YALAN VƏ HƏQİQƏT!

(Əvvəli:https://xudaferin.eu/yalan-v-hqiqt.html-2)

Laçınlı bir müəllimin yazmış olduğu məqaləni sizlərə təkrarən təqdim edirik…

“Tarixən Azərbaycanda assimliasiya baxımından milli azlıqda qalan hər hansı xalqa, o cümlədən kürdlərə qarşı heç vaxt, heç bir daxili və xarici məcburi təzyiq göstərilməmişdir. Sadəcə olaraq bütün tarixi dövrlərdə Azərbaycan türklərinin sayca üstün olması milli azlıq təşkil edən digər xalqların ikinci dili kimi azəri türkcəsini öyrənməsinə səbəb olub. Onların əksəriyyəti bu günə kimi öz ana dillərini saxlamaqla, azəri türkcəsini də mənimsəyərək, özlərinin əsas danışıq dilinə çevirmişlər. Onlar təkcə Azərbaycan dilində danışmır, həm də təhsil alırlar” (Qəmərşah Cavadov).

Görünür Moskvadakılar (ermənilər və ermənipərəstlər) “Kürdüstan” statusunu saxlamaq üçün qəribə formula — “milliyəti və ana dili” tapıblar. Bu gün Azərbaycan Respublikasında həmin rəqəmlərə istinad edərək hamını bu “həqiqətə” inandırmağa çalışırlar və təəsüf ki, çoxları, hətda savadlı, mötəbər vəzifə sahibləri belə buna inanırlar…

• İnsan psixologiyasının belə bir xüsusiyyəti var: «O, yalanı bir müddət həqiqət kimi dedikdə, sonra onu həqiqət kimi qəbul edir, yalan olduğunu isə unudur. Nə deyəsən?

…Hesab elmindən minimum biliyi olan hər bir kəs bunun adi statistika saxtakarlığı görür. İngilislər deyir: “Rəqəmlər yalan danışa bilməz, amma yalan rəqəmlərdə ifadə olunar”

• Məhəmmədhəsən Vəliliyə və Rəşid bəy İsmayılova istinadən demək olar ki, yuxarıda ana dili kürd kimi qeyd olunan 3123 nəfər əcdadları bu yerlərə 1813-cü ildən sonra İran Urmiyasından köçüb gəlmiş, özlərini “kurmancı”adlandıran kürdlərin nəsilləridir. (M. Vəlili bu fikri böyük alim S. P. Zelinskidən iqtibas edib). Kürdlər əsasən Laçın (10 kənd), Kəlbəcər (7 kənd) rayonlarında yaşayırlar və heç bir assimliasiyaya uğramayıblar, Psianlıları və Qaraçorluları kürd kimi tanımırlar.

• Demək olar ki, yuxarıda göstərilən, ana dili türk, milliyəti kürd kimi qeyd edilən 34059 nədərisə əvvəldə adları sadalanan və “kürd” sayılan, türkdilli Psian və Qaraçorlu tayfalarının nəsilləri hesab edilənlərdir…

(Əvvəldə qeyd edildiyi kimi bu rayonların azərbaycanlı əhalisinə kürd deyilməsi tarixən Psianlılar və Qaraçorlularla bağlıdır. Mənbələrdə “kurmancı” adlanan kürdlərin 1913- cü ildən sonra bu “həmtayfalarının” (Psianlı, Qaaraçorlu) yanına köçüb, gəlmələıri qeyd olunur. Bu rayonların kürd əhalisi, həqiqətdə isə bütün kürdlər və hətta bütün Azərbaycan əhalisi indiyə kimi səhvən elə bilirlər ki, bütün əhaliyə onlara — “kurmancı” adlananlara görə kürd deyilir).

• S. P. Zelinski 1885- ci ildə Zəngəzur qəzasında yaşayan dövlət kəndlilərinin iqtisadi vəziyyətilə əlaqədar apardığı tədqiqat zamanı orada yaşayan kürdlərin Püsyan (Babalı, Sultanlı, Zodbanlı, Potanlı icmaları) və Qaraçorlu (Hacısamlı, Gəloxçu, Təhməzli, Şadmanlı, Şeylanlı, Əliyanlı icmaları) tayfalarının nəsillərindən ibarət olduğunu qeyd edir (bu tayfalar haqqında əvvəldə yazılımışdır). Eyni zamanda Zəngəzur qəzasında yaşayan kürdlərin çox cüzi hissəsinin – müasir baxımdan, indiki Laçın rayonu üzrə Bozlu-Ağçakəndlilərin, Ağ körpülülərin (ehtimal ki, Laçındakı Qarakeşiş, Ağbulaq, Şeylanlı, Katos kəndlərinin əhalisi nəzərdə tutulur), Zerti və Qarıkaha, Minkənd kəndləri əhalisinin, Qazıqurdalıda (Qazədərəsi) bir neçə nəfərin, Qubadlı rayonunda Korcalanlı, Temir-Müskanlı, Qunnablı, Gödəklər, Mollu və Şıxova kəndlərinin əhalisinin kürd dilində danışdığını yazır. S. P. Zelinski onların “kurmancı” olduqlarını qeyd edir.

