Vətən müharibəsinin xronikası: 31 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Xudaferin.eu AZƏRTAC-a istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 35-ci günü

• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

• Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib.

• Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

• Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Xudaferin.eu


 

17:46