Yazıq Vətən...

Yalova Türkiyənin ərazicə ən kiçik vilayətidir. 150 min civarında əhalisi var. Turistik bölgədir. Termal suları - istisuları ilə tanınır.
Hovuz baxıcısı olan nazik tənli, uzun boylu, yetkin yaşlı qadınla söhbət edirəm. 10 dəqiqəlik məsafədə olan yaxın kənddən - Gökçədərədən buraya işə gəlir. O da mənə sual verir:
- Məmləkət nerəsi?
Bu, bizim ifadə ilə "haralısan" deməkdir. Bizdə bu sual qıcıq doğura bilir, Türkiyədə isə normal sayılır, elə bizim "nə var, nə yox kimi" bir şeydi.
Deyirəm:
-Azərbaycan...
Qadının soyuq, bəyaz, bir az da qüssəli üzü canlanır... bir an ürəyimdən Qarabağ, Şuşa hadisələri keçir... hər halda TV-lər o günlərdən çox danışdı, eşitməmiş olmaz... demək, şöhrətimiz bu yerlərə kimi yayılmış... xoş halımıza...
Gökçədərəli Qadın deyir:
- Azərbaycanmı? -
Səsindən təəccüb süzülür...
- Evet, evet... - deyirəm xoşhalca...
- Bizim köydə Azərbaycandan bir kaç çalışan var...
- Eləmi?
- Hastabakıcıları...
Hiss edirəm ki... köpüm alınmaqdadır... lakin aldırmadan davam edirəm...
- Gerçəkdənmi? Necə gəlmişlər bu ucqarlara...
- Evet... gəlmişlər... sizin ora - Azərbaycan çokmu fakir?
Gökçədərəli Qadının üzündə acıma görürəm...
- Yoo, hayır... petrol ölkəsiyik... dövlətin parası... başından aşır...
- Öyləmi?
Gökçədərəli Qadının üzündəki incə qırışlar dərinləşir...
- Hər türlü işdə çalışırlar... hər türlü...
Acıyaraq deyilmiş bu "hər türlü" sözünün içindən deyilməmiş kəlimələr boylanır... o deyilməmiş kəlimələrdən üzümü çevirib masmavi hövuzun isti sularından qalxan buxara baxıram... çox da uzaqlara varmadan yox olmaqdadırlar... şöhrətimiz kimi...
Uzaqlara isə... ölkəsində iş tapmayan... qürbətlərdə xəstəbaxıcılıq edən... "HƏR TÜRLÜ" işdə çalışan Azərbaycan qadını gedə bilir...
Bizim Türkiyə köylərində çalışan qadınlarımızın halını görüb "Azərbaycan çoxmu yoxsul ölkədir?" deyə kədərlənən Gökçədərəli Qadın Türkiyənin ən az maaşa çalışan təbəqəsinə aid idi...

Vətəndaşı aşağıdan aşağı yaşadan neft zəngini ölkə...

Yazıq Vətən...

Mehriban Vəzir

Xudaferin.eu

11:47