Bütün bunlarla yanaşı S. P. Zelinski göstərir ki, hətda yerli ermənilərin çoxu Zəngəzurda kürdlərin mövcudluğunu bilmirlər. Belə olan halda S. P. Zelinski bu türkdilli Psian və Qaraçorlu tayfalarını kürd adlandırması təəcüb doğurur…

Ehtimal etmək olar ki, türkdilli əhalinin xeyli hissəsini kürd kimi təqdim edən S. P. Zelinski yazdıqlarının doğruluğuna şübhə ilə yanaşır və reallığa üstünlük verərək Mirzə Kazım bəy kimi böyük alimdən aşağıdakı sitatı vermək məcburiyyətində qalır: «Кязим бек, в перевод книги «Шерайиль Исламь» (пример.к 46. стр. 11), говорит что Слово курдь часто употребляется в смысль храброго, отчаянного и необтесанного человека». Buradan aydın olur ki, Zəngəzurun əhalisinə ümumiyyətlə kürd demək onların milli mənsubiyyətlərindən yox, tarixən xarakterini əks etdirən bir stereotip baxışından irəli gəlib və sonralar milli mənsubluq kimi qəbul olunub…

S. P. Zelinski Zəngəzur qəzasında yaşayan bütün əhalinin (107612 nəfər) – 49075 nəfərinin (45,6%) erməni, 33415 nəfərinin (31%) tatar (azərbaycanlı), 24679 nəfərinin (22,9%) kürd, 443 nəfərinin (0,4%) rus olduğunu göstərir. Əhalinin kürd hesab edilən hissəsindən kürd dilində danışanlar (ana dilinə görə kürd olanlar – yuxarıda adları qeyd olunan azlıq, 4122 nəfər (3,8%)) istisna olmaqla, qalanların da (20557 nəfər) tatar (azərbaycanlı) olduğu görünür (24679-4122=20557). Deməli azərbaycanlılar 53972 nəfər (50%) olub (33415+20557=53972) və burada məqsəd aydın görünür ki, bölgədə erməni çoxluğu yaratmaq üçün kürdlərin sayı artırılıb.

Mənbələrə görə 1886- cı ildə Zəngəzurda kürd adlanan əhalinin ev (ailə) dili tatar (azərbaycan) dili idi. Yelizavetpol quberniyasının kürd kişi cinsi sayılan 18571 nəfərindən ancaq 2519 nəfəri (13,6%) kürd dilini ailə (ev) dili hesab edirdi. Deməli, 18572 nəfərdən quberniyada 16053 (86,4%) nəfər, (18572-2519=16053) kişi tatar (türk-azərbaycanlı), 2519 nəfər kişi isə kürd olublar.

• Müasir dövrlə müqayisə edildikdə məlum olur ki, indiki Laçın rayonunun əhatə etdiyi ərazidə 1886- cı ildə 105 yaşayış məskəni (57 kənd, 9 qışlaq (zimovka) və 39 yeni köçüb gələnlərin məskənləri – “otsyolka” ) olub və burada 20466 nəfər yaşayırmış. Bu məskənlərdən həqiqətdə 94 kənddə yaşayanların tatar (azərbaycanlı) olduğu, 7-də (Minkənd, Bozlu, Ağcakənd, Kamallı, Ağbulaq, Qarakeşiş, Şeylanlı) yaşayanların (təxminən 1353 nəfər (6,6%) kürd olduğu (indiki Çıraqlı, Katos, Qalaça kəndlərinin adları çəkilmir) halda, əksinə yalnız 8 kənddə yaşayanların (Cicimli-1, Cicimli-2, Seyidlər, Seyidlər-Xəlfəliqışlaq, Alaqaya-Qaraçanlı, Müsəlmanlar, Dəyhan, Pull – cəmi 3036 nəfər) tatar olduğu, qalan 86 kənddə yaşayanların da kürd olduğu və 4 kənddə isə (Əliqulukənd, Haral (indiki Aşağı Fərəcan) tamam, Zeyvə və Mirkənddə isə qarışıq) ermənilərin yaşadığı yazılıb. Bu tendensiya 1897- ci ildə əhalinin ümumrusiya siyahıya alınmasına qədər davam edib (İ. Şopen və S. P. Zelinski və bu kimilərin fikirlərinə istinadən).

