Xorvatiya mətbuatı rəsmi Bakı ilə Zaqreb arasında münasibətlərin inkişaf perspektivlərindən yazıb

Ötən həftə Xorvatiyada səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin Xorvatiyaya səfəri və burada keçirilən görüşlər ölkənin nüfuzlu KİV-i tərəfindən geniş işıqlandırılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yerli mətbuat Xorvatiyanın Azərbaycanla münasibətlərin əhəmiyyətini gündəmə gətirərək, Azərbaycan Milli Məclisinin deputatları ilə keçirilən görüşlər, aparılan müzakirələrin perspektivləri barədə yazıb. Bu səfər və aparılan müzakirələr ikitərəfli əməkdaşlıq üçün yeni imkanların açılması kimi qiymətləndirilib. Qeyd edək ki, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Xorvatiyaya səfəri bu günlərdə başa çatıb.

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov səfərdə bir sıra mühüm görüşlər keçiriblər. Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matusiç, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç, Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviç, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba-Buyeviç, Xorvatiya Parlamentinin Avropa işləri Komitəsinin sədri Domaqoy Haydukoviç və Xarici Siyasət Komitəsi sədrinin müavini Davor Ivo Stir, parlamentin İqtisadiyyat komitəsinin sədri Zarko Tuşek, həmçinin Karlovaç vilayətinin rəsmiləri ilə görüşüblər.

Görüşlərdə Azərbaycan və Xorvatiya arasında inkişaf etməkdə olan əlaqələr və onların inkişaf perspektivləri, parlamentlərarası münasibətlər, iki ölkə arasında indiyədək imzalanmış sazişlər, parlamentlərarası əlaqələrin inkişafı məqsədilə görülmüş və görüləcək işlər müzakirə edilib.

Milli Məclisin deputatları həmkarlarına Azərbaycanda aparılan bərpa-quruculuq işləri barədə də məlumat veriblər.

Qeyd edək ki, Xorvatiya mətbuatı ümumilikdə bu səfəri ikitərəfli münasibətlərin inkişafına töhfə kimi qiymətləndirib.

Xudaferin.eu


 

13:38