Nəticəsi Ömər Faiqə qarşı ədalətsizlikdən DANIŞDI: "Bakıdakı o restoran bizi "gözəl" bir hesabla mükafatlandırdı"

"Prezidentimizin bu sözləri ailəmiz üçün çox dəyərlidir"

"Ömər Faiq demək olar ki, bu günə qədər tam bəraət almayıb"

"Ömər Faiqin bu fikirləri böyük əks-səda doğurdu"

24 dekabr "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin doğum günüdür.

Musavat.com Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin İngiltərənin Kembric şəhərində yaşayan nəticəsi Ülviyyə Pepinova ilə müsahibəni təqdim edir:

WhatsApp Image 2022-11-23 at 01.38.55.jpeg (168 KB)

- Ülviyyə xanım, əksəriyyət Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin" jurnalının təsisçisi olduğunu bilmir. Ömər Faiqin xidmətlərinin kölgədə qalması nə ilə bağlıdır?

- Təəssüf ki, Ömər Faiq inanılmaz və anlaşılmayan dərəcədə tarixi ədalətsizliyin qurbanı olub. O, türkçülük ideyaları əsasında liberal-mütərəqqi müsəlman cəmiyyət modelinin formalaşması, türk xalqlarının hüquqları uğrunda müstəsna fədakarlıqla mübarizə aparıb, dəfələrlə təqib və həbslərə, ən ağır həyat sınaqlarına məruz qalıb, 10 oktyabr 1937-ci ildə Stalin repressiyalarının qurbanı olaraq  güllələnib. Nemanzadənin dəfn olunduğu yer məlum deyil.

Nə sovet vaxtında, nə də SSRİ-nin dağılmasından sonra Ömər Faiqin adı layiq olduğu yeri tutub. Hər hansı bir qaynaqda Ömər Faiqin "Molla Nəsrəddin" jurnalının təsisçilərindən biri olduğu faktı qeyd edilməyib.

WhatsApp Image 2022-11-23 at 01.54.13.jpeg (817 KB)

Halbuki bu jurnal onun və yaxın dostu, həmkarı Mirzə Cəlilin ortaq əməyi sayəsində ərsəyə gəlib. Stalin repressiyaları qurbanlarının tam bəraət qazanmaları məsələsində də eyni mənzərəni görürük. 1958-ci ildə Stalinin ölümündən sonra repressiya qurbanları bəraət qazansa da, demək olar ki, sadəcə Sovet İttifaqının dağılmasından sonra onların fəaliyyəti və yaradıcılığı tam şəkildə araşdırılıb, onlara tarixi qiymət verilib. Amma Ömər Faiq demək olar ki, bu günə qədər tam bəraət almayıb, çünki onun əməyi cəmiyyətimiz tərəfindən layiq olduğu şəkildə qiymətləndirilməyib. Ömər Faiq bu gün bir çox mənbələrdə göstərildiyi kimi, sadəcə mollanəsrəddinçilərdən biri deyildi, o, bu hərəkatın qurucularından idi. "Molla Nəsrəddin"in satirik-karikatur jurnal kimi fəaliyyət göstərməsi fikrinin də ona aid olduğunu qeyd etmək istərdim. Ömər Faiq Türkiyədə təhsil aldığı və eyni zamanda çar hakimiyyəti tərəfindən liberal düşüncələrinə görə təqib edildiyi üçün onun adına mətbəə açılmasına qəti şəkildə icazə verilmirdi.

"Molla Nəsrəddin" jurnalı maddi-mənəvi olaraq eyni dərəcədə həm Mirzə Cəlil, həm də Ömər Faiq Nemanzadənin əməyinin məhsuludur.

WhatsApp Image 2022-11-23 at 12.37.06.jpeg (57 KB)