Nəhayət 1897- ci ildə çar Rusiyasında aparılan ümumrusiya siyahıya alınması göstərdi ki, Zəngəzur qəzasında əsl kürd əhali cəmi 1807 nəfər olmaqla bütün əhalinin 1,3%-ni, müsəlman əhalinin (cəmi 73013 nəfər) isə 2,5%-ni təşkil edir. 1897-1918-ci illər arasında nəşr edilən statistik mənbələrdə (Tiflis nəşrləri) 1897-ci il ümumrusiya siyahıya alınmasının nəticələrinə uyğun olaraq Zəngəzur qəzasında əhalinin milli mənsubluq etibarı ilə əsas hissəsinin tatar (azərbaycanlı) olduğu, kürdlərin isə çox azlıq təşkil etdiyi öz əksini tapıb. Lakin 1918- ci ildən sonra yuxarıdakı tendensiya (kürdlərin çox olması) yenidən siyasi meydana çıxıb.

• Məhəmmədhəsən Vəlili (Baharlı) “Azərbaycan” əsərində (Bakı – 1921 ci il) yazır: “Azərbaycan kürdləri bir çox qəbilələrə bölünürlər: Onlardan ən məşhuru Zəngəzur və Cəbrayıl qəzalarında Qaraçurlu və ya Qaracallı və Pesyan kürdləridir. Özlərini Rumdan, yəni Kiçik Asiyadan (Türkiyə) çıxma hesab edirlər. Onlar İbrahim Ağa adlı bir şəxsin idarəsi altında 1589- cu ildə İranla Türkiyə arasında baş vermiş müharibə zamanı Türkiyə sultanı tərəfindən göndərilmişlər”. (M. Vəlili bu fikri də S. P. Zelinskidən iqtibas etmişdir). (Görünür ki, M. Baharlının yazdığı məlumat səhih deyil. İbrahim ağa ilə bağlı rus mənbələrində yetərincə məlumatlar var. Çünki o, İran və Türkiyə əleyhinə ruslara satqınlıq etmiş və Paskeviçə müraciət ünvanlamışdır. Əsərdən həmin hissəni təqdim edirik: «Полный разгромъ русскими войсками Персіи въ войну 26—27 года произвелъ еще болѣе сильное впечатлѣніе на весь персидскій и турецкій Курдистанъ. Многіе персидскіе курды стали предлагать графу Паскевичу свои услуги для совмѣстныхъ дѣйствій противъ турокъ; такъ напр., въ 1828 году, начальникъ Салмасскихъ курдовъ, Ибрагимъ-ага, весьма настойчиво просилъ разрѣшенія переселиться (вмѣстѣ съ переселявшимся армянами) со всѣми своими курдами въ наши владѣнія, отказываясь отъ вспомоществованія, которое было выдаваемо армянскимъ переселенцамъ; этотъ же Ибрагимъ-ага предлагалъ свои услуги и въ предстоящей войнѣ съ Турціей. Еще раньше, въ 1827 г., многіе персидскіе курды обращались съ подобными же просьбами и предложеніями къ Грибоѣдову, во время нахожденія его въ Чорсскомъ лагерѣ Аббаса-Мирзы. (Курды в войнах России с Персией и Турцией (Аверьянов)/1900 (ДО)/Глава III). Yəni İbrahim ağa XVII əsrdə deyil, XIX əsrdə buraya köçürülüb-red.).

S. P. Zelinskinin yazdığı Qaraçorlu kürd tayfası, Məhəmmədhəsən Vəlilinin yazdığı Qaraçurlu və ya Qaracallı kürd tayfası eyni məna daşıyır. “Oğuzlar” əsərində (səh. 181, 244) Qaracallıların türkmən Dülqədirli elinə-ulusuna məxsus bir boy olduğu göstərilir. Faruq Sumer yazır: “…Müdrik bir dövlət adamı olan İbrahim paşa üsyanın əsl səbəbini araşdırdı və Qələndər Çələbinin başına yığışanların çoxunun iqtaları (dövlət verdiyi torpaqlar) alınmış Dülqədirli türkmən sipahiləri olduğu anlaşıldı. İbrahim paşa Dülqədirli oymaqlarında Qaracallu və Doqquz boy bəylərini çağıraraq iqtaların qaytarılacağına söz verdi ”. Qaracallular inamla demək olar ki, həmin İbrahim paşanın rəhbərliyi altında sultanın (III Murad) fərmanı ilə 1589-cu ildə bu ərazilərə göndərilmişlər. O zaman bu ərazilər Türkiyənin hakimiyyəti altında olduğu üçün sultan bu torpaqları onlara iqta kimi vermişdir (bağışlamış). Türkiyə-İran müharibələrində bu ərazini Türkiyənin tabeliyində saxlamaq üçün onları buraya göndərmişdir.

