YAP: Fransanın Yeni Azərbaycan Partiyasına qarşı ittihamları absurddur

“Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidmətinin (VİGİNUM) Yeni Kaledoniya hadisələri ilə əlaqədar Yeni Azərbaycan Partiyasını sosial şəbəkələrdə saxta məlumatlar yaymaqda və sistemli qaralama kampaniyası aparmaqda ittiham etməsi absurd və qərəzli yanaşmadır”.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.

Azərbaycanın söz, fikir və ifadə azadlığının təmin edildiyi demokratik ölkə olduğunu vurğulayan N.Qələndərli deyib: “Ölkənin aparıcı siyasi qüvvəsi – lider partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri siyasi plüralizmdir. Yəni partiya üzvləri ictimai-siyasi məsələlərlə əlaqədar öz fikirlərini kütləvi informasiya vasitələrində və sosial mediada sərbəst ifadə edə, ölkə daxilində və beynəlxalq müstəvidə cərəyan edən istənilən hadisə və proseslərə münasibət bildirə bilərlər”.

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün sosial medianın müxtəlif seqmentlərinə, xüsusilə də “X” və feysbuk platformalarına nəzər saldıqda Fransanın ondan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyada mütərəqqi dünyanın sivil dəyərlərinə zidd olaraq həyata keçirdiyi neokolonialist siyasətinin müxtəlif ölkələrdən olan insanların tənqidinə məruz qaldığını, ciddi etiraz və narazılıqlarla qarşılandığını görmək mümkündür.

N.Qələndərli bildirib ki, Azərbaycan vətəndaşlarının, o cümlədən 700 mindən artıq insanı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu məsələ ilə əlaqədar fərdi münasibət bildirmələri də təbiidir: “Bu, Fransa rəsmilərinin də siyasi leksikonunu “bəzəyən” demokratik dəyərlərə, o cümlədən söz və fikir azadlığına tamamilə uyğundur və hər hansı bir sistemli qara piar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilməz”.

YAP-ın rəsmi sosial şəbəkə hesablarında məsələ ilə əlaqədar paylaşımlar edilməsi iddiasına münasibət bildirən şöbə müdiri qeyd edib: “Bu, aşkar dezinformasiyadır və həqiqətə əsla uyğun deyil. Yeni Azərbaycan Partiyasının rəsmi sosial media hesablarında, iddia edildiyi kimi, Yeni Kaledoniya hadisələri ilə əlaqədar “separat xarakterli xəbərlər” və ya hər hansı bir saxta məlumat paylaşılmayıb. Bu saxta iddianı – uydurma ittihamı tirajlayan bəzi media nümayəndələrini diqqətli olmağa, media və sosial şəbəkələrdə xəbər paylaşanda jurnalistikanın dəqiqlik prinsipini əsas götürməyə və dezinformasiya yaymamağa çağırırıq”.

Xudaferin.eu

16:22