Üç səmavi din zəvvarlarının ziyarətgah yeri

Əmir Teymur Səmərqəndi özü bəsləmiş, özü böyütmüşdü. O, Səmərqəndlə öyünürdü, yapıları ilə qürur duyurdu; “Səmərqəndi dünyanın ən gülşən şəhərlərindən biri etdim”, - deyə yazırdı. Dünyanın gözü sayılan Şirazda 7 məscid olduğu halda mənim Səmərqəndimdə 200-dən artıq məscid, mədrəsə var. Hər məscidin iki, üç və ya dörd güldəstəsi (başı bəzəkli minarəsi) var. Hər günbəzin başında qızılay həkk olunub. Səmərqəndin girəcəyinə çatanda bağlardan, bağçalardan gələn qızılgül ətri cənnəti xatırladır.

Əmir Səmərqənddə ucu-bucağı görünməyən bağlar saldırdı. Məşhur ispan səfir Klavixo səhraları keçərək, toza-torpağa bulaşmış, yorğun-arğın, uzaqdan Səmərqəndi görəndə heyrətə düşmüş və yazmışdı: “Burada o qədər bağlar və üzümlüklər var ki, yaxınlaşdıqca gözəl bir mənzərə - bir-birindən uca ağacların, sıx meşələrin arxasından birdən-birə Səmərqəndin özünü görürsən”.

Səmərqəndin ətrafında 13 bağ salınmışdı. Bu bağların ən böyüyü Bağicahan idi. Bağicahanın ənginliyini təsəvvür etmək üçün bir dediyimizi bir də deyək: salnamələr yazır, memarın o bağda itən atı yalnız bir ay sonra tapılmışdı.

Əmirin bağları 240 km məsafəni əhatə edir və Səmərqəndin başına dolanırdı. Bu bağların hamısı “çaar bağ”, yəni “dörd bağ” adlı sistemlə qurulmuşdu: güllü bağ, meyvə bağı, dekorativ bağ və bostan.

Əmir Teymur başkəndini sevirdi və durmadan abadlaşdırırdı. Dünyanın xəzinələri Səmərqəndin küçələrinə döşənirdi. Tutduğu ölkələrin ünlü memarları, mühəndislərı, rəssamları, nəqqaşları, xəttatları, hər peşənin ustalar Səmərqəndə gətirilirdi. Əsirlər, qullar gecə gündüz daş yonurdu. İnşaatlardan qalxan toz dumanı şəhəri boğmasın deyə, yaşıllıq da durmadan artırılırdı.

Nəhəng tilikiləri rütubət yeməsin deyə hər məscidin, mədrəsənin, sarayın, imarətin, karvansaranın həyətində hovuzlar çapılır, yeraltı sular bir araya gətirilir, həm də bu sulardan istifadə edilirdi. Günəşin yeri dəyişdikcə bu hovuzlar gah göyün mavi rəngini, gah da ətrafdakı ağacların yaşılını alır, bu da Səmərqəndə mavi-yaşıl büsat verirdi.

Əmir Səmərqəndi silahla qoruyub, altunla bəslədiyi kimi yaşıllığın salınması, suların yığılması, ticarətin, gömrüyün əngəlsizliyi ilə də mühafizə edirdi. Gələn-gedən karvanlar Mavərənnəhri damarda qan kimi dolaşır, bu cana durmadan həyat verirdi.

Bir fransız səyyah yazırdı: “Səmərqəndin özü də, torpaqları da bolluq içindədir. Çörək kimi şərab da, ət də, hər növ quş da çox ucuz qiymətədir. Qoyunlar elə kökdür, hər birinin quyruğu iyirmi funt gələr, birini bir adam əlində tuta bilməz. Burada çörək hədsiz ucuzdur, düyü boldur. Buna görə də onu səmər, yəni şəkər və bolluq mənasında kənd, yəni bolluq olan şəhər adlandırırlar. Bu şəhərdə ipək, yun, dəri, daş-qaş, qızıl gümüş boldur. Bunlardan ən gözəl əşyalar hazırlanır”.

Əlbəttə, Əmir yalnız quruculuqla məşğul olmurdu. Onun yer üzündən sildiyi, tar-mar etdiyi qalaların, şəhərlərin, məbədlərin də adı bəllidir. Asi düşmüş, Əmirə üsyan etmiş vilayəti - qədim və abad Ürgənci hamarlayıb yerində arpa əkdiyi salnamələrin yaddaşındadır. Əmir Ürgənci elə günə qoydu ki, o məkan o tarixdən bu yana bir daha yaşamalı yer olmadı. Ürgəncin sağ qalan əhalisi köçüb xeyli aralıda yeni Ürgənc saldılar. Köhnə Ürgənc gözdağı kimi qaldı. İndi köhnə Ürgənc Türkmənistanın ərazisindədir, elə yerli şivə ilə Konə Ürgənc adlanır. Yeni Ürgənc isə sovet qayçısının ağzında Özbəkistanın ərazisinə düşüb. Yeni Ürgəncdən köhnə Ürgəncə getmək üçün viza lazımdır. İşdə, tarixin bir başqa istehzası.

