Brüssel görüşü Ermənistana baha başa gələcək - ŞƏRH

Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ-ın Brüsseldə keçirilməsi nəzərdə tutulan birgə görüşü ikili standartlara əsaslanmaqla həm qərəzlidir, həm də regionda sülhün, əmin-amanlığın təmin edilməsinə deyil, münaqişənin yenidən qızışdırılmasına, yeni müharibənin yaradılmasına hesablanıb. Bu, bilavasitə Azərbaycanın suverenliyinə təhdiddir. Ermənistanın tam dəstəklənməsi onun yenidən müharibəyə cəlb olunması deməkdir. Həmin hərəkətlərə görə sözsüz ki, Ermənistanla bərabər, Aİ və ABŞ-da məsuliyyət daşıyır. Çünki reallıqları nəzərə almamaq, hadisələrə birtərəfli yanaşmaq, Ermənistanın mövqeyindən çıxış etmək Azərbaycanın milli maraqlarına ziddir, suverenliyimizə təhdiddir və bilavasitə siyasi xəyanətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

Komitə sədri bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində, milyondan çox insanın ağır həyat şəraitində yaşadığı illərdə Avropa İttifaqı, eləcə də ABŞ ölkəmizə dəstəyini nümayiş etdirmədi, əksinə, Azərbaycan ABŞ Konqresinin 907-ci düzəlişi ilə ayrı-seçkiliyə məruz qaldı. Avropa parlamentariləri dövlətimizin haqlı səsinə səs vermədilər, böhtan, şantaj xarakterli bəyanatları, qətnamələri ilə təcavüzkarları müdafiəyə qalxdılar. Qeyd edilib ki, beynəlxalq hüquqa zidd olan belə hallar bu gün daha da qabardılır və Aİ-nin, ABŞ-ın və Ermənistanın səyləri bilavasitə təcavüzkar dövləti böhran vəziyyətindən çıxarıb Cənubi Qafqazda sülhün yaradılmasına yox, bilavasitə Rusiyanın regiondan kənarlaşdırılmasına, İranın təsir altına alınmasına, Azərbaycan üçün gələcək təhlükənin meydana çıxmasına yönəldilib. Paşinyan hökuməti həmin təhlükəli şəraiti yaratmaqla, ilk növbədə, Ermənistanı risk qarşısında qoyur və erməni xalqını fəlakətə aparır. Ermənistanda revanşist qüvvələrin fəallaşması, müharibəyə yeni çağırışlar, ölkənin silahlandırılması, xarici dövlətlərin qoltuğuna sığınmaq gələcək üçün yaxşı heç nə vəd etmir. Çünki Rusiya heç vaxt Ermənistanın həmin xəyanətkar hərəkətlərinin sonadək davam etməsinə, NATO qüvvələrinin Ermənistan ərazisində yerləşdirilməsinə yol verməyəcək.

“Ermənistanın Rusiya ilə hərbi ittifaqdan çıxması məsələsi də şübhə altındadır. Zənnimcə, bu, Vaşinqton və Brüssel üçün nailiyyət hesab olunsa da, Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcək. Sergey Lavrovun dediyi kimi, “Ermənistanın NATO ilə dialoqunun dərinləşməsi Ermənistanın müdafiə suverenliyini itirməsinə gətirib çıxarır”. Rəsmi Bakıya gəldikdə isə, keçirilən həmin görüş Azərbaycana bir təsir vasitəsi rolunu oynayır və ölkəmizi Rusiya ilə münasibətlərində, əməkdaşlıqda geriyə doğru addım atmağa məcbur etmək xarakteri daşıyır. Ancaq Azərbaycan həmin təsirlərə məruz qala bilməz və ölkəmizin rəhbəri İlham Əliyevin bildirdiyi kimi, biz heç bir dövlətin diktəsi ilə hərəkət etmirik və heç bir qüvvə bizi tutduğumuz ədalətli yoldan döndərə bilməz. Çünki Azərbaycan öz fəaliyyətində, siyasi gedişlərində beynəlxalq normalara, reallıqlara əsaslanır və haqq-ədalət uğrunda mübarizə aparır. Sülh, əmin-amanlıq, əməkdaşlıq, təhlükəsizlik Azərbaycan dövlətinin başlıca amalıdır”, - deyə T.Rzayev vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycan öz siyasətini, iqtisadiyyatını özü müstəqil həll etməyə, ordusunu gücləndirməyə, xalqını bir məqsəd uğrunda səfərbər etməyə qadirdir. Ölkəmiz Ermənistanla münasibətləri heç bir vasitəçi olmadan həll etmək qərarındadır. Vaşinqton və Brüsselin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə heç bir faydası yoxdur. Onlar bu yolda öz şəxsi mənafelərini düşünür və Ermənistandan bir oyuncaq, vasitə kimi istifadə edirlər. Ermənistanın çıxış yolu isə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından, tezliklə sülh müqaviləsinin imzalannasından keçir. Təcavüzkar dövlətin region ölkələrinə problemlər yaşatmaq cəhdi, Rusiyaya xəyanət yolu tutması ona çox baha başa gələcək. Ermənistan hakimiyyəti bu barədə ciddi düşünməli, səhv mövqeyindən çəkinməlidir.

Xudaferin.eu

13:08