Vətən müharibəsinin salnaməsi: 28 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

​Xudaferin.eu AZƏRTAC -a istinadən 44-cü günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 2-ci günü

• BMT-nin Baş katibi Antonio Quterreş ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

• Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusunun üç silah-sursat anbarı, çoxsaylı texnikası və 550-dən çox canlı qüvvəsi məhv edilib.

• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib.

• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.

Xudaferin.eu

16:30