RAMİZ MƏLİK- 80

Hər tənəzzülün öz tərəqqisi olduğu kimi, hər tərəqqinin də öz tənəzzülü var. Ötən əsrin 60-90-ci illəri Azərbaycan kino və teatr sənətinin tərəqqi dövrü olub. Həmin zaman kəsiyində onlarla böyük sənətkar yetişib. Əgər onların hər biri qapalı sovetlər ittifaqında deyil, hər hansı bir avropa və ya amerika ölkəsində yaşasaydılar, inanın ki, ən nüfuzlu mükafatlara layiq görülərdilər. Belə aktyorlardan biri də, xalq artisti Ramiz Məlikdir. Sabah onun 80 yaşı tamam olacaq. İstəyirəm ki, ömrünün ixtiyar çağlarını yaşayan aktyorun haqqında ilk təbrik söhbətini özüm açım...

Deyir ki,- “Məni kinodakı fəaliyyətim qane etmir. Dəvətlər yoxdur, ona görə. İndi kino çəkmirlər. Çəkəndə də peşəkar aktyorları çəkmirlər. İndi kinoda harda oxuyan, oynayan varsa onların meydanıdır. Professional aktyorlardan demək olar ki, çox az istifadə edirlər.”

Gileylənsə də kino tarixində silinməz izlər buraxıb, gözəl obrazlar yaradıb…

“1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin zamandan başlayaraq Ulu Öndər bir çox istedadlı sənətkarlarımıza ən yüksək fəxri adlar verdi. 1974-cü ildə isə teatrımızın 100 illiyinin keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Həmin dövrdə də bir çox korifey sənətkarlarımız “SSRİ Xalq artisti” fəxri adına layiq görüldülər. Hətta mənzillə mükafatlandırılırdılar. Onlardan biri də mən idim. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə mənə Azadlıq prospektində 3 otaqlı mənzil verildi. Nəhayət, 1984-cü il sentyabrın 24-də Ümummilli Lider Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. O, dahi şəxsiyyət Hüseyn Cavidin əsərlərini çox sevərdi. Həmin vaxt Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis” tamaşası hazırlanırdı. Biz o zaman məzuniyyətdən yeni qayıtmışdıq, xəbər gəldi ki, Heydər Əliyev gəlib, Bakıdadır və tamaşaya baxmaq istəyir. Bir həftə ərzində ciddi məşq etdik və tamaşanı yüksək səviyyədə nümayiş etdirdik. Əsərin baş qəhrəmanı Arifi mən canlandırırdım. Ulu Öndər adəti üzrə tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərlə görüşdü. Bu çox sevindirici və qürurverici idi ki, dövlət başçısı tamaşa barədə öz təəssüratlarını aktyorlarla bölüşürdü. Ümummilli Lider Hüseyn Cavid yaradıcılığını, dramaturgiyasını təhlil edərək, tamaşaya olan münasibətini, tövsiyələrini bildirdi və kollektivi bu münasibətlə təbrik etdi. Orada həmin an belə bir söz də işlətdi "Bu tamaşa mütləq öz mükafatını almalıdır”. Doğrudan da az bir müddətdən sonra “İblis” tamaşası Dövlət mükafatına layiq görüldü. Ümumilikdə səkkiz nəfər, başda rejissor Mehdi Məmmədov və iki rəssam, eləcə də beş aktyor - Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova və mən Dövlət mükafatı aldıq. Bu, Heydər Əliyev kimi şəxsiyyətin bizə və sənətimizə olan diqqətinin, qayğısının ən bariz nümunələrindən yalnız biridir.”- söyləyir…

Heydər Əliyevin qəlbən pərəstişkarı olduğundan, onun haqqında ehtiramla, səmimiyyətlə xatirələrini bölüşür.

Deyir ki,- “Mən o vaxtlar Əməkdar artist, Dövlət mükafatı laureatı idim və 1998-ci ildə Heydər Əliyevin imzası ilə Xalq artisti adına layiq görüldüm. O, tez-tez teatra gəlir, tamaşalara baxır və sənət adamları ilə görüşərək onların qayğıları ilə maraqlanırdı. Yaxşı yadımdadır, Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını da izləmişdi və tamaşa çox xoşuna gəlmişdi. Orada da tamaşadan sonra ənənəvi olaraq səhnə arxasında tamaşanın yaradıcı heyəti ilə görüşüb səhnə əsəri ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Dedi ki, “Bu bizim türk kökümüzə layiq bir əsərdir”. İşinin gərgin olmasına baxmayaraq elə bir yeni tamaşa olmazdı ki, Ulu Öndər həmin tamaşaya gəlib baxmasın. Bu, onun Azərbaycan ədəbiyyatına sevgisindən, sözə həssas münasibətindən irəli gəlirdi. Allah ona rəhmət eləsin!”

İllər onu heç dəyişməyib. Yenə də gənc çılğınlığı ilə hadisələrə, gündəmdə olan məsələlərə münasibət bildirir. Ünsiyyətdə mehriban və diqqətlidir. Şux geyimi, ruh yüksəkliyi ilə fərqlənir. Məzəli zarafatları, şirin söhbətləri adama ləzzət verir. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür...

Avqustun 4-də haqqında söhbət açdığım xalq artistinin 80 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, can sağlığı, ağrı-acısız günlər, xoş əhval-ruhiyyə arzulayıram.

Çox yaşasın!

Elman Eldaroğlu

Xudaferin.eu

16:10