Vəzir nəvəsinin tərs dövranı – 10 il öncə yazılan yazı

Bu yazı 10 il öncə yazılıb və bu gün 91 yaşında vəfat edən Əbdürrəhman Vəzirova həsr edilib. Vəzirov kim idi, nəçiydi, necə adam idi, nə istəyirdi, düşünürdü - əməkdaşımız Xalid Kazımlının qələmə aldığı bu yazıda onun şəxsiyyəti ilə bağlı epziodlar təsbitlər yer alıb. Məqaləni yenidən oxuculara təqdim edirik.

***

Əbdülrəhman Vəzirov barədə yazıya keçməzdən öncə bu silsilədən olan və Kamran Bağırova həsr olunan birinci yazıyla bağlı bir neçə qeyd etmək gərəkdir. Oxuculardan gələn düzəliş xarakterli zənglərdə bildirilirdi ki, K.Bağırov heç də şuşalı deyil, o, Ermənistanın Sisyan rayonundandır (amma nəyə görəsə rəsmi sənədlərdə Şuşada doğulduğu göstərilib). Qeyd olunur ki, K.Bağırov Sumqayıtda birinci katib işlədikdən sonra MK-ya aparılıb, daha sonra MK-nın birinci katibi təyin edilib.

Daha bir qeyd isə ondan ibarətdir ki, K.Bağırovun dəfni təmtəraqsız olub, dövlət adamlarından heç kəs iştirak etməyib. Mərhumun məzarı üstündə müxalifət liderləri çıxış edib.

***

1988-ci ilin may ayının üçüncü ongünlüyü idi. Qarabağ münaqişəsinin oyandırdığı və hələ tam mütəşəkkil olmasa da, ziyalılar və tələbələr səviyyəsində ayağa qaldırdığı xalq Lenin (indiki Azadlıq) meydanına toplaşmışdı. Bu gün xalq öz yeni rəhbəri ilə görüşəcəkdi. Əbdülrəhman Vəzirovu may ayının 21-də Kamran Bağırovun yerinə - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin eləmişdilər. Kreml onu - o vaxta qədər Pakistanda səfir vəzifəsində işləyən köhnə kompartiya xadimini bu posta məsləhət bilmişdi.

Без названия (1).jpg (8 KB)

Xalqın qarşısın(d)a sadə çıxış

Əbdülrəhman Vəzirov Lenin meydanının tribunasına Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Süleyman Tatlıyevin, Nazirlər Sovetinin sədri Həsən Seyidovun, MK katiblərinin, büro üzvlərinin müşayiəti ilə gəldi. Bu bəstəboy və gülərüz adam ətrafındakılardan həm də onunla fərqlənirdi ki, qalstuk taxmamışdı. Adi kostyumda, boyunluğu açıq köynəkdə xalqın qarşısına çıxan Vəzirov bununla xalqa onlardan biri olduğu barədə mesaj vermək istəyirdi, yəqin ki. Ertəsi gün ölkədə hamı bu barədə danışırdı.

Həmin gün meydanda minlərlə adamın qarşısında ana dilində o qədər də səlis danışa bilmədiyi (uzun illər azərbaycanlı görməyən Vəzirov ana dilində danışmağı yadırğamışdı) açıq-aşkar sezilən yeni birinci katib sadə bir dillə “illərlə yığılıb qalmış problemlərdən”, “ekoloji vəziyyətin ağırlığı”ndan, “göstəricilərin süni şəkildə şişirdilməsindən”, “ölkədə tüğyan edən haqsızlıq”dan, “xalqlar dostluğu”ndan danışdı. O, arada Süleyman Tatlıyevə tərəf dönərək onu “ölkəmizin prezidenti” adlandırdı və işarə etdi ki, əslində, qanuna qalsa, ölkənin başçısı odur, özü isə partiya xətti ilə rəhbərdir. Bu, həm də ona işarə idi ki, yeni birinci katib heç də bütün hakimiyyəti öz əlinə cəmləməyəcək, qanunverici orqan öz işi ilə, icraedici orqan isə öz fəaliyyəti ilə məşğul olacaq.

Xalq bir qədər rahat nəfəs aldı. Respublikanın qanunlar əsasında idarə olunacağına inam artdı. Buna qədər ermənilər Qarabağda, Stepanakertdə (indiki Xankəndi) at oynadır, ipə-sapa yatmırdılar, Azərbaycan rəhbərliyi isə məlul-müşkül şəkildə onlara və Moskvaya baxırdı. Camaat Vəzirovun respublikanın başına keçməsi ilə bütün bunlara son qoyulacağını, ən əsası ölkədə ədalətin, sülhün bərqərar olunacağını gözləyirdi.

