Ənvər Börüsoyun ilk kitabı işıq üzü gördü

Bu gün həyatımın sevincli günlərindən biridir. Dostum, qardaşım Ənvər Börüsoyun ilk kitabı çapdan çıxdı. Heyif Ənvər bu günü görmədi. Azərbaycanın özünəməxsus yazılmamış qanunları var. Bəşəriyyət üçün gərəkli dahi insan olsan belə, adamın, pulun, dayın, öləndən sonra qohum-əqrəban yoxdursa, mütləq unudulub gedəcəksən...

Azərbaycanda xoşbəxt yaşamaq üçün çox vaxt klassik yaltaqlıq, riyakarlıq, ikiüzlü, yalançı olmaq, şəxsiyyətini güdaza vermək "dadına" yetəcək...

Hələ körpə vaxtı ata-anasını itirən, Gəncə uşaq evində böyüyən və Mingəçevir İnternat məktəbində orta təhsil alan Ənvər Yusif oğlu Börüsoy, yuxarıda sadaladığım Azərbaycanda şıdırğı yeriyən "xodovoy adətlər"in heç biri onda olmadı, olması belə mümkün deyildir. Çünki o, Türk Dünyasının nadir şəxsiyyəti idi...

Bəs Ənvər Börüsoy kim idi?...

Ənvər Azərbaycan mətbuatında Ənvər Yusifoğlu və Ənvər Börüsoy imzası ilə 33 il jurnalist kimi fəaliyyət göstərib. Ənvər Börüsoyun Türk milli şüurunun formalaşmasında ona mənəvi ata olmuş Xudu Məmmədovun böyük əməyi olmuşdursa, peşəkar jurnalist kimi yetişməsində isə Qulu Məhərrəmlinin əməyi və təsiri danılmazdır.

Mən Ənvər Yusif oğlu Məmmədovu 1982-ci ildən Mirzağa Əliyev adına Azəbaycan Dövlət İncəsənət İnstitutunda təhsil aldığımız illərdən düz vəfatına kimi tanıyıram. Türk Dünyasını dərk etmək və bu dünyanın fəal üzvü olmağımda dostum və əqidədaşım Ənvər Börüsoyun əməyini heç vaxt unutmaram.

Mənəvi cəhətdən Ənvər bizim ailəmizin bir üzvü olub. Nə rəhmətlik anam, nə də bacı və qardaşlarım onu məndən heç vaxt ayırmayıblar.

Qürbətdə yaşadığım illər tez-tez Lehistana və Niderlanda bizə qonaq gələrdi...

Ənvər uzun illər Azərbaycan həqiqətlərini və Qarabağ problemi ilə bağlı Saxa (Yakutiya), Tatarıstan, Başkortıstan, Dağıstan, Çeçenistan, Altay, Tuva, Xakasiya, Qaraçay-Balkar, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandakı KİV-lərdə məqalələri ilə müntəzəm çıxış edib.

Türk boylarının danışdıqları fərqli dilləri elmi tədqiqat baxımından və onun qədər dərindən bilən ikinci bir bilim adamı Türk Dünyasında olmayıb.

Ənvər Börüsoy şəxsən sədri olduğum "Azərbaycanın Dostları" təşkilatın xətti ilə “I Qarabağ Müharibəsi” dönəmində Lehistan (Polşa) və Litvadakı yerli tatar icması, eləcə də “occupation” hərəkatının polyak və litavlı dostlarımız ilə birlikdə Azərbaycana dəstək olaraq keçirilən bütün aksiyalarda fəal şəkildə iştirak edibdir.

Azərbaycanın milli mətbuatında “Xudafərin" jurnalı, “Gənclik” jurnalı, “Aydınlıq”, “Səs”, “Kimlik”, “Türkün səsi”, “Avrasiya”, “Gündəlik Azərbaycan”, “Türküstan”, “Ayna”, “Təzadlar”, “Yeni sözçü”, “Hürriyyət” və sair qəzetlərlə işləyib və bu mətbu orqanlarda milli-mənəvi dəyərlərimizlə bağlı həmişə aktual olan yüzlərlə qiyməti məqalələr yazıb.

