Yüz illik siyasi tarixin əvəzi olmayan müqaviləsi - Şuşa Bəyannaməsi

Müasir dünya düzənində dövlətlərarası siyasi, iqtisadi, hərbi və mədəni müttəfiqlik regional sabitliyin əsas şərtlərindən biridir. Bu əlaqələr bir çox hallarda tərəflərin maraqları əsasında formalaşır və bunlar dəyişildikdə müttəfiqlik ya zəifləyir, ya da tamamilə sıradan çıxır. Tarixdə oxşar nümunələr çox olub. Bu baxımdan son 100 ildə ictimai-siyasi quruluşların, geopolitik reallıqların dəyişilməsinə rəğmən, heç bir halda pozulmayan bir müttəfiqlik mövcuddur ki, əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin, daha sonra Türkiyə Cümhuriyyətinin qurulması zamanı dünyanı heyrətə gətirən bu birlik əsrin sonunda iki müstəqil dövlətin birgə səyi ilə daha da inkişaf etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibətlər sayəsində Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. İki il öncə imzalanan Şuşa Bəyannaməsi isə bu zirvənin daha bir fəthi idi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə tarixi Qələbəmizi həzm edə bilməyən bəzi ölkələrə birlik mesaj oldu. Bu, həm də o demək idi ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, o cümlədən dövlət sərhədləri təhdid olunduğu təqdirdə, Türkiyə təkcə diplomatik, siyasi, mənəvi dəstəkçi kimi deyil, müttəfiq kimi ordusu ilə ölkəmizin yanında dayanacaq. Məhz bu anlamda iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi müttəfiqlik sənədi və geostrateji əhəmiyyət daşımaqla, dünyada söz və nüfuz sahibi kimi iki ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Tariximizdə ilk dəfə olaraq Azərbaycan liderinin digər dövlətin başçısını Qarabağda qarşılaması və bizim üçün mənəvi əhəmiyyət kəsb edən ruhumuzun ünvanı Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi həkk olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Gününə - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi tərəflərin öz istiqlalını və ərazi bütövlüyünü qardaş millət kimi eyni dərəcədə yüksək və toxunulmaz olaraq dəyərləndirmək baxımından 100 illik siyasi tarixin əvəzi olmayan müqaviləsidir. Şuşa Bəyannaməsi Zəfər savaşında Azərbaycanın haqq davasının yanında olan Türkiyə ilə münasibətlərin real ittifaq halında ifadəsi ilə yanaşı, həm də Türk dünyasının birliyi üçün də müstəsna əhəmiyyətə malik bir sənəd oldu.

Şuşa Bəyannaməsini şərh edən Prezident İlham Əliyev yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindən bir əsr sonra qəhrəmanlıqla azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə sənədi Azərbaycanla Türkiyənin gələcək iş birliyinin istiqamətini göstərdiyini vurğuladı. Bəyannamədə bir çox önəmli məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, hərbi, mədəni, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb ki, bu da əlaqələrin inkişafına geniş imkanlar açır. Vətən müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə mənəvi baxımdan ölkəmizin yanında olan Türkiyə işğaldan sonra da azad olunmuş ərazilərdə düşmənin amansızlıqla məhv etdiyi tarixi torpaqlarımızda aparılan yenidənqurma işlərində bizimlə bərabər fəal iştirak edir, çiyin-çiyinə yeni kəndlər, şəhərlər salır. Yaxud Türkiyənin zəlzələ bölgəsində azərbaycanlı inşaatçılar yeni və müasir evlərin tikintisinə töhfələrini verirlər. Qardaşlıq, arxalıq və onun yaratdığı xoşbəxtlik də elə budur.

Deputat sonda qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə ən yüksək ittifaq nümunəsi olmaqla yanaşı, həm də bölgənin barış və inkişaf içində yaşamasını şərtləndirən ən mühüm amildir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan münasibətləri bütün güclərin bu iki şəxsiyyətin liderlik qüdrətini qəbul etməsinə kömək edib.

Bir sözlə, Azərbaycan-Türkiyə ittifaqı bu gün tək regionun deyil, dünyanın sülh və əmin-amanlıq ünvanıdır.

Xudaferin.eu

15:47