Alman mediası regiondakı hadisələrə qərəzli yanaşmaqda davam edir

AFR-in kütləvi informasiya vasitələri Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrin qərəzli işıqlandırılması kampaniyasını davam etdirir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “Deutsche Welle” agentliyinin bu gün dərc etdiyi materialda Fransa Prezidenti Emmanuel Makronun guya “Azərbaycanın Ermənistan sərhədlərini təhdid etməsi” barədə fikirləri yer alıb. Bununla belə, bir fakt nəzərdən qaçırılır ki, son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı tək-tük hallar hesaba alınmazsa, şərti Ermənistan-Azərbaycan sərhədində elə bir gərginlik yoxdur. Hazırda bütün proseslər müstəsna olaraq Azərbaycanın suveren ərazilərində baş verir və görünən odur ki, bu, Fransa rəhbərliyini narahat edir. Makronun “indi “Bakını heç nə saxlaya bilməz” və o, “Ermənistan sərhədlərini təhdid edir” kimi bədnam bəyanatı da buradan qaynaqlanır.

Alman nəşri Fransa Prezidentinin “onun ölkəsinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı narahatlıq keçirməsi” barədə sözlərini sitat gətirir. Bu xüsusda, heç nəyin həmin bütövlüyə təhlükə törətmədiyi faktı diqqətdən kənarda qalır. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, öz qonşularının heç birinə qarşı iddiası yoxdur və bu səbəbdən Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını təklif edir və bu məsələdə israrlıdır.

Materialda yenə də heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” sözləri işlədilir, lakin indi həmin qondarma qurum de-fakto onun sözdə “rəhbərləri” tərəfindən özünü buraxıb. Artıq “respublikadan” əsər-əlamət qalmayıb. Alman nəşri isə onu mövcud olan bir qurum kimi qələmə verir.

“Deutsche Welle” yazır: “Fransa Prezidenti, həmçinin bəyan edib ki, Moskva bu məsələdə Bakının “ortağı” olub, Türkiyə isə “həmişə bir müttəfiq kimi, Azərbaycanın hərəkətlərini dəstəkləyib”.

Bütün dövlətlər özünə müttəfiq, dost seçmək hüququna malikdir. Məsələn, Fransa Ermənistanı özünə “bacı” seçib və heç kim buna etiraz etmir. Fransaya yaxın olan ölkələrin məğlub vəziyyətdə olmasında da Bakı günahkar deyil. Azərbaycanı tənqid edərkən, onun Türkiyə ilə yaxın münasibətlərinə istinad etmək düzgün deyil.

Yazıda, həmçinin aşağıdakı fikirlər yer alıb: “Bundan bir gün əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı əsnasında Birləşmiş Ştatların Qarabağın erməni əhalisinin taleyindən “dərindən narahat olduğunu” bəyan edib. Blinken Bakını regionun mülki əhalisinin təhlükəsizliyini təmin etməyə, onun hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, həmçinin beynəlxalq humanitar hüquqa əməl etməyə çağırıb”.

Bununla bağlı qeyd etmək lazımdır ki, Qarabağın erməni əhalisinin bir hissəsi könüllü əsasda Ermənistana getməyi üstün tutub, amma Azərbaycan tərəfi əvvəlki kimi, qalmağa qərar verənlərə bütün hüquqların qorunacağını təklif edir. Bu səbəbdən xarici siyasətçilərin narahatlıq hissi keçirmələri üçün heç bir əsas yoxdur. Orada qalıb reinteqrasiya olunmaq və ya könüllü şəkildə Ermənistana repatriasiya edilmək (Ermənistana gedənlərin əksəriyyətində bu ölkənin pasportları var) erməniəsilli əhalinin öz seçimidir. Ona görə də onların təhlükəsizliyi ilə bağlı narahat olmağa heç bir əsas yoxdur.

Heyhat, təkzibolunmaz sübutların, o cümlədən foto və videomaterialların olmasına baxmayaraq, baş verən hadisələrin qərəzli şəkildə təqdim edilməsi kampaniyası davam edir.

Vüqar Seyidov
Xudaferin.eu

16:12