Ənvər Börüsoy bütün yazılarında Azərbaycan dövlətçiliyini və milli maraqları üstün səviyyəyə qaldırmış, Türk millətlərinin birlik konsepsiyasını ortaya qoymuşdu.

Keçən əsrin 90-cı illərinin o ağır vaxtlarında Ənvər diplomatiyamızın hələ yeni yaranmış zəif dövründə, yəni Ənvər Börüsoy təkbaşına Türk Cümhuriyyətləri və muxtar diyarları ilə bağlı apardığı özəl birləşdirici fəaliyyəti hələ bu günə kimi heç kim görməmişdi. Bunların hamısını məhdud maddiyatla şəxsən özü həyata keçirirdi.

1993- cü ildə Türkiyənin təşəbbüsü ilə ilk dəfə keçmiş sovetlərdə mövcud olan türksoylu türklərlə görüşə, demək olar ki, uzaq Yakutiya, Sibirya olmaq şərtiylə bütün keçmiş SSSR-dən gələn qonaqları Ənvər Börüsoy dəvət eləmişdir.

Ənvər Börüsoyun tam fəaliyyətini araşdırmaq üçün, bəlkə də, bir insan ömrü bəs eləməz...

Onlarca yazarların, Güneyli, Quzeyli bir çox bilim adamlarının kitablarına redaktorluq etmiş, nəşrinə nail olmuş. Ənvər Börüsoyun öz kitabı olmamış və "Türk Dünyasının Böyük Oğlu" adlı bu ilk dəfə nəşr edilən kitaba onun bir neçə məqalələri daxildir..

Əlbəttə "Nərmin Yayın Evi" tərəfindən yüksək keyfiyyətlə çap olunan 380 səhifəlik kitaba onun bütün məqalələrini yerləşdirmək mümkünsüzdür...

Bundan sonra biz onun bütün məqalələrini əhatə edən çoxcilidli kitablarının nəşrinə başlayacağıq...

İstər Avropada, istərsə Azərbaycanda bir neçə qiyməti kitabların işıq üzü görməsinə maddi və mənəvi dəstək verən bu yazının müəllifi, öz dostu və əqidədaşı olan Ənvər Börüsoyun kitabının çapına verməyə puldan korluq çəkirdi...

...Və biz dəyərli soydaşlarla birgə "Qarabağın Dostları" adlı bir fond yaradıb, dəyərli, ziyalı xanım Tahirə Şuşalını fonda rəhbər seçdık. Beləcə, bu qısa zaman kəsiyində fondumuza kifayət qədər pul toplandı. Bax beləcə, fondumuzun köməyi ilə Ənvər Börüsoyun kitabının nəşrinə nail olduq, həmçinin ehtiyacı olan fondumuzun ziyalı üzvlərinə maddi kömək edə bildik..

Beləliklə, Güney Azərbaycanımızın böyük oğlu, el aşsaqqalı, müdrik Aşıq Abbas Tufarqanlı prizmasından yanaşaraq, bir kimsənin minnətini götürmədən kitabın çapına nail olduq. Bizlər Tufarqanlı ideyasını reallaşdırıb, aşığın dediyi nəsihətlə, minnətsiz-sünnətsiz çox faydalı işlər görə bilərik...

Abbas bu sözləri deyər sərindən,
Arxı vurdur, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar..

Sonunda çox istərdik ki, Mətbuat Şurası, Yazarlar Birliyi və vicdanlı Azərbaycan ziyalıları Ənvər Börüsoyun bu ilk kitabının təqdimatında və təbliğində öz köməkliklərini əsirgəməsinlər...

Bir də arzu edərdim ki, nəyinki Azərbaycanda, eləcə də bütün Türk Respublikalarında Ənvər Börüsoyun adının əbədiləşdirilməsinə çaba sərf edilsin.

Şübhəsiz, bu işdə Türk Dünyasının birliyini arzulayan hər bir vicdanlı soydaşımızın dəstəyinə ehtiyac var...

Elman Mustafazade
Avopada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu)jurnalının baş redaktoru.

Xudaferin.eu

22:31