ABŞ-da keçirilən beynəlxalq tədbirdə Azərbaycanın mina problemi müzakirə olunub

ABŞ-ın Napa vadisində “Sülhün Kökləri” humanitar təşkilatı tərəfindən “Sülh üçün çağırış festivalı” keçirilib. Tədbir təhlükəli ərazilərin minalardan təmizlənməsi, müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün vəsait toplanması məsələlərinə həsr olunur.

“Sülhün Kökləri” təşkilatının təsisçisi və rəhbəri Haydi Kun dünyanın 30 ölkəsində 30 milyondan çox mina basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi təsir göstərdiyini vurğulayıb. Həmçinin Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, cari ilin mart ayında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalanmış əraziləri görüb və beynəlxalq ictimaiyyətə çağırış edib. Eyni zamanda, Qarabağda icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıb.

Sonra BAMF tərəfindən hazırlanmış və Haydi Kunun Qarabağa səfərini, təəssüratını, minaların törətdiyi amansız reallığı, gələcək nəsillərin təhlükəsizliyi naminə minalanmış sahələri üzüm bağları ilə əvəz etmək üçün birgə əməkdaşlığa çağırışı əks etdirən videoçarx nümayiş olunub.

Birinci paneldə çıxış edənlər Azərbaycanın mina problemi və onun həllinə beynəlxalq dəstək göstərilmədi istiqamətində müzakirələr aparıblar. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina basdırılıb. Mina problem bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə yaradır. Baş vermiş 158 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb.

Vurğulanıb ki, Azərbaycan hökuməti tərəfindən aparılan minatəmizləmə əməliyyatları dayanıqlı inkişafa xidmət edir.

Tədbir ABŞ, Kolumbiya, Yaponiya, Ukrayna, Belarus, Xorvatiya, Livan və Laosdan gəlmiş nümayəndələrin çıxışları dinlənilib.

BAMF-in Qarabağda “Minalardan üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edilib. Festival çərçivəsində hazırlanmış Azərbaycan stendi iştirakçıların diqqətini cəlb edib.

Xudaferin.eu

 

16:14