54.jpg (56 KB)

Köhnə kişilər Vəzirovu çoxdan, onun SSRİ komsomolunda yüksək vəzifədə çalışdığı, Kirovabad (indiki Gəncə) şəhər partiya komitəsinin birinci katibi olduğu vaxtlardan tanıyırdılar. 1988-ci ilin mayında yaşlı adamlar onun enerjili, müasir, işgüzar olmasından danışırdılar. Şəhər başçısı olduğu vaxt onun Kirovabadda it gəzdirməsi və rus zabitlərin iştirak etdiyi ziyafətdə bal rəqsi oynaması da sözarası vurğulanırdı.

(Lap sonradan məlum oldu ki, Vəzirov bu sayaq həyat tərzini SSRİ komsomolunda yüksək vəzifə tutarkən əxz edib. O zaman o, bütün ittifaqın sevimlisi olan, ilk kosmonavt Yuri Qaqarinin ən yaxın dostu olub, onlar tez-tez birlikdə istirahət edirmişlər).

Kremldə müşavirə: Vəzirovun triumfu

Azərbaycan xalqının Vəzirova simpatiyası 1988-ci ilin iyununda Moskvada keçirilən azərbaycanlı-erməni görüşündən sonra yarandı. O zaman SSRİ rəhbəri Mixail Qorbaçovun təşəbbüsü ilə iki müttəfiq respublikanın yeni rəhbərlərinin, məşhur elm və ictimai xadimlərinin iştirakı ilə Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr olunmuş müşavirə təşkil olunmuşdu. Ermənistanın nümayəndə heyətinə, bir-iki ay öncə istefaya göndərilən Karen Dəmirçiyanın yerinə təyin olunmuş Suren Arutyunyan, Azərbaycanın nümayəndə heyətinə isə Ə.Vəzirov rəhbərlik edirdi.

518306.jpg (72 KB)

Həmin müşavirədə bariz şəkildə üzə çıxdı ki, erməni nümayəndəliyinin üzvləri çox fəaldırlar, azərbaycanlılar isə zəifdir. Erməni akademiklər, xüsusilə də Ambarsumyan qardaşları, rəssam İgityan Qorbaçovla söz güləşdirirdilər, bizim elm və ictimai xadimlər onların qarşısında gücsüz, dişsiz təsir bağışlayırdılar. Əvəzində Vəzirovla Arutyunyanın arasındakı fərq bariz şəkildə idi. Rus dilini əla bilən köhnə diplomat Vəzirov Arutyunyandan bir baş üstün görünürdü.

Həmin debat - duel Azərbaycan tərəfinin xeyrinə yekunlaşdı. Qorbaçov ermənilərə acıqlandı, 1945-ci ildə Ermənistanda, xüsusilə Yerevanda yaşayan azərbaycanlıların sayı ilə 1988-ci ilin statistikasını müqayisə etdi və dolayısı ilə ermənilərin etnik təmizləmə siyasəti apardıqlarına vurğu saldı, sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini qeyd etdi. Erməni nümayəndələri artıq müşavirənin sonunda çox pərt idilər, Azərbaycan tərəfi isə “birdən Qorbaçov Qarabağı ermənilərə verər” qorxusu ilə qatıldıqları müşavirədən məmnun çıxmışdılar.

Ondan sonra Vəzirov ta noyabra qədər ölkədə çox populyar, sevimli rəhbər oldu. Ermənilər Vəzirovu öz qara siyahılarının ilk sətrinə yazdılar, torpaq iddialarından vaz keçmədilər, yeni-yeni fitnələr fikirləşib həyata keçirdilər.

