Umud Mirzəyev: Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti Ermənistanın terrorçu niyyətinin əsas hissəsidir

Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammiti işə başlayıb. Bu nüfuzlu tədbirdə 30-dan çox ölkənin yüksəkvəzifəli nümayəndələri iştirak edirlər. Biz də bir qrup vətəndaş cəmiyyəti nümayəndələri olaraq bütöv region üçün təhdid hesab edilən Ermənistanın qəza vəziyyətində olan və istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı sammitin həmsədrlərinə müraciət etdik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib. O qeyd edib ki, 50 ilə yaxın yaşı olan Metsamor Atom Elektrik Stansiyası bu gün Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük təhlükə mənbəyidir. Çox təəssüf ki, hər ötən gün bu risk artır və bu prosesi dayandırmaq üçün ciddi şəkildə tədbir görən hələ də yoxdur. Sanki göz görə-görə ikinci Çernobıl hadisəsinə doğru gedirik.

Dəfələrlə bununla bağlı müraciətlər edilməsinə baxmayaraq Ermənistan hələ də bu stansiyanın fəaliyyətini dayandırmaq niyyətində deyil, əksinə onun maye tullantılarını transsərhəd çayı olan Araza axıtmaqla birbaşa cinayət etməkdədir. “Düşünürəm ki, stansiyanın fəaliyyəti beynəlxalq cinayətdir, terror aktıdır. Nəinki qonşu ölkələr, o cümlədən bütün region üçün təhdid və hədə-qorxu silahıdır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözügedən sammitdəki çıxışında Azərbaycanın AEBA ilə birgə ölkəmizin ən böyük problemlərindən olan mina təhdidinə qarşı mübarizə sahəsində nüvə texnologiyasının tətbiqi ilə bağlı araşdırmaların aparıldığını qeyd edib. Bu, çox unikal və vacib bir təşəbbüsdür. Ancaq məni düşündürən əsas məqam isə həm mina, həm də AES təhlükəsinin oxşar ciddiliyi və eyni mənbədən yaranmasıdır. Bütün bunlar təsadüfi deyil və Ermənistanın terrorçu niyyətinin əsas hissəsidir”,- deyə U. Mirzəyev vurğulayıb.

Xudaferin.eu

13:03