Maddi məsələlərin üzərində dayanmaq bəlkə də düzgün deyil, amma xatırlatmaq istəyirəm ki, " "Qeyrət" mətbəəsinin payçıları kim olub?", "Kim nə qədər yatırım edib?" kimi məsələlər hələ də araşdırılmayıb. Öz nənəmdən bildiyim qədər, Ömər Faiq varını-yoxunu bu ideyaya sərf edib və bundan qazancı olmayıb. Hətta jurnalın çətin günlərində Ömər Faiqin həyat yoldaşı Abidə xanım öz qızıllarını da satmışdı. Bir çox qaynaqda Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın jurnala verdiyi maddi kömək haqqında məlumatlara rast gəlirik, amma qeyd etdiyim faktlar yoxdur. Hesab edirəm ki, Ömər Faiqə qarşı bu ədalətsizlik Mirzə Cəlilə də qarşı bir ədalətsizlikdir, çünki Ömər Faiq onun can dostu olub və o, öz can dostuna qarşı bu adalətsizliyə yol verilməsini istəməzdi. Ömər Faiqin nəticəsi olaraq bunları xatırlatmağı  özümə mənəvi borc hesab edirəm. Xatırlatmaq istəyirəm  ki, Ömər Faiq  həftəlik jurnalın müntəzəm şəkildə çıxmasını təmin edən, o dövrün odlu vətənpərvərlərini, o cümlədən Sabiri bir araya gətirən kollektivi yaradan şəxsdir. O, bir çox məqalə və mətnlərin müəllifidir, eyni zamanda "Molla Nəsrəddin" jurnalına dünya şöhrəti gətirən Şmerlinq və Rotterin məşhur karikatura süjetlərinin fikir müəllifidir. Onu da xatırlatmaq istəyirəm ki, Ömər Faiq fəaliyyətinin zirvəsi sayılan 1906-1911-ci illərdə "Molla Nəsrəddin" jurnalının döyünən ürəyi idi. Bunu aktual mövzulara dair fikirlərindən, yetişmiş bir publisist kimi kəskin dili ilə yazdığı məqalələrdən aydın görmək olar. Belə ki, məhz hakimiyyətin qəzəbinə səbəb olan məqalələrin müəllifi və jurnalın əsas məsul şəxsi kimi o, 1907 və 1909-cu illərdə həbs olunur, bu həbslərdən sonra Sabir şəxsən öz poetik müraciətlərini ona həsr edir. Ömər Faiq yalnız "Molla Nəsrəddin" jurnalının yaradıcısı deyil, eyni zamanda türk xalqlarının milli şüurunun formalaşmasının əsas ideoloqlarından biridir.

Molla Nəsrəddin, Azərbaycan mətbuatı və maarifçilik ideyalarının tarixi məsələlərindən bəhs edilərkən hansı isimlər irəli sürülür?  Bu mövzular ilə əlaqədar hər hansı tədbir, sərgi keçirilərkən, məktəb və universitet dərsliklərində,  jurnal, qəzet və media portallarında material çap olunanda hansı adlar irəli sürülür? Bu isimlər arasında Ömər Faiq varmı? Demək olar ki, ya yoxdur, ya da son sıralardadır. 

Niyə Ömər Faiq kimi millətimizin varlığı uğrunda canını fəda edən şəxsiyyətin  fəaliyyəti və yaradıcılığına önəm verilmir?..

Tarixçilərə, filoloqlara, ədəbiyyatşünaslara, "Molla Nəsrəddin" irsinin araşdırmaçılarına, özlərini bu işin mütəxəssisi hesab edən jurnalistlərə açıq sualım var: "Bütün bu illər ərzində sizi bu məsələ narahat etmirdi?" 30 ildir ki, müstəqil bir dövlətik, amma sanki hələ də sovetpərəst bir tarixşünaslıqdan əl çəkə bilmirik.

Ömər Faiq üçün Qafqaz türkləri bir bütün idi, onun üçün onlar arasında bir fərq mövcud deyildi. O, doğulduğu Axalsıxda xalqı üçün qayğılandığı kimi, eyni şəkildə 1898-ci ildən Şəki şəhərindən başlayaraq özünü müəllimliyə, daha sonra jurnalistikaya və ictimai-siyasi fəaliyyətə həsr edərək, Azərbaycanda da var gücü ilə xalqı üçün çalışaraq ömrünün sonuna qədər ona xidmət edib. Birini taxta çıxarmaq, digərini isə aşağı salmaq meyli sovet elminin tarixində geniş yayılmışdı. İstərdim ki, müasir Azərbaycanın elmi mühitində, habelə humanitar elmlərdə birtərəfli yanaşmanı şərtləndirən köhnəlmiş metodologiyanın əvəzinə beynəlxalq standartlara uyğun elmi-tədqiqat metodları daha fəal şəkildə tətbiq olunsun, beləliklə də tariximizin yenidən nəzərdən keçiriləcəyinə ümidlə baxa bilərik. Tarixi şəxsiyyətlərin dirçəlişi məsələsinə sistemli və fundamental yanaşma olmalıdır. Bu da ara-sıra haqlarında məqalə və oçerk yazmaq, ara-sıra onları xatırlamaq, şəkillərini paylaşmaq deyil. Bu tarixi şəxslər qismən deyil, tam olarak reabilitasiya olunmalıdırlar. Ömər Faiq üçün də 1958-ci ildə rəsmi olaraq başlayan reabilitasiya prosesi qismən deyil, tam olmalıdır.

