Rəsulzadə Haqqında Maraqlı Araşdırma

Son illərdə Azərbaycan Cümhuriyyətinin ideoloqu və milli hərəkatın lideri M.Ə. Rəsulzadə haqqında cəmiyyətdə biliklər artır, çoxlu sayda kitab və məqalələr çap olunur. Bunlar çox yaxşıdır. Şübhəsiz ki, bu işdə dissertasiya və ya müəyyən hesabatlar üçün yazılmış ağır elmi üslublu əsərlərlə yanaşı geniş oxucu kütləsi üçün populyar dildə yazılmış ədəbiyyatlar çox önəmli rol oynayır. Bu baxımdan son bir neçə gündə birnəfəsə oxuyub başa çıxdığım “Məmməd Əmin Rəsulzadə” kitabı çox xoşuma gəldi. Gözəl tarixçi alim Firdovdiyyə Əhmədovanın elmi məsləhətçisi olan kitabın müəllifi tanınmış jurnalist Qulu Məhərrəmlidir. Kitab üçün çaraqlı üslub seçmiş Qulu müəllim olduqca axıcı publisistik bir dildə oxuculara Rəsulzadənin həyat hekayətini uğurla anlada bilmişdir. O, görkəmli tarixi şəxsiyyətin həyatını olduqca maraqlı (və olmuş) epizodlarla təsvir etməklə oxucunun özünü XX əsrin dramatik hadisələri içərisində hiss etməsinə şərait yaratmışdır. Bu kitabda müəllifin cazibədar publisistik dili, olduqca şirin təhkiyəsi, ayıq siyasi təfəkkürü və mürəkkəb tarixi-siyasi prosesləri dəqiq duyub-təsvir etmək bacarığı məni heyrətləndirdi.
Mənim nəzərimcə, Rəsulzadə haqqında ən dolğun və yüksək səviyyəli elmi araşdırmanı mərhum tarixçi dostumuz, professor Aydın Balayev aparıb, eyni adda gözəl kitab yazıb, həmin kitabı Moskvada və Bakıda çap etdirib. Aydının kitabı elmdə hansı səviyyədirsə, Q.Məhərrəmlinin kitabı da populyar-publisitik sahədə həmin səviyyədə dayanır.
Belə maraqlı əsər üçün Qulu müəllimə və “Altun kitab” nəşriyyatına təşəkkürlər!
Kitab mağazalarln çoxunda var, alıb oxuya bilərsiniz.

Etibar Əliyev

Xudaferin.eu

23:27