız qaynayardı. Duyardıq ki, yaz gəlir.
Şuşanın qışını xatırlayıram. Həm sümüyüm qızır, həm də üşüyürəm…
Şuşada qış

3 fevral 2012
Xudaferin.eu
19:49