Türkmənistanda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105 illiyi münasibətilə Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Aşqabadda rəsmi qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev, Türkmənistanda fəaliyyət göstərən xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri və yüksək vəzifəli əməkdaşları, soydaşlarımız, yerli və xarici medianın, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Türkmənistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən səfir Həsən Zeynalov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdiyini, bu mühüm tarixi hadisənin xalqımızın müstəqillik arzusunun ifadəsi və milli Azərbaycan dövlətçiliyinin təməli olduğunu bildirib. Azərbaycan Xalq Cümhuriyyətində aparılan siyasi-hüquqi islahatların o dövr üçün inqilabi xarakter daşıdığını diqqətə çatdıran səfir qadınlara seçki hüququnun, milli, dini və siyasi mənsubiyyət fərqi qoyulmadan bütün vətəndaşlara bərabər hüquqların verilməsinin öz dövrünü xeyli qabaqlayan addımlar olduğunu vurğulayıb.

Ermənistanın 30 illik işğalına son qoyulduğunu və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın Qarabağı azad etdiyini xatırladan diplomat vurğulayıb ki, hazırda Azərbaycan hökuməti işğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlər üçün infrastruktur yaradılması istiqamətində böyük işlər görür.

Azərbaycan ilə Türkmənistanın qardaşlıq münasibətlərinə toxunan səfir ölkə rəhbərlərinin məqsədyönlü siyasəti nəticəsində dövlətlərimizin strateji tərəfdaşa çevrildiyini vurğulayıb. O, ölkələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, ilk növbədə, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Səfirin sözlərinə görə, tarixi, dil və mədəni əlaqələr, eyni soykökünə mənsub olmağımız xalqlarımızı daha sıx bağlayır və bu amil əməkdaşlığın daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır.

Daha sonra çıxış edən Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbrikini çatdırıb. Türkmənistanla Azərbaycanı keçmişdən gələn dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini deyən qonaq bu əlaqələrin iki qardaş xalqın əsrlər boyu formalaşmış tarixi-mədəni yaxınlığı ilə sıx bağlı olduğunu qeyd edib. Deyib ki, iki qardaş xalqın zəngin mədəni və mənəvi irsi bu gün ölkələrimiz arasındakı əməkdaşlığın inkişafı üçün etibarlı əsasdır.

Dövlət rəhbərlərinin siyasi, iqtisadi, ticarət, eləcə də humanitar sahələrdə yüksək səviyyədə qurulmuş dövlətlərarası əlaqələrin inkişafı üçün böyük səylər göstərdiklərini qeyd edən Batır Atdayev münasibətlərin səmimi xarakter daşıdığını vurğulayıb.

Türkmənistanın və Azərbaycanın zəngin təbii sərvətlərə, o cümlədən nəhəng karbohidrogen ehtiyatlarına malik olduğunu, bunun isə səmərəli münasibətlər üçün geniş imkanlar yaratdığını bildirən qonaq ölkələrimizin enerji, nəqliyyat və logistika, aqrar sənaye, toxuculuq sənayesi kimi sahələrdə böyük imkanlarının olduğuna toxunub.

Bildirilib ki, hər iki dövlət Asiya və Avropanın kəsişməsində, strateji cəhətdən əhəmiyyətli coğrafi məkanda yerləşir. Bu mövqe irimiqyaslı beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında, tranzit-nəqliyyat sahəsində sıx əməkdaşlığa imkan verir. Hazırda beynəlxalq əhəmiyyətli əsas nəqliyyat qovşağı kimi Xəzər regionunun mövqeyi getdikcə artır. Bu baxımdan Türkmənistan-Azərbaycan əməkdaşlığının strateji perspektivi vardır.

Çıxışlardan sonra tədbir iştirakçılarına verilən ziyafətdə Türkmənistan dövlət simfonik orkestrinin ifasında Azərbaycan və türkmən bəstəkarlarının əsərləri səsləndirilib və böyük rəğbətlə qarşılanıb.

Xudaferin.eu


 

23:16