Vüqar İskəndərov: İran illərlə qurulmuş bütün münasibətlərin üstündən xətt çəkib

Ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktı, bir deputata yox, həmçinin Azərbaycan dövlətinə qarşı atılmış çirkin bir addımdır. Əlbəttə ki, bu işin arxasında olanlar tez bir zamanda tapılacaq və layiqli cəzalarını alacaqlar. Ancaq maraqlı məqam odur ki, bu gün biz bəzi İran media orqanlarına və İranyönümlü sosial şəbəkə istifadəçilərinin səhifələrinə nəzər saldıqda maraqlı mənzərə ilə qarşılaşırıq. Hələ ortada real fakt olmasa belə bəzi İranyönümlü səhifələr sanki bu işi üzərilərindən atmaq üçün bir əldən tapşırıq alıblar.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.

“Əvvəla həqiqəti çatdırmaq heç də hansısa bir dövlətin əleyhdarı olmaq anlamına gəlmir. Deputat həmkarım Fazil Mustafa real hadisələr əsasında dövlətçiliyimizə qarşı uzanan əllərin vaxtında qarşısının alınması istiqamətində çağırışlar edirdi, bir vətənpərvər insan kimi öz mövqeyini bildirirdi. Sadəcə olaraq bəzi İranyönümlü media orqanlarının bunu Azərbaycanın özünün bilərəkdən etdiyini yazması sadəcə gülünc bir yanaşmadır. Hazırda ölkəmizdə sabitlik hökm sürür. Bizə hər hansısa bir məsələni başlatmaq üçün bəhanə lazım deyil. Çünki biz həmişə tələblərimizdə haqlı olmuşuq. Bizim hansısa ölkənin daxili işinə qarışmaq, yaxud da qonşu ölkələrlə düşmən olmaq kimi bir niyyətimiz yoxdur. Bu baxımdan sosial şəbəkə istifadəçilərinin yanaşmaları tamamilə absurd və sanki tapşırıq yerinə yetirərcəsinə yazılmış bir yanaşmadır. Bəzi səhifələrdə isə bu məsələ Azərbaycan-İran münasibətlərinin pozulmasına hesablanmış bir addım kimi təqdim olunur. Ancaq əslində bu münasibəti Azərbaycan yox, başından bəri İran özü pozub. İstər 44 günlük Vətən müharibəsində istərsə də ondan sonrakı dövrdə İranın qarşı tərəfə dəstək olması illərlə qurulmuş bütün münasibətlərin üstündən xətt çəkdi. Bu baxımdan həmin şəxslər yaxud media orqanları təqsirkar axtarmaqdansa öz ölkələrinin siyasətinə nəzər salsalar yaxşı olar. Onda günahkarı tapacaqlar”, - deyən deputat sonda vurğulayıb ki, Azərbaycan tərəfi bu terror aktının səbəbkarlarını cəzasız qoymayacaq.

Xudaferin.eu

15:23