İnsanlıq adına utanc…

Bu günlərdə bir sənədli filmə baxdım. Heyrət!
Nə görmüşdüm, nə eşitmişdim, bəlkə sizlər bilirsiniz, amma mən ilk dəfə görürdüm ki, yenicə vidalaşdığımız 20-ci əsrdə, Avropada insanlar heyvanxanada, dəmir qəfəsdə saxlanıb, tamaşasına bilet satılıb.
Sən demə, ötən əsrin 40-cu illərinə qədər London insan heyvanxanasının mərkəzi imiş. İkinci yeri Paris tuturmuş, ardıyca Berlin və s.

İngiltərə, Fransa, eləcə də digər imperialist Avropa ölkələrinin təmsilçiləri işğal etdikləri ərazilərdən - Afrikadan, Uzaq Şərqdən, Avstraliyadan bəzən oğurlayb, bəzən işçi müqaviləsi ilə gətirdikləri insanları Avropa şəhərlərində heyvanxanaya salır, gerçək heyvanlarla yanaşı qəfəslərdə nümayiş edirmişlər.

Demək, heyvanların nümayiş edildiyi, zoopark dediyimiz məkanda, heyvanxanada... Afrikadan, Uzaq Şərqdən, Avstraliyadan gətirilmiş insanlar nümayiş edilir, heyvanlarla eyni şəraitdə, dəmir qəfəsdə saxlanılır. Zənciləri qorilla meymunlarla eyni qəfəsdə saxlayır, eyni yemlə yemləyirdilər.

Filmdə göstrilən video və fotolar ürpərdici idi. Londonlu analar uşaqlarının əllərindən tutub gülə-gülə, sevinclə qəfəsə salınmış bu insanlara tamaşa edir, onlara yemək, konfet kağızı atırdılar.
Tamaşaçı cəlb etmək üçün bəzilərinin dişlərini ucubiz yontalayıb adamyeyənlər adı altında göstərirlər. Bəzilərinin boyunlarına, ayaqlarına zəncir vurublar. Bəzi qəfəslərdə 10-15 nəfər icma kimi saxlanır, vəhşi səslər çıxarıb, bir-biri ilə savaşıb tamaşaçıları əyləndirmyə məcbur edilirlər.
Londonlular heyvan yerinə qoyulmiş bu adamlara çörək, konfet atırlar. Eyni ilə digər qəfəsdəki heyvanlara yem atdıqları kimi.

İsti yerlərdən gətirilmiş bu adamlar Avropa iqlimində heyvanxanada yarıçılpaq yaşamağa məcbur edilir, xəstələnir, az vaxtda ölür, yeniləri daşınıb gətirilir. Bu iş az müddətdə həmin dövrün ən gəlirli biznesinə çevrilir. İngilislər və fransızlar insan heyvanxanalarından ağlagəlməz paralar qazanır. Nümayişə gələnlərin sayı rekord qırır.

Filmi görməsən təsəvvür etmək çətindir.

Qara və fərqli irq təmsilçilərinin London heyvanxanalarında nümayişi 1870-ci ildən başlayaraq 60 ildən çox davam edir. Və həmin dövrdə Avropada dalğalanan insan haqları hərəkatı uzun illər bu insanlara aid edilmir.

Avropa paytaxtlarında əxlaqsızca, alçaqca, vəhşicə məhv edilmiş bu adamların indi Avstraliyada təşkilatları var. Onlar dəhşətli xatirələr danışır, anım günləri keçirirlər.

İnsanlıq adına utanc...

Mehriban Vəzir

Xudaferin.eu

15:40