Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş şəkildə işıqlandırır.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, “İzvestiya” nəşri diqqəti Azərbaycan və Rusiya prezidentlərinin görüşünün Rusiya sülhməramlılarının üç ildən artıq davam edən missiyadan sonra Qarabağdan çıxarılması fonunda keçirilməsinə çəkib. Qəzet yazır ki, iki ölkənin liderləri son dəfə təxminən bir il əvvəl – 2023-cü ilin mayında Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar zamanı görüşüblər.

Politoloq Andrey Areşev “İzvestiya” nəşrinə müsahibəsində prezidentlərin görüşünün qapalı hissəsində daha bir əhəmiyyətli nəqliyyat layihəsinin, məhz Ermənistanın Sünik vilayətindən keçməli və sonra Türkiyəyə uzanan Zəngəzur dəhlizinin müzakirə olunduğunu istisna etməyib. Ekspert qeyd edib: “Amma İrəvan layihəyə kəskin etiraz edib və Azərbaycan rəhbərliyi İran ərazisindən alternativ marşrut təmin etmək qərarına gəlib ki, bu, həmçinin Rusiya üçün də logistika nöqteyi-nəzərindən əlverişli olacaq”.

“Rossiyskaya qazeta” nəşri yazır ki, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsnasında Heydər Əliyevin BAM-ın tikintisinə böyük töhfəsini qeyd edib. Qəzet yazır: “RF Prezidenti Vladimir Putin Kremldə Azərbaycanın mərhum liderinin oğlu və varisi İlham Əliyevlə görüşdə bildirib ki, müstəqil Azərbaycanın birinci Prezidenti Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinin fəal iştirakçılarından biri olub, Rusiyada bunu xatırlayırlar”.

“Parlamentskaya qazeta” qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın lideri İlham Əliyevlə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Qəzet Putinin sözlərini sitat gətirir: “Bu kontekstdə çoxlu məsələlər var və onlar çox həssasdır”.

NTV telekanalı da Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri barədə geniş material hazırlayıb. Qeyd olunub ki, dövlət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələrlə bağlı məsələləri geniş müzakirə ediblər.

“MİR” telekanalı, “Moskovski komsomolets”, “Qazeta.ru”, “Lenta.ru” qəzet və portalları, o cümlədən Sankt-Peterburq, Tatarıstan Respublikası və digər regionların mediası da Prezident İlham Əliyevin Moskvaya səfəri haqqında materiallar dərc edib.

Fəridə Abdullayeva
Xudaferin.eu

15:32