... Əmir Teymur Səmərqəndi hətta mistik yollarla qoruyurdu. Bilgələr deyir, Davud Peyğəmbərin bərəkət və mühafizə gücü var. Onun məzarı və ya nişanələri harada olarsa o yer gündən-günə çiçəklənər, böyüyər, abadlaşar. O yerdə bolluq, bərəkət, barış olar. Yoluxucu xəstəliklər, qıtlıq, aclıq, susuzluq, asilik o məkana ayaq açmaz.

Günlərin bir günü Əmir Teymurun görəvliləri Davud Peyğəmbərin məzarına yollanır. Davudun qəbrini dağıdılıb başına buraxılmış bulurlar. Cahillər burada xəzinə axtarmış, məzarı alt-üst etmişlər. Məzar abadlaşdırılır, üstündə məqbərə tikilir. Bundan sonra Davudun məzardan kənara atılmış qolunu torpaq qarışıq bir tabuta yığıb Səmərqəndə gətirirlər. Karvan uzun bir yol gəlir, yol boyu Davudun nəşindən olan bu əza böyüyür. O qədər böyüyür ki, get-gedə ağırlaşan bu yükü dəvə daşıya bilmir, Səmərqəndə çathaçatda dizləri çökür.

Dəvənin çökdüyü o yer Əfrasiyab şəhərinin bir vaxtlar abad olmuş, indi yalınçaq qalmış bir yamacı - Səmərqəndin girəcəyi idi. Bilgələr məsləhət edirlər ki, Davud Peyğmbərin müqəddəs nişanəsi elə burada, dəvənin çökdüyü yerdə dəfn edilsin. İri bir qəbir, dünyanın ən uzun məzarlarından biri qazılır. Zaman keçdikcə məzar bir az da uzanır və hər taxta çıxan hökmdar Səmərqənddən bəla qaytaran Davud Peyğəmbərə sayqı olaraq məzarı böyüdür. Hazırda bu məzarın uzunluğu 18 metrdir. İnanca görə, yer üzündə yeddi belə məzar varmış, onlar böyüməkdədirlər. O yeddi məzar böyüyüb bir-birinə yetişəndə qiyamət qopacaq.

Əlbəttə, Əmir Teymuru işin qiyamət tərəfi deyil, səltənət tərəfi düşündürürdü. O, Səmərqəndin girəcəyini peyğəmbər nəşi ilə də mühafizəyə alır, abadlığını, bolluğunu, bərəkətini - gözəl həyatını hər yolla, elə mistika ilə də himayə edirdi. Əmir hərbi yürüşlərdən hər dəfə qələbə ilə Səmərqəndinə dönərkən ilk qədəm qoyduğu məkanlardan biri də buradır - yerli dillə, “Hoja Doniyor” ziyarətgahı - Davud Peyğmbərin məqbərəsi.

Burada qayalıqda əcaib qol-budaq atmış badam ağacı var. Niyyət ağacıdır. Ona toxunmaq, dilək bağı bağlamaq, niyyətlərin hasil olacağına inanmaq adətdəndir. Deyirlər, o ağacın tumu Davudun əzası ilə birgə gətirilən torpağın içində gəlibmiş. Yerə düşüb və göyərib. Bir gün də böyüyüb ağac olub. Bir vaxtlar bar da verib. Sonra quruyub. İllər öncə rus patriarx I Aleksiy badamın quruduğunu eşidərək buraya gəlib. Ağaca dirilik suyu çiləyib, ayinlər icra edib.

Həmin yaz möcüzə baş verib: ağac yarpaqlayıb. Artıq necə ildir badam ağacı hər bahar yaşıl don geyinir, biz də onu bu bahar yaşıl donda gördük. Amma hələ bəhrə vermir. Lakin əmindirlər ki, mütləq bir gün bar gətirəcək. Yamacın altında bir bulaq da var, şəfa suyudur, deyirlər. Bu bulaq Davud Peyğəmbərdən sonra peyda olduğu üçün onun adına bağlanır.

15-ci əsrdən bu yana və indi də bu yer - bu Hoja Doniyor məqamı üç səmavi din zəvvarlarının əziz ziyarətgahıdır.