“Köhnə qvardiya”dan revanş almaq istəyənlər

Ölkədə nisbi sabitliyin yarandığı dövrdə Vəzirovun tərəfdarları, vaxtilə Heydər Əliyev dövründə incidilmiş, təqib edilmiş kadrlar fəallaşdılar və revanş zamanının yetişdiyini düşündülər. Vəzirov yavaş-yavaş öz komandasını formalaşdırır, köhnə qvardiyanın adamlarını istefaya göndərirdi. Bu, o qədər kütləvi xarakter daşımasa da, hər halda bir sıra önəmli idarəetmə rıçağı əliyevçilərin əlindən alınmışdı.
Əslində yeni iqtidar komandası Vəzirova əliyevçilərlə H.Əliyevin metodu ilə davranmağı, onların hamısını tam zərərsizləşdirməyi məsləhət görüb; amma o, buna heç vəchlə razı olmayıb və belə bir söz deyib: “Bilirəm, Azərbaycanı düzəltmək üçün türmələri doldurmaq lazımdır, amma mən bunu edə bilmərəm”.

Vəzirov bu sözü əvvəlcə ona lap uşaqlıqdan “Rəhman” deyən yaxınlarının evində, daha sonra yaxın dostlarının yanında deyib.

Bununla belə, hakimiyyətdən gedən kommunistlərlə hakimiyyətə, daha doğrusu, yüksək vəzifələrə gələn kommunistlərin arasında gizli toqquşmalar qaçılmaz idi və müxtəlif müstəvilərdə müntəzəm baş verirdi.

Anti-Vəzirov dalğasının başlanması

O zamanlar ölkədə çox məşhur olan “Literaturnaya qazeta”da publisist Arkadi Vaksberqin imzası ilə  irihəcmli və sensasion bir məqalə dərc olunmuşdu. Qısa müddət sonra bu məqalənin tərcüməsi “Kommunist” qəzetində də dərc edildi və Azərbaycanda böyük rezonans yaratdı. Bu, əliyevçilərə qarşı müharibə başlanması demək idi.

1988-ci ilin payızı ölkə daxilində və Qarabağda təlatümlərlə başladı. Vəzirovun köhnə qvardiyaya qarşı repressiyaya əl atmadığını, bu fikirdə olmadığını görən revanşist qüvvələr fəallaşdılar və xalqı həyəcanlandıran Qarabağ münaqişəsindən öz məqsədləri naminə sui-istifadə etməyə çalışdılar.

Ermənilərin Şuşada Topxana meşəsində ağac kəsmələrinə xalqın vətənpərvər kəsiminin verdiyi reaksiya Vəzirovu devirmək istəyənlərin canfəşanlığı ilə ölkə boyunca böyük ajiotaja səbəb oldu.

Bu faktorun nə qədər ciddi olduğu sonradan aydın oldu. Bir təhlükəsizlik zabiti şahidlik edir ki, 1988-ci ilin noyabrında o, Daşkənddə ezamiyyətdə olarkən oteldə bir tanınmış əliyevçi ilə eyni otaqda qalırmış və görüb ki, o, hər gün Bakıyla əlaqə saxlayır, mitinqə nə qədər adam çıxarıldığıyla maraqlanır. Zabit əvvəlcə güman edib ki, bu adam vətənpərvərdir, Qarabağ dərdi çəkir, sonra məlum olub ki, xeyr, bu şəxsi maraqlandıran yalnız odur ki, nə baş verir-versin, təki Vəzirov respublikadan qaçaq düşsün.
O dövrdə meydanda simvolik dar ağaclarının gətirilməsi və Vəzirovun edamla hədələnməsi boşuna deyildi.

Vəzirovla görüşməyin asanlığı

22.png (175 KB)

Meydan hərəkatı nə qədər çoxşaxəli, möhtəşəm, mürəkkəb olsa da, Vəzirov pəs etmirdi. Bunun bir neçə ciddi səbəbi vardı. Biri o idi ki, Moskva bütün hərbi-siyasi gücü ilə Vəzirovun arxasında idi. İkincisi, Vəzirov özünü xalqın sevimlisi sayır və düz yolda olduğunu düşünürdü. O, bütün qüvvələrlə dialoqa açıq idi. Vəzirov tez-tez xalqın qarşısına çıxır, çıxışlar edir, hətta ona qarşı kəskin müxalifətdə olan liderləri tərifləməkdən çəkinmirdi. Dövlət televiziyası xalq hərəkatının liderlərini təbliğ edirdi. Vəzirovun özü isə bir dəfə mitinqdə hərəkat liderlərinin soyadlarını milliləşdirərək bu cür səsləndirdi: “Siz Rəhim Qazini, Etibar Məmmədlini, Nemət Pənahlını tanıyırsınızmı?”

