Vətəndə yaşanılan böyük faciələr

Neçə gündür Vətəndəyəm və gəldiyimdən bu yana içim qan ağlayır, maşınım olmadığından (21 yaşlı birinin, (birininmi?) maşın kolleksiyasının olduğu bir məmləkətdə!!!) bir yerə getmək lazım gələndə şəhər nəqliyyatından-abtobusdan, metrodan istifadə etməli oluram. Sanki adamların içindən həyat eşqini, işığını çəkib çıxarıblar. Hamı Madam Tüssonun mum heykəlləri kimidir, ruhsuz, cansız və halsız. Bakı sönük gözlər şəhərinə çevrilib. Azərbaycanın feodal bədənində kapitalist yarası kimi qanamaqda.

Bu şəhərdə bir zamanlar görmüş, yaşamış olduğun doğma və əziz heç bir şey tapmaq mümkün deyil. Göydələnlərdən tutmuş, yad dillərdə yazılmış reklamlarına qədər hər şey yaddır və heç birisi də sənin xalqının deyil. Və heyrətə gəlirsən ki, adını aydın qoyan böyük əksəriyyət yuxarıların qazanc şablonunu güc və imkanları daxilində aşağılarda eyniylə təkrarlamaqda və çax-çuxlarını etməkdə. Tam 24 ildir ölkə yalanla "idarə" olunmaqda. Günahkarın kim olduğunu bilməyən yoxdur, amma...
Çin filosofu Konfisunun bir məlum fikrini təkrarlamaqdan başqa daha nə deyəlim ki?!
"Bir oğru millətin başına bir doğru lider gətirsən, o millət dönüb doğru olur, əksinə bir doğru millətin başına bir oğru rəhbər gətirsəniz o millət dönüb oğru olur”.
Son iki onillikdə oğruya, əyriliyə öyrədilən bədbəxt millətim, sən bu rəzalətə daha nə qədər dözəcəksən... Yüz dəfə yerə baxmısan, bir dəfə də başını qaldır yuxarı bax. Gör səni kimlər bu günə salıb yıxıb sürüyür. Ən azından keçən yüzilin doxsanıncı illərinin ruhunu geriyə qaytar.  Silkələn və özünə gəl. Yoxsa sabahın daha böyük faciələrə hamilədir. 

Xudaferin.eu

12:07