WhatsApp Image 2022-11-23 at 01.53.16.jpeg (459 KB)

Sizə maraqlı bir əhvalat danışmaq  istəyirəm. Ötən ilin yay aylarında məni Bakıdakı məşhur Muzey restoranına dəvət etmişdilər, yəqin ki, tarixlə bağlı olduğu üçün xoşuma gələcəyini düşünmüşdülər. Orada bir çox tarixi şəxsiyyətlərimizə həsr olunan otaqlar var idi və ayrıca "Molla Nəsrəddin"ə həsr edilmiş bir otaq. Sizcə, mən orada Ömər Faiqlə bağlı hər hansı məlumat tapa bildimmi?  Əlbəttə ki, yox! Restoranın müdiriyyətinə yaxınlaşdıq, "Molla Nəsrəddin"in həmtəsisçisi haqqında məlumat, şəkillər təklif etdik, amma müdiriyyət maraq göstərmədiyimi kimi, axırda bizi "gözəl" bir hesabla mükafatlandırdı. 

Bütün bu söylədiklərimə rağmən, bunu da qeyd etmək istərdim ki, bu il bütün bu məsələlərdə çox önəmli dəyişikliklər olub. Cənab Prezident İlham Əliyev Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır: "Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş "Qeyrət" mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur "Molla Nəsrəddin" jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib".

Prezidentimizin bu sözləri ailəmiz üçün çox dəyərlidir. İllərdir gözlədiyimiz xəbəri aldıq. Ömər Faiqin töhfələri ölkəmizin başçısı tərəfindən layiqincə dəyərləndirildi. Sizin platformadan da istifadə edərək bir daha Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəmiz adından minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm ki, ölkə başçısının sərəncamından sonra keçiriləcək yubiley tədbirləri mövcud boşluqları dolduracaq, Ömər Faiq Nemanzadə irsi yenidən öyrəniləcək və tam şəkildə bərpa olunacaq.

WhatsApp Image 2022-11-23 at 01.53.12 (1).jpeg (1.77 MB)

- Nemanzadə ilə bağlı hansı maraqlı söhbətləri eşitmisiniz?

- Ömər Faiqin tarixi bir şəxsiyyət kimi nəhəngliyini və nüfuzunu Moskva və Bakı arasında keçən uşaqlıq dövrümdən dərk etməyə başlamışdım. Sovet İttifaqında böyüyən bir uşaq üçün qeyri-adi olan köhnə ailə fotoşəkilləri, hələ də ailə kitabxanasında bəzi nüsxələri saxlanılan qeyri-adi gözəlliyə sahib, məzəli şəkilləri olan "Molla Nəsrəddin" jurnalının orijinal nüsxələri ulu babamın görkəmli bir şəxs olduğundan xəbər verirdi. Yenidənqurma dövrünə təsadüf edən yeniyetməlik dövrümdə Ömər Faiqin qızı - nənəm Kamilənin oğulları Rauf, Fuad və qızı Gülarə ilə səssizcə danışmaqlarından, bəzən isə onun haqqında anlaşılmaz bir tərzdə bəhs etmələrindən Ömər Faiq  haqqında daha çox şey dərk etməyə başladım. Sovet dövründə uzun müddət davam edən informasiya aclığından sonra sirr olaraq saxlanılan tarixi həqiqətlərin üzə çıxarılmasına marağın 80-ci illərin ikinci yarısından başlayaraq artdığının şahidi oldum. Moskvada, valideynlərimin evində atam Fuadla müsahibə almaq üçün gələnlərin sayının günü-gündən artdığının şahidi oldum. Kameralarla, diktofonlarla gələn qonaqlara şirniyyat bişirərək çox sevdiyim mürəbbə ilə çay vermək yeniyetmə bir qız uşağı üçün böyük maraq doğururdu. Türkiyədən gələn qonaqlarımız Moskvada böyüyən bir yeniyetmə üçün o dövrdə uzaq görünsə də, doğmalığını içimdə hiss edə bilirdim. Məndə belə bir təəssürat yaranmışdı ki, Azərbaycandan kənar yaşamağıma baxmayaraq, ulu babam Ömər Faiq Nemanzadənin xatırlanması üçün tədqiqatçı və jurnalistlərin təşəbbüslərini, səylərini uzaq məsafədən dəstəkləyə bilərəm. Zaman göstərdi ki, bu mən tərəfindən sadəlövh şəkildə düşünülmüş bir fərziyyədir.

