Bəy atadan, bəyim anadan doğulub cənab olanlar...

Biz hələ də müstəqil olaraq öz milli müraciət formamıza qayıda bilməmişik. Doğrusu, çoxlarına xırda görünən bu məsələ, əslində milli kimliyimizi hədəfə almış imperial güclərin Azərbaycan xalqına qarşı düşündüyü məlum planın tərkib hissələrindəndir.

Məsələn, ingilislər kişiyə “mister”, evli və ya dul qadına “missis”, subay qadına “miss” deyə müraciət edirlər. Qonşu Rusiyada kişilərə “qospodin”, qadınlara “qospoja” və ya “dama” deyilir, qardaş Türkiyədə isə “bəy”, “əfəndim”, “bəyəfəndi”, “xanıməfəndi” müraciət formalarından istifadə olunur.

Bizdə isə kommunistlərdən qalma "bəy, xan" qorxusu, nə yazıq ki, heç bu gün də türkçülərimizin də canından çıxmayıb. Ucdantutma yetənə "müəllim" deyib yaxasından yapışmaqdayıq. "Müəllim" sözü, ustad, professor, hoca, müəllim, alim, alləmə, bilgin, bilgic, bir sahədə və sənətdə mahir olan adam, bir sənətdə irəli gedən şəxsə verilən addır.

"Müəllim" sözü (ərəbcə: معلم.) öyüd verən, nəsihət verən anlamı daşıyır. "Alim" sözü ilə eyni söz qəlibindən çıxmış sözdü. Əl-Alim sözü bilən deməkdir. Allahın əl-Alim adı Qurani-Kərimdə yüz əlli yeddi dəfə zikr edilir.

Yəni bu sözün, bilik, elm öyrətməklə əlaqəsi yoxdu. Elə bizim müəllimlərin bəziləri də bu işlə məşğul olmaqdadırlar. Əslində dərs öyrədən adama ərəblər müdərris deyirlər.Yəni dərs sözü ilə eyni qəlibdən çıxıb.

Hələ bu "cənab" sözü lap gülməlidi.

"Cənab" sözü Allahın, peyğəmbərin və müqəddəs adamların adının önündə və sonunda işlənən ərəb sözüdür. "Cənab" sözü hərfi mənası ilə "tərəf və cəhət" deməkdir. Lakin, "cənab" sözü, dilimizdə bu məna ilə istifadə edilmir.
Dilimizdəki ifadəsi, "Həzrət", təzim və hörmətdən ibarətdir. 

Bu söz ümumiyyətlə, "Allah" üçün istifadə edilməkdədir: "Cənabı Haqq, Cənabı Allah" kimi.

Bununla birlikdə, hörmətə layiq olan başda peyğəmbərlər olmaq üzrə, səhabə, övliya, alimlər və İslam böyükləri üçün də istifadə edilə bilər. "Cənabı Peyğəmbər, Cənabı Ömər" kimi. Osmanlı dövründə bu sifət tez-tez istifadə edilərdi. Məsələn, Peyğəmbərimizdən (s.ə.s.) bəhs edərkən "Cənab Rəsulullah", bir elçidən bəhs edərkən "səfir cənabları" ifadələri də istifadə edilərdi.

Eyni sözün "əli, ülvi" sözləri ilə birlikdə istifadə edilməsi halında isə bu tərkib, "şərəf və şərəfini mühafizə edən, pis şeylərə bulaşmayan, comərd və əliaçıq kəslər" mənasını ifadə etməkdədir: Lakin, bu günkü dilimizdə "Cənab" sifəti yalnız "Allah" ın adının əvvəlində gəlməkdədir. Digər böyük şəxslər üçün yalnız "Həzrət" sifəti istifadə edilir.

Belə çıxır ki,cənab dediyimiz insanlar, tam "müqəddəslərmiş". Özü də rusun "yoldaşlığını", ərəbin "cənab müəlliminə" dəyişmişdiyimiz "mübarəklərdir".

Do\ma dilimizdə Saklardan (Sanglardan) üzü bəri həmişə də bu yöndə müraciət formalarımız olub və bu günədək işlək saxlanmaqdadır. Sar-sara (çar-çariça), kağan-katun (xaqan-xatun), xan-xanım,bəy-bəyim (bay-bayan) və s. Leksikonumuzdakı bu bolluğun içində özümüzə müəllim, cənab deyiləndə şenlənənlərə "bəy" deyəndə niyə büzüşdüklərini anlamıram.

Biz xanım anamızı, nə vaxtdan cənaba "ərə" vermişik ki, kişi-kişi "CƏNABLAR VƏ XANIMLAR" deməkdən də utanmırıq? Bunun adını özünüz də verə bilərsiniz.

Mən şəxsən BƏY atamın və BƏYİM anamım, XAN atamın və XANIM anamın övladıyam.

Sayğılarla, Xaqani bəy...

Xudaferin.eu

20:51