Moldovanın xəbər portalında Heydər Əliyevin 100 illiyi ilə bağlı məqalə dərc edilib

Moldovanın “Rupor” xəbər portalında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC-ın Ukrayna və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin müəllifi olduğu məqalədə Heydər Əliyevin Azərbaycan və Moldova münasibətlərinin inkişafında misilsiz xidmətindən bəhs edilib.

Məqalədə qeyd olunur ki, iki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev Azərbaycan-Moldova dostluğunun əsasını qoyub. Azərbaycan yürütdüyü uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, o cümlədən Moldovanın strateji tərəfdaşıdır.

Məqalədə Moldovanın sabiq Prezidenti Pyotr Luçinskinin AZƏRTAC-a müsahibəsində Ulu Öndərlə bağlı xatirələrinə də yer verilib. Qeyd olunur ki, Heydər Əliyevin qətiyyəti və möhkəm iradəsi ona müxtəlif çətin vəziyyətlərdə məsuliyyətli, düzgün qərarlar qəbul etməyə imkan verirdi.

Müəllif yazır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin siyasətini uğurla davam və inkişaf etdirir. Azərbaycan Prezidenti atasının vəsiyyətini yerinə yetirərək 2020-ci ildə işğal altındakı torpaqları azad edib.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda Ulu Öndər erası davam edir, zamanın fövqündə dayanan Heydər Əliyev ideyaları yaşayır, qalib gəlir. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı və siyasi kursu yaşayacaq, ölkəmizin inkişaf salnaməsi parlaq səhifələrlə dolacaq.

Xudaferin.eu

16:30