Urusun kralı gəlsin, ona tarixindən, ədəbiyyatından dərs keçim...

Rusiya!...Urset deyibən ayrıla bilmədiyimiz, Urset deyibən qurtula bilmədiyimiz bir "postsovet məkanı"... Urset deyib yollarına düşən, pul qazanmağa gedib oralarda "ilişən" kişilərin "sevgili" ölkəsi... Ursetdən yollanan beş-on manata "nemət" kimi baxıb "aaz, urset olmasa acından qırılarıq" deyən bəzi qadınlarımızın "çörək ağacı"- Urset!... Övladlarına "pul göndərəcəm" deyib qeyb olan, onları gözü yolda qoyan, təhsil haqqı ucbatından məktəbləri tərk edən uşaqların atalarının yalan dünyası ölkə— Urset !

Şabanın filmlərindəki kimi, pul qazanmaq istəyirsən?— Gir rinqə, özünü boş saxla, qoy səni vursunlar... nokauta düş, sonra ayıl haqqını al, get. Bax beləcə biz də boş dayanmışıq, zərbə üstündən zərbə... nokaut... Sürünüb bir təhər dikələndə yenə zərbə!... Biz niyə boş dayanırıq ki?

"Sovetin vaxtı", "Urusun zamanı" deyib vaxtımızı və zamanımızı işğal edənlər. Qızları bəh-bəhlə "Urset oğlanına" ərə verib sonradan peşman olan ata-anaların yalan Rusiyası!... Başımızı yarıb ətəyimizə qoz tökənlər. Bakıya enən təyyarələrin üstünə adam, altına tabut yükləyən Urset! Hərdən elə bilirəm ki, M.Qorkinin " Şahın nəğməsi" ndəki kimi Azərbaycan ox dəymiş kimi yaralı düşüb Xəzərin sahilinə və Urset deyilən "xaki – məzəllət" də koramal kimi sürünür ona tərəf və "umirayeş?"— deyə fısıldayır...

Bakıda ən duzsuz, təkəbbürlü bina Rus səfirliyinin binasıdır. Sanki Bakının ortasına yekə bir "soyuq silah" qoyublar, o da "öldürərəm, asaram, kəsərəm!"— deyir.

Bu arada lütfən, mənə Şukşini, Vısotskini, Yevtusenkonu xatırlatmayın.Urusun kralı gəlsin, ona tarixindən, ədəbiyyatından, musiqisindən, rəssamından dərs keçim. (Burda qarabağlılığım tutdu, bir az yekə-yekə danışdım...)

Bütün bu qəzəbimə su səpəcək bir şeylər də tapıram.

2012-ci il №3 "Agac" tərcümə dergisində Tomas de Vaalin "Postsovet məkanı" adlı Namiq Hüseynlinin tərcüməsində bir yazısı var ("Foreign Policy" jurnalı, ABŞ)

"İyirmi il bundan əvvəl sovet ittifaqının parçalanmasından on beş yeni respublika-monolitin qeyri-bərabər parçaları əmələ gəldi. Umumi tarix on beş yerə bölündü... Etiraf etməliyik ki, qərb şərhçiləri bu ölkələrdə nə baş verəcəyini əvvəlcədən demək və izah etmək gücündə deyillər... Onların bir böhrandan o birinə keçməkləri... Qeyri-sabitlik şəraitini qavraya bilmək olduqca çətindir... Putin və onun politoloqları üçün yararlı olacaq bir-iki yaxşı qurulmuş model tapa bildimsə də bu modellər mənim görüşümdə cəmiyyətin yaşayışı üçün yaxşı heç nə vəd etmir... Əksər keçmiş Sovet İttifaqı ölkələri dünyada... İki yüz illik Rus mütləqiyyətinin varisləridir.

Rusyanın feodalizm və hakimiyyətin fərdiləşdirilməsi vərdişindən hələ də xilas ola bilməməsi onun üçün böyük yükə çevrilib... Son illər isə Putin "şaquli hakimiyyət" adlandırılan layihəsini irəli sürərək postsovet dövrü üçün yeni qablaşdırmada köhnə sistemi təqdim etdi... Rusiya üzr mütəxəssis Sem Qrinin dediyi kimi "Rusların aciz olması haqqında geniş yayılmış bir mif var. Əslində isə belə deyil, Ruslar ləng tərpnən aqressivlərdir". Yəni demək istəyir ki, Ruslar təbiətcə mühafizəkar insanlardır... Diqqətlərini sağ qalmaq strategiyaları üzərində toplamağı və riskli addımlar atmamağı üstün tuturlar..."

Bu yazının siyasi tərəfi məni o qədər də cəlb etmədi. Cəlbedici orası idi ki, Tomas de Vaal təhlil etdiyi ölkələrə ədəbiyyatın gözü ilə nəzər salır. Məs, Rusiyaya Qoqolun "Müfəttiş" komediyası ilə yanaşır, Ukraniyanı Çexovun "Albalı bağı", Gürcüstanı isə Dostoyevskinin "Karamazov qardaşları" əsərindən çıxış edərək şərh etmək istəmişdir.

Sonra da deyirlər ki, siyasətə qarışmayın!...

Xudaferin.eu

14:03