Ömər Faiqin kimliyi haqqında məlumatı daha çox rəhmətlik nənəm Kamilə və atam Fuad bəyin söhbətlərindən alırdım. Öyrəndim ki, ulu babam Ömər Faiq kəskin sözlü olub, müəyyən prinsiplərə malik olub və bu prinsipləri uğrunda çox sərt davranışlar sərgiləyə bilib, amma bir o qədər də həssas olub, xüsusilə də xanımı Abidə xanım və uşaqları Kamil, Kamilə, Adilə və Bəxtliyə qarşı. Onlara böyük sevgi və hörmətlə yanaşarmış.

WhatsApp Image 2022-11-23 at 01.53.11.jpeg (396 KB)

Bir maraqlı məqam da ondan ibarətdir ki, Ömər Faiqin özünəməxsus yumor anlayışı olub, daha doğrusu, ironiya hissi. Ailə hekayələrindən mənə ən çox təsir edən Ömər Faiq və Əhməd Bəy Pepinovun (Ömər Faiqin bacısı oğlu) həbsdə çəkdikləri əzablar olub, lakin bunları danışmaq və ya yazmaq asan deyil.

- Ömər Faiq Nemanzadənin olduğu kimi tanıdılması istiqamətində hansı işləri görmüsünüz?

- 2019-cu ildən etibarən Ömər Faiqə həsr olunmuş xatirə-məlumat saytı "omarfaig.info" ilə əlaqəli işləri icra edirəm. Hazırda bu layihə ancaq Azərbaycan ictimaiyyətinə, akademik dairələrə, Elm və Təhsil Nazirliyinə müraciət etmək üçün bir cəhddən ibarətdir. Ömər Faiqin adı Azərbaycanda geniş miqyasda cəmiyyətə tanıtdırılmayıb. Əlbəttə ki, kəskin ədəbi dilinə görə ona hörmət edən, Ömər Faiqin jurnalistikasını sevənlər də var. Lakin bu, ümumi bir tendensiya deyil. Şəxsən mən mütəmadi olaraq müxtəlif yaş və peşə sahibi olan həmvətənlərimdən "Ömər Faiq kimdir?" sualını eşidirəm, halbuki onların "Molla Nəsrəddin" və Mirzə Cəlil Məmmədquluzadə haqqında geniş məlumatı var. "omarfaig.info"dakı materialları sosial şəbəkələrdə paylaşmaq üçün 2019-cu ildə "Ömər Faiq Nemanzadə" feysbuk səhifəsini yaratdıq. 2021-ci ildən etibarən iki azərbaycanlı gənc yazıçı və maarifpərvər insan bizə yardım əli uzatdı və bu səhifənin aparılması işini ələ aldılar. Buna görə onlara minnətdaram. Fikrimcə, bu səhifənin ailə üzvləri tərəfindən aparılması sərbəst fikirlərin ifadə edilməsini məhdudlaşdıra bilər. İstərdim ki, oxuyucular öz fikirlərini sərbəst şəkildə ifadə edə bilsinlər. Ümid edirəm ki, bu yolla Azərbaycan ictimaiyyətinin, eləcə də elmi dairələrin diqqətini Ömər Faiq kimi bir şəxsiyyətə, onun tariximizdəki roluna cəlb edə biləcəyəm. Məsələn, İkinci Qarabağ müharibəsi başlamamışdan xeyli əvvəl - 2020-ci ilin yanvar ayında Ömər Faiqin feysbuk səhifəsində onun Zəngəzur və Qarabağ haqqında 1906-cı il tarixli məqaləsində fikirlərini paylaşmışdım. Onun o dövrdə söylədiyi sözlər müasir dönəmdəki durumu o qədər doğru əks etdirirdi ki, bu fikir böyük əks-səda doğurdu:

"Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxacaq. Əgər oralar əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdır.

                                                                                                 Ömər Faiq Nemanzadə.

                                                                  "İrşad" qəzeti. 1906-cı il. 282-ci nömrə"

Oxuyucuları Ömər Faiqin feysbuk səhifəsinə və xatirə vebsaytı olan "omarfaig.info"ya (4 dildə) tez-tez daxil olmağa dəvət edirəm.

- Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə necə hazırlaşırsınız? Nemanzadə adına daha hansı işlərin görülməsini istərdiniz?