Meydan hərəkatından sonra ölkədə komendant saatı tətbiq olunduğu bir dövrdə dövlət televiziyasında canlı olaraq yayımlanan və aparıcısının bəstəkar Rasim Müzəffərli olduğu “Çay dəstgahı” adlı verilişə xalq hərəkatının liderlərindən İsa Qəmbər, Etibar Məmmədov və Pənah Hüseyn dəvət olunmuşdular. Onlar komendant saatı başlanana qədər xalq hərəkatının məqsəd və məramlarından, tələblərindən danışdılar.

556.png (376 KB)

Hazırda hərəkat liderlərinin xatirələrində tez-tez belə cümlələrə rast gəlmək olar. “Durdum, getdim MK-ya, Vəzirovla görüşdüm, ona dedim ki”; “Vəzirovun sözünü kəsdim, bildirdim ki”; “Vəzirov bizə dedi ki, narahat olmayın”; “Gecə saat 12-də zəng vurdum, dedim, Vəzirovla görüşmək istəyirik, dedilər, gəlin”, “MK-dan zəng vurdular, dedilər, Vəzirov sizinlə görüşmək istəyir” və sair və ilaxır.

Etibar Məmmədovun, Rəhim Qazıyevin, Nemət Pənahlının, Zərdüşt Əlizadənin, Tofiq Qasımovun və başqalarının mətbuatda gedən söhbətlərindən belə məlum olur ki, o zaman xalq hərəkatının liderləri istədikləri vaxt respublikanın faktiki rəhbəri Vəzirovla dialoq apara, məsləhətləşə, hətta mübahisə edə bilirmişlər.

İrəvanda “qatı millətçi”, Bakıda “Vəziryan”

Xalqla və müxalif qüvvələrlə nə qədər açıq olsa da, Qarabağ məsələsində prinsipial və güzəştsiz mövqe tutsa da, Vəzirova qarşı ictimai nifrət körükləyən güruh da dinc durmurdu və onun yol verdiyi müəyyən yanlışlıqlardan sui-istifadə edirdi.

O zamanlar ölkəmizə gələn Qalina Starovoytova, Yelena Bonner və digər ermənipərəst emissarlar sonradan qələmə aldıqları xatirələrdə Vəzirovun dəfələrlə “torpaqdan pay olmaz, torpaq heç kəsə bağışlanılmır, verilmir, torpaq qanla alınır, qanla qorunur”, - dediyini və onun ermənilərin ərazi iddialarına necə emosional reaksiya verdiyini yazırlar.

Həmin vaxt isə anti-Vəzirovçu güruh onun haqqında şəbədə, lətifə qoşur, soyadını “Vəziryan” kimi səsləndirir, adına “bambılı” ləqəbi yapışdırır, total şəkildə onu gözdən salmağa çalışırdılar. Onun yarıerməni-yarıazərbaycanlı olduğu barədə də geniş yayılmış rəylər vardı. Çox az adam bilirdi ki, bu belə deyil, Vəzirov nəsl-nəcabət etibarı ilə xan sarayı vəzirinin nəslindədir, atasının adı Xəlil, anasının adı Tovuzdur və onlar da saf qanlı Azərbaycan türkləridir. Şəbəkə xeyli dərəcədə öz istəyinə nail olurdu. Çünki Vəzirov ana dilinin incəliklərini bilmədiyi üçün səhvlər buraxırdı. Məsələn, bir dəfə onun “muştuluğumu verin, ermənilər qayıdır”, deməsi ölkədə tufana bərabər vəziyyət yaratdı. Vəzirov bunu o mənada demişdi ki, ermənilər qayıdır, demək, daşı ətəklərindən tökürlər, müharibə olmayacaq, Qarabağ bizdə qalacaq. Ancaq bu söz onun ermənipərəstliyi kimi yozuldu və dildən-dilə düşdü.
Bütün bunlar xüsusi bir şəbəkənin məqsədyönlü fəaliyyətinin, yaradıcılığının məhsulu idi.

“Potom skaju”

Əslində Vəzirovun ölkədə gedən açıq və gizli proseslərdən xəbəri vardı. Onun hər şeydən xəbəri olmasını təmin edən strukturlar fəal işləyirdilər. 1988-ci ilin noyabr mitinqləri səngiyəndən, Meydan hərəkatı sona çatandan sonra keçirilən müşavirələrin birində çıxış edərkən Vəzirov mitinqləri əsasən kimlərin maliyyələşdirdiyini, kimlərin körüklədiyini bildiyini dedi. Onun rus dilində elədiyi çıxışda bu kimi fikirlər səsləndi ki, o və ölkə rəhbərliyi kimlərin hansı bağ evlərində necə görüşdüklərini, nəyi müzakirə etdiklərini, kimi öyrədib meydanda çıxış etməyə göndərdiklərini yaxşı bilir.

