Tərtər işi...

Erməniyə güllə atmış zabit və əskərimizə ağır işkəncələr verib, ləyaqəti ilə oynayıb, ölümcül hala salıb... xəstəxanaya yerləşdiriblər. Əlbəttə, xəstəxanaya yetişmədən qatil əllərdə ölənlər var və indiyə kimi bu canilərə, əsasən də onları qətliam icraçısı edən yuxarı rütbəlilərin heç birinə cinayət işi açılmayıb... 
İşkəncələrdən biri də su ilə olub: ya suda boğurmuşlar, ya da susuzluqdan yandırırmışlar.
İşkəncə çetesini müdafiə edən doktor-polkovnik deyir: ağır vəziyyətdə olan yüzlərlə adama təcili su verilməsini təmin etdim. Müxbir soruşur: 
- Bəyəm susuz idilər? 
- Bəli, uzun müddət susuz saxlanmışdılar... 
Demək, ən dəhşətli - dilə gələn, gəlməyən işkəncələrdən əlavə həm də susuz saxlayıb yandırırmışlar...
Yadıma Rəsulzadə ailəsinin sürgünü düşdü... 
Gözümün qarşısında belə bir tablo qalıb: bolşevik qatillər əsirləri   qatarla quru çöllərə sürürlər... ac-susuz... günlərlə davam edən susuzluqdan  sonra boz çöllərin ortasında qatar dayanır, əsirlər düşürülür və yaxınlıqdakı quyudan su içməyə izin verilir...  Yanmış, ləhləmiş, suya tamarzı adamlar doyunca su içirlər... və günlərlə susuzluq çəkmiş bu  bədbəxtlərin bir çoxu partlamaya düşüb elə oradaca, yaxınlarının gözü qarşısında can verir... o partlamaya düşüb səhralarda can verənlərin  arasında Rəsulzadə ailəsindən olan gənc bir qız da varmış...
Polkovnik-doktor müsahibəsində susuzluqla da işkəncə verilmiş yüzlərlə hərbi qulluqçumuza xəstəxanada  su verilməsi haqda göstəriş verdiyini dəfələrlə söyləyir... mənim fikrim isə otuzuncu illərdə bolşevik-daşnakların törətdiyi qətliamlara, işkəncələrə, meydan sulayan nifrətə, kinə, intiqama gedir... 
Bu tarixi cinayətin arxasında duranları müdafiə edən polkovnik-doktorun sözləri və danışdıqca az qala hər kəlməbaşı çəkdiyi dərin ahlar o gündən bəri qulaqlarımda səslənir... 
Düşünürəm... görəsən, əskərimizi nə qədər, nə müddətdə susuz saxlayıblar? Ölüm ayağında xəstəxanaya çatdırdıqdan sonra  nə qədər su veriblər? Uzun müddət susuz qalmış birinin doyunca su içməsi, sudan doymaması təbiidir. Əcəba, içilən suyun miqdarına nəzarət edən olubmu? Yoxsa bu da işkəncənin davamı idi? Partlamaya salmaqla ölümə sürükləmək idi? 

20-ci, 30-cu illərdə bolşevik-daşnak qatillər millətimizdən Cümhuriyyətin intiqamını alırdı. Bizlərə olan kin-kidurətləri hüdudsuz idi. Nələr törətdikləri bəlli. O vaxt həm də bəlli idi ki, düşmən əlinə düşmüşük. Bəs bu gün baş verənlərin adı nədir???
"Tərtər işi" adlı cinayyət külliyəsinin müəllifləri - yüksək vəzifələrə yerləşdirilmiş, hüdudsuz səlahiyyət verilmiş qatil çetesi... sizlər nəyin peşindəsiniz? Kimsiniz? Hansı intiqmınızı alırsınız döyüşçümüzdən?
Bizlərə bu qədər qəsdi, qərəzi, nifrəti olan, intiqamdan ürəyi soyumayan bu cani kütləsini dövlətin təpəsinə kim yerləşdirib? 
Vətənimizi - əskərimizi bu nifrət çetesinin caynağına kim verib? 
Kim???
Mehriban Vəzir

Xudaferin.eu

12:24