“Vikipediya”da özbək dilində “Zəngəzur dəhlizi” adlı yeni bölmə yaradılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası, Naxçıvanı Türkiyə ilə, Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən “Zəngəzur dəhlizi” adlı özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə qeyd olunur ki, Zəngəzur dəhlizi Tərtər və Arpa çaylarının yuxarı axarlarından Araz çayınadək gedib çıxır, uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 metr olan dağ silsiləsi bütün Zəngəzur mahalı boyu uzanır.

Bildirilir ki, Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ savaşında əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatda təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yarandığı vurğulanır.

Orada Zəngəzur dəhlizinin təməlinin qoyulması, habelə dəhlizlə bağlı məlumatların dünya mətbuatında öz əksini tapması xüsusi işıqlandırılır.

Bölmədə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanması, ticarət-iqtisadi münasibətlərlə bağlı məsələlər, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycanı Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda bütün ölkələr arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər, habelə fotoşəkillər yer alıb.

“İqtisadi üstünlüklər” adlı bölmədə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması qeyd olunub.

Bölmədə 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı və bu barədə fotoşəkillər verilir.

Bundan başqa, bölmədə Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziyasına müsahibəsi və Zəngəzur dəhlizinə dair fikirləri əks olunub.

Qulu Kəngərli

Xudaferin.eu

15:21