Ancaq çıxışının bu yerində Vəzirov nəyə görəsə gülümsədi, əlini yelləyib belə bir cümlə işlətdi: “Potom skaju dve slova” (“Sonra bir-iki söz deyəcəm”).

O, burada tarixi və məşum səhv buraxdı. Hamı ondan bağ evlərində gizli görüşən, müzakirələr aparan, ölkəni kömür maşası kimi qarışdıran şəxslərin adlarını bilmək istəyirdi. Vəzirov o adamların adını çəksəydi, barələrində tədbir görülməsini tapşırsaydı və üstündə durub onları cəzalandırsaydı, proseslər xeyli fərqli istiqamətdə inkişaf edəcəkdi.

Ancaq Vəzirov nə onda, nə də sonra həmin o “iki sözü” demədi. Bununla da meydanları dolduran vətənpərvər hərəkatçılarla niyyəti ölkədəki hakimiyyəti ələ almaq istəyən güruhun fəallarının cərgəsi ayrılmamış qaldı. Hərəkatçılara dözümlü və hörmətlə yanaşan Vəzirov eyni münasibəti onu devirmək istəyənlərə göstərməklə çox ciddi səhv buraxdı və bu səhv sonradan həm onun özünə, həm xalq hərəkatına, həm də xalqa baha başa gəldi.

“Sən kimsən?” “Mən deputatam”

55.jpg (20 KB)

Vəzirov özünü Qərbi Avropa dövlətlərindən birinin xalq tərəfindən seçilmiş rəhbəri kimi aparırdı. Sanki o, parlament fraksiyasının başçısı idi və parlamentdə azlıqda qalan qüvvələrlə mübarizəyə girişmişdi. Bəlkə də bununla o, siyasi mübarizəni küçə və meydanlardan çıxararaq parlamentə, Azərbaycan SSR Ali Sovetinin iclas salonuna keçirmək istəyirdi. Ancaq Vəzirovun bu təşəbbüsü uğurlu alınmadı.
O zaman yenicə yaranmış, ancaq sürətlə təşkilatlanmış Xalq Cəbhəsinin liderlərinin parlamentə dəvət olunması, onlara çıxış üçün vaxt ayrılması Vəzirovun təşəbbüsü ilə baş tutmuşdu. Həmin sessiya dövlət televiziyası ilə canlı yayımlanırdı. AXC-dən Sabit Bağırovun, Tofiq Qasımovun, İsa Qəmbərin dərin məzmunlu çıxışından sonra Etibar Məmmədovun o dövr üçün olduqca cəsarətli, ittihamedici çıxışı səsləndi. E.Məmmədov bu çıxışla bir andaca xalq qəhrəmanı oldu, əvəzində Vəzirovun xarizmasına zərbə vurdu. Arada gözəl bir təşəbbüs məhv oldu. Ortaya çıxdı ki, xalqın problemlərinə aid bütün siyasi mübahisələrin parlament divarları arasında müzakirəsi alınmır.

Həmin gün daha sərt polemika Vəzirovla “Molodyoj Azerbaydjana” qəzetinin keçmiş baş redaktoru Nəcəf Nəcəfov arasında yaşandı. Kompartiya rəhbərliyinin, bəlkə də birbaşa Vəzirovun şəxsi göstərişi ilə vəzifəsindən kənarlaşdırılan (xalq hərəkatına informasiya dəstəyi verdiyinə görə) Nəcəfov ömründə ilk və son dəfə dövlət rəhbəri ilə kəllə-kəlləyə gəldi, onun israr etməsinə baxmayaraq xitabət kürsüsünü tərk etmədi. Vəzirov isə vəzifəsinə və yaşına yaraşmayan bir cəldliklə kürsüyə yaxınlaşdı və ondan tribunanı tərk etməyi tələb etdi. N.Nəcəfov dirəşdi və əsəbi şəkildə dedi: “Sən kimsən?”

Hamı gözləyirdi ki, Vəzirov bu saat “mən bu ölkənin rəhbəriyəm, kompartiyanın birinci katibiyəm”,- deyəcək, amma bu dəfə də o, hər kəsi şaşırtdı, əli ilə pencəyinin yaxasındakı deputat nişanını göstərərək dedi: “Mən deputatam”.

