Qulamrza xan Mühacir Əfxəmi: bir süvarinin taleyi

Cənub Qafqaz Rusiyanın tərkibinə qatıldıqdan sonra Azərbaycandan xarici ölkələrə mühacir axınları başladı. Mühacirlərin üz tutub, pənahlandığı yurdlardan biri Güney Azərbaycan idi. Çünki bu yurd ikinci ana timsalında idi. Həmin dönəmdə Güney Azərbaycana qeyrətli oğul, Qacarlar taxt-tacının vəliəhdi Abbas mirzə Qovanlı-Qacar başçılıq edirdi. O, mühacirlərə yurd yeri verir, məvacib təyin edirdi. Həmin mühacirlər də əlbəl orduya yazılır, canları-qanları ilə ikinci vətənlərini qoruyurdular. Belə mühacirlərdən biri də Naxçıvan vilayətindən, Kəngərli elindən gəlmiş Əfxəmi ailəsi idi.

Qulamrza xan 1861-ci ildə Güney Azərbaycanda anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1879-cu ildən İran Kazak briqadasında hərbi xidmətə başlamışdı.

Qulamrza xan 1880-ci ildə naibi duvvum (leytenant) rütbəsində 1-ci fövcün, 3-cü eskadronun, 1-ci dəstənin komandiri olmuşdu. [Möhsün Mirzayi, Tarixçeyi briqad və divizioni qazaq, I cild, Tehran, “Elm”,  1373, s.90-93]  

Qulamrza xan 1895-ci ildə sərhəng (polkovnik) rütbəsində 1-ci Kazak fövcünün (alayının) 1-ci eskadronun komandiri olmuşdu. (РГВИА. Ф. 76. Оп. 1. Ед. хр. 217. Л. 20).

Qulamrza xan 1906-cı ildə Ərəbistandan (Xuzistandan) Kirmanşaha dəyişilmişdi. Həmin dönəmdə sərtib rütbəsi daşıyırdı. 

Qulamrza xan 1916-cı ildə mirpənc (general-mayor) rütbəsində idi. 3-cü eskadronun komandiri idi. Hadi xan Şəqaqi onun müavini olmuşdu. Həmin ərəfə Həmədanda yerləşirdilər. (Əmir Əhmədi Əhməd, Xatirat nəxostin sepəhbud İran, Əhməd Əmir Əhmədi, 1373, Təbriz, s.125)

Qulamrza xan Əfxəmi İran Kazak briqadasının süvari fövcünə başçılıq edirdi.

Qulamrza xan Əfxəmi 1920-ci ildən başlayaraq öz dəstəsinin başında, Gilanda Mirzə Kiçik xana qarşı vuruşmuşdu. (Əmir Əhmədi Əhməd, Xatirat.., s. 155)  

Qulamrza xan Əfxəmi yaşı ilə bağlı 1921-ci ildən sonra təşkil olunan yeni orduda vəzifə tutmamışdı.

Qulamrza xan Loristan yürüşündə süvari kazakların komandiri idi.

Qulamrza xan Mühacir Əfxəmi ordudan tərxis olunandan sonra daxili işlər orqanlarında xidmət etmişdi.

Qulamrza xan Mühacir Əfxəmi 1922-ci ildə Xudayar xan Xudayari ilə bərabər Qəzvin əyalət hakimiyyətində çalışmışdı. Sonra İsfahanın hakimi olmuşdu. Hər iki məmuriyyətində də çox gözəl xidmət göstərmişdi. O, nəcib, dürüst, xoşsüluk bir insan idi. (Aqili Baqir, Şərhi-hal rical siyasi və nizamiyi müasir İran, Tehran, 1370,  I c. s.166)

Qulamrza xan Mühacir Əfxəminin Qəzvində mülkü və əmlakı vardı.

Qulamrza xan Mühacir Əfxəminin Əbülfət xan, Bəhram xan, Əmir Rüstəm xan,  Gorgin xan, Huşəng xan adlı oğlanları və bir qızı vardı. Qızı sərləşkər Seyid Feyzulla Əmanpurla (1905-?) ailə qurmuşdu.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

19:42