... Bu ziyarətgahda qadın çoxdur. Ümumiyyətlə, belə yerlərdə, xan-atlas adlı məşhur özbək ipəyindən milli əlbissələr geyinmiş gənc qadınlar sıx-sıx gözə dəyir. Onlar öz parlaq əyin-başları ilə diqqəti çəkirlər; xan-atlasdan şalvar, üstündən paltar, onun da üstündən arxalıq, naziktənli, belləri kəmərli... sədəflə, muncuqla bəzənmiş, lələklər sancılmış araxçınlar, zinət dolu boyun-boğaz... pelpazə kimi sırğalar... demə görməmişəm... film kimi. Maraqlandım, dedilər, təzə gəlinlərdi. Yerli adətlərə görə təzə gəlin qırx gün belə geyimlə evdən çıxmalı, xüsusilə, bəzəkli araxçını başından çıxarmamalıymış.

Bu yerdə bu özbək ipəyinin tarixçəsi yadıma düşür. E70 yaşlı xan yenidən evlənmək eşqinə düşür. Seçir, sonalayır, ipəkçi kişinin 15 yaşlı gözəl qızını bəyənir. Deyir, gedin, alın, gətirin. Qızın atası qoca xanın fikrindən xəbər tutanda yer-göy başına daralır. Durub xanın hüzuruna gəlir, yalvarıb yaxarıb deyir, ey, böyük xan, sən gəl bu işdən əl götür, qızım uşaqdı hələ. Xan ipəkçiyə etiraz edir. Deyir, ipəkçi, gəl sən yalan danışma, sənin qızın uşaq deyil, bilirəm, onun artıq 15 yaşı var. İpəkçi sızlıyır, sıtqıyır, hətta göz yaşı tökür.

Axırda xan onun bu dillərindən bezib deyir, yaxşı, amma bir şərtlə, sənə sabaha kimi vaxt verirəm, get, sabah bu vaxt mənə elə bir şey gətir ki, heç yerdə olmasın, gözəlliyi ilə görəni valeh etsin. Yalnız o vaxt bu işdən əl çəkərəm.

İpəkçi kor-peşman evə qayıdır, qəm-qüssədən üzülmüş, beli bükülmüşdü. Evinin böyründən axan çayın qırağında oturub dərd çəkir, qəm yeyirdi. Axı o, xanı nə ilə təəccübləndirə bilər? Olanı-olmazı karxanasında bir-birindən gözəl ipəklərdi, amma bunların hamısından bazarda var. Xan isə heç yerdə görmədiyini görmək istəyir. İpəkçi başını nə qədər sındırsa da, ağlına heç nə gəlmir. Üzünü göylərə tutur, kömək istəyir, göylər susur. Üzünü dağlara, daşlara, ağaclara, yarpaqlara, sulara tutur, gözünə nə görünürsə hamısına yalvarıb imdad deyir. Yenə heç bir cavab gəlmir. İpəkçi bu minvalla, dərd-qəm içində, axşam düşənə kimi suyun kənarında qalır, pərişan-pərişan götür-qoy edir. Heç bir çarə tapmır. Artıq axşam düşür, Günəş də yavaş-yavaş qüruba enirdi.

İpəkçi dalğın-dalğın sulara baxırdı. Günəşin şüaları suya düşüb al-əlvan rəng almışdı. Şəfəqlər suda axır, boyalar qarışır, beləcə, bir-birinə süzülən rənglər ipəkçinin ömrü boyu görmədiyi bir naxış yaradırdı. İpəkçi heyrətlə yerindən atılır, gördüyü bu ecazkar naxışlara, Günəş şəfəqləri ilə axar suyun bir-birini yarıb aparmasına baxır. Bu gözəlliyi ipəyə həkk etmək üçün bir an yubanmadan karxanaya götürülür. Səhərə kimi gözünü yummadan, nəfəsini dərmədən, Günəş şəfəqləri ilə suların bir-birinə sürülərək yaratdığı o gözəlliyi ipəyə həkk edir.

Səhər açılanda ipəkçi atlası götürüb saraya gedir, ipəyi qoynundan çıxarıb süfrə kimi xanın qarşısında açır. Xan bir atlasa, bir ipəkçiyə baxır. “Bu nədi belə, bunu sən necə etdin, bu nə gözəllikdi”, - deyə heyrət içində səslənir. Xan ipəkçinin indiyə kimi heç yerdə rast gəlmədiyi bu qəribə naxışlı atlasını çox bəyənir. Sevdasından vaz keçir. O vaxtdan isə bu ipəyin adı xan-atlas qalır.

Beləcə, xan-atlaslı gözəllər Hoca Doniyorun məqamında Tanrıdan mühafizə istəyirdilər. Mən də onlara qoşuldum. Həm o gözəllərə, həm bizim gözəllərə Allahın hifzini dilədim.

Mehriban Vəzir
Musavat.com

13:41