Onların arasında mübahisə bir az da dərinləşdi. Axırda Vəzirov üzünü salonda oturan respublika prokuroru İlyas İsmayılova tutdu və rusca dedi: “Prokuror respubliki, proşu uçest eto” (“Respublika prokuroru, xahiş edirəm, bunu nəzərə alın”).

Ancaq belə görünür ki, o, daha sonra respublika prokuroruna “sənə verdiyim tapşırıq necə oldu”,- deməyib, ondan hər necə olur-olsun, bu göstərişi yerinə yetirməyi tələb etməyib. Hər halda, N.Nəcəfov məsuliyyətə cəlb edilmədi, təqib olunmadı, təzyiqə məruz qalmadı və qısa müddətdən sonra “Azadlıq” qəzetinin ilk baş redaktoru oldu.

Onun minusları

Xarakterindəki müsbət cəhətlərlə yanaşı, Vəzirovun personasına kölgə salan detallar da var və onları da qeyd etmək gərəkdir. Yoxsa elə çıxa bilər ki, məqsəd onun idealizə etməkdir.

Uzun illər Rusiyada, Hindistanda, Nepalda, Pakistanda yaşaması səbəbindən o, öz xalqından ayrı düşmüşdü və sadə xalqla Vəzirovun arasında uçurum vardı. Qərbli diplomatlarla çox oturub-duran, onlardan adi, sadə, sərbəst hərəkətlər etməyi öyrənən Vəzirov bilmirdi ki, bu ölkədə yüksək ranqlı partiya xadimi həmişə çərçivədə olmalıdır, iclaslarda şəkil kimi dayanmalıdır, söz verilməyincə danışmamalıdır, danışanda çox və sərt danışmalıdır, gülməməlidir, heç vəchlə sadə xalqla ünsiyyətə girməməlidir, girdikdə isə bu dialoq padşah-rəiyyət söhbəti səviyyəsində olmalıdır. Vəzirov isə xalqın adət etdiyi birinci katib obrazına düz gəlmir, bəlli standartları aşırdı.

O dövrün şahidlərindən biri danışır ki, 1989-cu ilin mayında Vəzirov Bakıxanov qəsəbəsində parkın açılışında iştirak etdiyi vaxt sürətli, yüngül addımlarla parkın o başına-bu başına o qədər gedib-gəldi və camaatla o qədər zarafatlaşdı ki, camaatın arasında pıçıldaşma başladı.

Onun belə hərəkətləri (metro vaqonunda müsahibə verməsi, zavod işçilərilə səmimi söhbətləşməsi) tez-tez olurdu və xalq bunları televiziya vasitəsilə görürdü. Onun yol kənarlarında söyüd və qovaq kimi barsız ağaclar əkməkdənsə, qoz, fındıq, meyvə ağacları əkməyin vacibliyini qeyd etməsi, kəndlərdə hamam tikməyin zəruriliyi, məktəblərin kompyuterləşdirilməsinin labüdlüyü barədə dedikləri lətifə predmeti olmuşdu. (Hazırda hamı məktəblərin kompyuterləşdirilməsindən danışır).

43.jpg (5 KB)

Bundan başqa, Vəzirov öz zəmanəsinin, kompartiyanın oğlu olaraq təpədən-dırnağa qədər leninçi kommunist idi. O, Lenin ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna ürəkdən inanırdı. Vəzirov korrupsiyaya uğramamış kommunistlərdən olsa da, kommunizm hərəkatının iflasa uğradığını, tarixin arxivinə gömülməkdə olduğunu görmürdü.

O, kosmopolit idi, xalqlar dostluğunun tərəfdarıydı. Hazırda Bakıda fəaliyyət göstərən “Xalqlar dostluğu” metro stansiyasına müvafiq ad onun təşəbbüsü ilə artıq erməni-azərbaycanlı dostluğunun pozulduğu illərdə verilmişdi. Düzdür, Əbdülrəhman Xəlil oğlu öz xalqına biganə deyildi, amma o öz millətini başqa millətlərdən ayırmır, üstün tutmurdu, hamıya eyni nəzərlə baxırdı. Bu isə ermənilərin Azərbaycan xalqının üstünə silah qaldırıb, namus-qeyrət, torpaq davası apardıqları bir vaxtda xalqın prizmasından çox pis görünürdü. O zaman xalq düşünürdü ki, dövlətin başında olan şəxs qatı millətçi olmalıdır.

