“The Gazette”: Azərbaycan və türk mənşəli amerikalılar 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsini anırlar

Amerikada çıxan “The Gazette” nəşrində ABŞ Azərbaycan icmasının üzvünün “Azərbaycan və türk mənşəli amerikalılar 11 sentyabr terror aktlarının qurbanlarının xatirəsini anırlar" sərlövhəli məqaləsi dərc olunub.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, materialda 11 sentyabr 2001-ci il terror aktlarından və 1990-cı illərdə ermənilərin Azərbaycana qarşı törətdiyi terrorizmdən bəhs edilir.

Məqalədə qeyd edilir ki, 2001-ci il sentyabrın 11-i Amerika tarixinin ən kədərli səhifələrindən biri olub. Terror aktları nəticəsində bir neçə saat ərzində təxminən 3000 insan həlak oldu. ABŞ-ın Azərbaycan və türk icmaları terror aktlarının qurbanlarının və başqalarını xilas edərkən öz həyatlarını qurban vermiş könüllülərin xatirəsini anırlar.

Materialda vurğulanır ki, 50 ildən artıq müddətdə erməni terror təşkilatları tərəfindən Türkiyədə və Azərbaycanda, həmçinin ABŞ-da və Qərbi Avropada törədilmiş terror aktları nəticəsində minlərlə türk və azərbaycanlı həlak olub. 1988-1994-cü illərdə Ermənistan tərəfindən hərbi təcavüz nəticəsində 27.000-dən çox azərbaycanlı öldürülüb, bir milyona yaxın azərbaycanlı öz yurdundan zorla qovulub.

11 sentyabr terror aktlarından sonra Prezident Corc U. Buş demişdi: “Bizim düşmənlərimizi ədalət məhkəməsinə verib-verməyəcəyimizdən asılı olmayaraq, ədalət qalib gələcək”.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi Amerika ictimaiyyətinin ABŞ və Azərbaycan arasında əməkdaşlıq və ikitərəfli münasibətlər, erməni təcavüzü və rəsmi Yerevanın separatizm siyasəti haqqında məlumatlandırılması üzrə yazılı kampaniya çərçivəsində dərc edilib.

Xudaferin.eu

16:28