Ərəb mediası: Azərbaycan Prezidenti Ermənistanla sülhün çox yaxın olduğunu bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdən sonra mətbuata verdiyi bəyanat ərəb ölkələrinin mediasında geniş yer alıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Misirin “Əl Qahirə”, “Əl Əhram”, İraqın “Əl Ğad”, “Əl Nəşrə”, Əlcəzairin “Şuruq”, Səudiyyə Ərəbistanının “Al Arabi”, Livanın “Sau Beyrut” qəzetləri öz oxucularına Prezident İlham Əliyevin bəyanatından mühüm məqamları təqdim ediblər.

Məqalələrdə vurğulanıb ki, Azərbaycanın dövlət başçısı ölkəsinin hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsində olduğunu qeyd edib. Onun sözlərinə görə, Brüsselə sonuncu səfəri zamanı Azərbaycanın belə bir təşəbbüs irəli sürdüyünü və Ermənistanın cavabını gözlədiyini bildirib. Prezident İlham Əliyev deyib: “Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.

Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti işğal dövründə danışıqların heç bir nəticə vermədiyini, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz olduğunu təəssüflə qeyd edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək ki, bu da Cənubi Qafqazda çox ciddi dəyişiklik yaradacaq və çoxdandır gözlənilən sülh bərqərar olacaq.
 

Xudaferin.eu

15:41