Türk dilini bilməyənlər işdən azad olunacaq

“Türk dilini bilməyənlər işdən azad olunacaq”
 Bu, ADR dövründə DİN naziri olmuş Behbud bəy Cavanşirin tələbi idi.
  Behbud bəy Cavanşir (sənədlərdə  Behbud xan da yazılır) Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər Naziri olub. O, türkcü və milliyyətçi idi. Öz xalqının mədəniyyətini, ənənəsini və xüsusən də dilini çox sevirdi. 
  Behbud xan Cavanşir 24 iyul 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub. 

  Maraqlı həm də burasıdır ki, o, Tiflisdə Stepan Şaumyanla (bu ad sizə yaxşı tanışdır!)  səkkiz il bir sinifdə oxuyub. Behbud bəy Almaniyayada  Frayberq Texniki Universitetinə daxil olmuş, oranı 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə bitirmişdir. Alman dilini mükəmməl bilən Behbud bəy ingilis dilini öyrənmək üçün Londona gedib, 1907-ci ildə vətənə qayıdıb, neft neft sənayesində çalışmağa başlayıb.
  Dediyimiz kimi, o, 1818- ci ildə DİN naziri olub. 1921-ci ildə İstanbulda erməni terrorist Mişak Torlakyan tərəfindən qətlə yetirilib. Qatilə əvvəlcə ölüm hökmü kəsilsə də, sonra o “gizli” əllərin hesabına azadlığa çıxmışdır. (Onun qatilinin cəzalandırılması üçün həmin dövrdə Türkiyəyə təzəcə gəlmiş Şəfi bəy Rüstəmbəyli əlindən gələni əsirgəməmişdi. Bu, həmin Şəfi bəydir ki, Cümhuriyyət süqut edərkən hönkür-hönkür ağlamışdır. Bu, həmin Şəfi bəydir ki,  cəmi 25 yaşı olarkən “Azərbaycan” qəzetinin redaktoru idi...)

  Behbud bəy Cavanşir alman, ingilis və rus dillərini mükəmməl bilsə də, öz dilinin vurğunu idi. Məsələ burasında idi ki,  ADR–in ilk vaxtlarında bütün idarə və müəssisələrdə sənədləşmələr rusca aparılırdı. Həmin dövrdə DİN naziri olmuş Behbud bəy Cavanşir belə bir tələb irəli sürmüşdü: “Türk dilini, yəni dövlət dilini bilməyənlər işdən azad olunacaq”. 
P.S.
  Aradan yüz il keçib. İndi idarə və müəssisələrdə sənədləşmələr doğma dilimizdə aparılır. Amma təəssüf ki, hələ də öz ana  dilinə xor baxanlar az deyil.

Firuz Mustafa

Xudaferin.eu

05:59