Tərzim deyil!

Tərzim deyil!... Özünüz də görəcəksiniz ki, tərzim deyil... Amma yazıram...
    Mənə irad bildirənlərin xatirinə... Deyirlər ki, qəmli, kədərli yazılar yazıram, hətta sonacan oxuya bilmirik...
    Neyləyim, mən də oxşamışam oxşamışlarıma... Füzuliyə əl aparıram, qəm gətirirəm... Nəsimi üsyankarlıq öyrətdi... Mirzə Cəlil, Sabir də etiraz etməyi... Gərək Vaqifə oxşayaydım ("Görmədim" istisna)... Oxşaya bilmədim... Hər nə isə, məndən nikbin yazı gözləyənlərin şərəfinə!... Bura bir möhtəşəm "sağlıq" yazaram olar bitər... Bəyənməsəniz də olar...
    Yazının da adını belə düşündüm:

                                   Sağlıq!
    
    Qurbanəli bəyin sağlığı!...
    "Ay xanım, mən istəyirəm, sənin sağlığına içim!
    Xanımın sağlığına!
    Mən özümü bu gün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eyləməsin. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim...
    Ondan ötrü ki,bilmirəm,nədəndirsə,keçən pristavları mən o qədər istəməzdim ki, M.Pavloviçi istəyirəm...
    İçirəm mən sizin sağlığınıza, ay xanim, urra!... Mən istəyirəm ki, sizə qulluq eləyim, mən istəyirəm ki, sizə nökərçilik eləyim...
    Anna İvanovna, qurban olsun sənə mənim canım!... Nə qədər ki mən sağam... sənə nökərəm, ay xanım!..."
    Və... bu "abrazavolski" bəyin öz xalqına dediyi "sağlıq" da budur : "Ədə, Kəblə Qasım, heyvan oğlu heyvan, sən niyə yallı getmirsən?... Yapış, heyvan balası, heyvan! Yoxsa, vallah, səni döyə-döyə öldürərəm! Bu xəncəri soxaram sənin qarnına.
   Mənim nökərim Kəblə Qasım lap biqeyrətdi!"
   
   Yazıqlar olsun! Yazıqlar olsun ki, bu "sağlıqlar" indi də deyilməkdədir...
   Qələm məni başqa səmtə çəkməmiş, yazını bitirsəm, yaxşı olar...
   

    Məndən də Mirzə Cəlilə bir sağlıq: Böyük ustad, Allah sənə rəhmət eləsin! Nə qədər ki, mən sağam, Mirzə, ölənə kimi ruhunun əsiriyəm!

    Tərtərdən sayğı və sağlıqlarla...

Xudaferin.eu

22:17