Vəzirovun Azərbaycandakı traybalizmin, klançılığın necə önəmli faktor olmasından ya xəbəri yox idi, ya da buna önəm vermirdi. O bilmirdi ki, bu ölkədə pazı pazla çıxarırlar. Bir siyasiləşmiş, şaxələnmiş tayfaya qalib gəlmək üçün mütləq nüvəsində tayfa-klan birləşməsi duran komanda yaratmaq lazımdır. İlanı yaralayıb buraxmağın, arı yuvasına çöp uzatmağın fəsadlarını Vəzirov bilmirdi.

Vəzirovun siyasi süqutu

Bütün bu bilməzliklər və dövrün təlatümləri, zəmanənin yaratdığı kütləvi psixoz ovqatı sonda ona gətirib çıxardı ki, yüz minlərlə insan vəziyyətdən yeganə çıxış yolunun kompartiyanın birinci katibinin istefa verməsində görür, meydanlara çıxıb onu tələb edirdi.

Prinsipcə, Vəzirov hakimiyyətdən dördəlli yapışmamışdı və istefa verməyə hazır idi, ancaq o, özbaşına da deyildi, Kremldən göstəriş olmasa heç bir addım ata bilməzdi. Sonradan mərhum jurnalist Çingiz Mustafayevə verdiyi açıqlamada Vəzirov bildirmişdi ki, o, hakimiyyəti Xalq Cəbhəsinə verməyə hazır olub, ancaq bəzi liderlər çox tələsirmişlər. “A oni toropilis. Ujasno toropilis” (“Onlar isə tələsirdilər, dəhşətli dərəcədə tələsirdilər”), - demişdi Vəzirov.

Vəzirovun tarixi dəyəri

Bu gün 1988-90-cı illəri xatırlayan bir çox hərəkatçılar (onların arasında liderlər də var) bildirirlər ki, onlar Vəzirovun qədrini bilməyiblər, onun potensialından yararlanmayıblar. Rəhmətlik Əbülfəz Elçibəy də Vəzirovdan söhbət düşəndə onu müsbət obrazda səciyyələndirirdi.

Ölkənin geridönməz şəkildə demokratikləşməsi onun hakimiyyəti dövründə mümkün ola bilərdi. Çünki Vəzirov yuxarıda deyildiyi kimi, yerlibazlığı qəbul etməyən, hakimiyyətdən dördəlli yapışmayan, dialoq tərəfdarı olan, siyasi mübarizənin parlament müstəvisində olmasını istəyən bir şəxs idi. Bu adam özü və oğul-uşağı üçün həcmi milyard dollarlarla ölçülən varidat toplamaq niyyətindən uzaq idi, hakimiyyəti bioloji varisinə ötürmək üçün planlar qurmağı ağlına da gətirmirdi.

Əgər Azərbaycan öz müstəqilliyinə Vəzirovun hakimiyyəti dövründə qovuşsaydı, onda Azərbaycanın Baltikyanı ölkələrdə olduğu kimi, bir neçə ilin içərisində demokratikləşməsi mümkün olacaqdı - bir şərtlə ki, daxildəki feodal-patriarxal idarə üsulunun tərəfdarı olan qüvvələr zərərsizləşdiriləydi.
Fəqət müxtəlif səbəblərdən bu şans qaçırıldı. Ondan sonra hakimiyyətə gələnlər (Elçibəy istisna olmaqla) heç vaxt müxalifətlə dialoqa getmək istəmədilər, yerlibazlıq, qohumbazlıq etdilər, xalqın varidatının talan edilməsinə şərait yaratdılar, avtoritarizmə meylləndilər və s.

Bu gün Vəzirovun 81 yaşı var, günü keçmiş qocadır və vətəninə qayıtmaq imkanından məhrumdur. İlyarım əvvəl o, öz diplomatik fəaliyyəti barədə kitab yazıb. Ancaq o kitabdansa bizim üçün daha maraqlısı Vəzirovun Azərbaycanda işlədiyi dövrə aid yazdığı memuar ola bilər.

Xalid Kazımlı

"Yeni Müsavat" qəzeti, 23.01.11, 24.01.11 tarixli saylar

Mənbə musavat.com

Xudaferin.eu

15:02