- Bir çox tədbir və TV proqramı planlaşdırılıb, əminəm ki, rəsmi olaraq Mədəniyyət Nazirliyi, AMEA, TV və başqa strukturlar müəyyən tədbirlər keçirəcəklər, ictimaiyyəti bilgiləndirəcəklər. Ailə üzvlərimiz, o cümlədən mən də imkan dərəcəsində bu tədbirlərdə iştirak etməyə çalışacağıq. Çox istərdim ki, Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı mövzusu yenidən təhsil proqramlarımıza daxil edilsin, hətta daha geniş miqyasda, əsas da universitetlərimizin proqramlarına. Bu da Elm və Təhsil Nazirliyinin öhdəliyində olan bir məsələdir. Daha çox elmi araşdırmanın ərsəyə gəlməsini istərdim. Məlum olduğu kimi, Ömər Faiq ilk üsuli-cədid məktəblərində dərs deyib, Şəki, Şamaxı, Gəncə və Bakıda. Dünyəvi təhsilin banilərindən biridir. Bəlkə də çalışdığı bu məktəblərdən biri onun adını daşısaydı, tariximizin unudulmamasına bir töhfə ola bilərdi. Ömər Faiq Nemanzadənin Bakı şəhər baş polis nəzarətçisi vəzifəsini yerinə yetirdiyi dövrdə yaşadığı və çalışdığı bina (Həmin bina İstiqlaliyyət küçəsi 7 ünvanında yerləşir, keçmiş Nikolayevskaya küçəsi 7) üzərində xatirə lövhəsinin qoyulması məsələsinə də toxunmaq istərdim. Güllələnmiş ulu babamızın dəfn edildiyi yer haqda heç bir sənəd yoxdur. Ailə üzvlərimiz tərəfindən ulu babamızı anmaq üçün bir yerin olmaması bizi çox narahat edir. İstərdik elə bir yer olsun ki, simvolik da olsa, ulu babamızı təqdim etsin, onun xatirəsini yaşatsın. Biz də ora gül-çiçək dəstəsi apararaq onu ana bilək. Ömər Faiqin irsi ilə indiyə qədər yalnız Azərbaycan dilində tanış olmaq mümkündür. İngilis və rus dillərinə bədii tərcümələr layihəsi çox baha başa gəlir və peşəkar mütəxəssis zəhməti tələb edir. Peşəkar ədəbi tərcüməçilər axtarışındayam.

- Azərbaycanda ilk dəfə nə vaxt olmusunuz? Ölkəmizə tez-tez gəlirsiniz?

- Azərbaycana uşaqlığımda hər yay tətilində gəlirdim, həm Bakıya, həm də anamın doğma diyarı olan İlisu kəndinə, eyni zamanda Balakən rayonuna. Vaxtım az olduğuna görə Azərbaycana gələndə ya Bakıda, ya da bağımızda gözəl tətil günləri keçirirəm. Yəni mənim Azərbaycanla heç vaxt əlaqəm kəsilməyib. Rusiyada rusdilli olaraq böyümüşəm, lakin Azərbaycan və türk dillərini öyrənməyə çalışmışam. Bildiyiniz kimi, Ömər Faiq ana dili və milli ədəbiyyat məsələlərinə çox böyük əhəmiyyət verirdi. Lakin Ömər Faiq bir neçə xarici dildə sərbəst yazır və düşünürdü, rus dili də bura daxildir. 20 il yaşadığım Böyük Britaniyadakı Azərbaycan icmasının fəal üzvüyəm və Ömər Faiq irsini, ideyalarını yaşadığım yerdən asılı olmayaraq ürəyimdə daşıyıram. Azərbaycanın və bütün türk xalqlarının maraqlarını təmsil etməyi özümə borc bilirəm.

- Qarabağda olmusunuz?

- Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə işğaldan azad edilən ərazilərimizi iki dəfə ziyarət etmişəm. İlk səfər ötən ilin iyulunda baş tutdu. Həmin zaman zəfərin hansı çətinliklərlə əldə edildiyini anladım.

WhatsApp Image 2022-11-23 at 01.30.35 (1).jpeg (102 KB)

İkinci dəfə bu ilin aprel ayında Şuşadakı Zəfər Qurultayına qatıldım.

hikmet.jpeg (144 KB)

Zəfər yolu mənə xüsusi təəssürat bağışladı. Zəfər Qurultayında iştirak etmək qürurverici idi. Çox möhtəşəm bir tədbir keçirildi. Qurultayda şəhidlərimizi andıq, onların fədakarlığını, cəsurluğunu, vətənpərvərliyini xatırladıq. Şəhidlərimizin gözəl və təmiz ürəkləri, ruhları şad olsun! Xəzinə Şuşamızı öz gözümlə görmək və orada gəzmək nəsibim olduğu üçün xoşbəxtəm.

WhatsApp Image 2022-11-23 at 01.49.02 (1).jpeg (132 KB)

Aytən Novruz
Mənbə Musavat.com
Xudaferin.eu

 

09:32