Qubadlı rayonundan başqa, Cəbrayıl, Ucar, Xaçmaz rayonlarında və Gürcüstanın Başkeçid (Dimanisi) rayonunda da Qaracallı adlı kəndlər vardır və onların əhalisi əslən Oğuz türkləridirlər.

Nəhayət, 1897-ci ildə çar Rusiyasında aparılan ümumi siyahıya alınma göstərdi ki, Zəngəzur qəzasında əsl kürd əhali cəmi 1807 nəfər olmaqla bütün əhalinin 1,3%-ni, müsəlman əhalinin (cəmi 73013 nəfər) isə 2,5%-ni təşkil edir. Siyahıya alınma S. P. Zelinski kimilərinin fikirlərinin tamamilə səhv olduğunu sübut etdi.

• Ümumiyyətlə, o zaman Zəngəzur qəzasında cəmi əhalinin ⅔ — si, o cümlədən kürdlər də dövlət kəndliləri idi. Onu da qeyd etmək lazımdır ki, əhalinin dövlət kəndliləri adlanan zümrəsi bu ərazilər çar Rusiyasının mülkiyyətinə keçəndən sonra (1813-1828- ci illərdə və sonralar) əsasən İrandan və Türkiyədən köçüb gələnlərdən, başlıca olaraq kəndli təbəqəsindən ibarət olub (XIX əsrin II yarısında Tiflisdə çap olunmuş əsərlərdəki əhaliyə bağlı statistik cədvəllər bunu aydın göstərir). Çar Rusiyası bir müddət (6 il) vergi almamaq şərti ilə torpaqsız kəndliləri Rusiyaya az məskun (daha doğrusu müharibələr nəticəsində əhalinin məhv olması, köçüb getməsi, qaçması nəticəsində boşalmış) ərazilərə cəlb etmək siyasəti yeridirdi. “Kişilər burada (İranda, Türkiyədə) dərdli və yoxsuldursa, orada (Rusiyada) igid və varlı olacaqlar” fikri təbliğ edilirdi. Köçüb gələnlərin demək olar ki, hamısı torpaqsız, yoxsul kəndlilər olublar. Bu yerlərə həyatlarını, dolanışıqlarını yaxşılaşdırmaq və varlanmaq ümidi ilə gəlirdilər. Bir də ki, onlar əvvəl yaşadıqları yerlərdəki hakim qüvvələrin istismarından, təzyiqlərindən yaxa qurtarmaq istəyirdilər. Çar Rusiyası onlara ümidli, etibarlı, xoş gələcəkli həyat vəd edirdi…

Haşiyə: Lakin Laçın rayonunun azərbaycanlı (türk) əhalisinin hamısının yalnız Qaraçorlu və Pisianlı tayfalarının nəsli olmasını demək düzgün deyildir. Buradakı azərbaycanlı əhali tarixin müxtəlif dövrlərində, necə deyərlər, zaman-zaman, xüsusilə Azərbaycan çar Rusiyasının tərkibinə daxil olduqdan sonra İran, Türkiyə ərazilərindən, Naxçıvan, Dərələyəz mahallarından, Şuşa, Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Cəbrayıl və s. rayonlarının ərazilərindən köçüb gəlmiş əhalinin hesabına formalaşmışdır. Bu prosesi mübaliğəsiz, anoloji olaraq yuxarıda adları çəkilən digər rayonların əhalisinə də aid etmək olar. Keçmiş Zəngəzur qəzasının əhatə etdiyi ərazilərdə 1823-cü ildə kəndlərin sayı 85, əhalinin sayı 22910 nəfər olduğu halda, 1888- ci ilin statistik hesabatlarında 300 — ə yaxın yaşayış məskənində 70 minə qədər əhalinin yaşadığı, 1907-1908-ci illərə dair hesabatlarda isə yaşayış məskənlərinin 423, əhalinin sayının isə 214153 nəfər olduğu göstərilir. Sonrakı illərdə də bu rəqəmlərin müvafiq olaraq yüksəlməsi tendensiyası müşahidə olunur.

(Ardı var)

Mənbə

Xudaferin.eu

 

13:57