Sergey Qusarov: Heydər Əliyev Ukraynanın əsl dostu idi

Heydər Əliyev millətləri birləşdirə bildi və onu haqlı olaraq Azərbaycan xalqının Ümummilli Lideri adlandırırlar. Şəxsən mənim üçün Heydər Əliyev həmişə maraqlı insan olub, ondan nümunə götürmək istəyirdim. Onun Azərbaycan SSR DTK-da fəaliyyətə başladığı vaxtdan müstəqil Azərbaycanın dövlətinin Prezidentinə qədər keçdiyi peşə yolunu araşdırarkən mən əsl dövlət xadimi, ədəb və ləyaqətli şəxsiyyət görürəm. Heydər Əliyev üçün hər zaman ölkənin maraqları hər şeydən üstün olub.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın daxili işlər nazirinin sabiq birinci müavini, hüquq elmləri doktoru, professor, general-polkovnik Sergey Qusarov söyləyib.

“Mənim şəxsən peşəkar olmağımda Heydər Əliyevin mühüm rolu olub. Daxili işlər orqanlarında işləyərkən, sonra isə Ukrayna Ali Radasının deputat korpusunun üzvü kimi görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halına tez-tez qayıdırdım. Bir çox çətin vəziyyətlərdə onun qətiyyətli hərəkətlərini təhlil edərək, peşəkar suallara və ya problemin həlli addımlarına cavab tapırdım. O, son dərəcə savadlı, müdrik, balanslı, uzaqgörən, qarşısına qoyduğu məqsədə çatmağı bacaran şəxsiyyət idi”, - deyə Qusarov əlavə edib.

Onun sözlərinə görə, Heydər Əliyev Ukrayna və Azərbaycan xalqlarının tarixi dostluğunu möhkəmləndirdi. “Ukrayna üçün çətin anlarda, ötən əsrin 90-cı illərin sonundakı yanacaq böhranını xatırlayırıq, Azərbaycan Ukraynaya qaz təchizatında dəstək və yardım göstərmişdi. O vaxtkı Prezident Leonid Kuçma ona zəng edəndə Heydər Əliyev Ukraynanın əsl dostu kimi diplomatik əlaqələrindən və siyasi çəkisindən istifadə edərək ona kömək etdi. Bu, onun Ukraynaya şəxsi dəstəyi və sadiqliyi ilə bağlı yeganə hal deyil. Hələ SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyev Ukraynanın mədəni və iqtisadi potensialının inkişafı üçün çox böyük işlər görmüşdür. Xüsusilə, onun bilavasitə köməyi ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün vəsait ayrıldı. Onun təşəbbüsü ilə Obolon zavodu, uşaq qidası fabriki tikildi. Kiyev metrosunun ən yüksək səviyyədə tikintisində onun şəxsi dəstəyi danılmazdır. Hesab edirəm ki, Heydər Əliyevin Ukraynaya xüsusi münasibəti var idi”, - deyə Ukrayna Ali Radasının sabiq deputatı vurğulayıb.

Sergey Qusarov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev atası Heydər Əliyevin fəaliyyətini davam etdirərək, Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə dəstəyini əsirgəmir. Bu illər ərzində Azərbaycanın mövqeyi dəyişməyib və bu gün Azərbaycan Ukraynaya fövqəladə dəstək verir: “İnanıram ki, Qarabağ torpaqlarının qaytarılması uğrunda gedən 44 günlük müharibədə ukraynalılar Azərbaycanın qələbəsinə sevindiyi kimi, Azərbaycan xalqı da tezliklə Ukraynanın qələbəsinə səmimi qəlbdən sevinəcək”.

 
Emil Hüseynli
Xudaferin.eu

15:51