“BİZ AVROPADA İNFORMASİYA MÜHARİBƏSİNDƏYİK” – Elman Mustafazadə

“Nəinki imkan daxilində, eləcə də imkan xaricində işləri yerinə yetiririk”

Müsahibimiz “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadədir. Onunla söhbətimizdə Niderlandda yaşayan soydaşlarımızın fəaliyyətini müzakirə etdik.

-Elman müəllim, zəhmət olmasa özünüz haqda məlumat verə bilərsinizmi? Neçə ildir Niderlandda yaşayırsınız? Niderlanddakı həyat tarixçəniz və diaspor fəaliyyətiniz necə başladı?

– Söhbətimizə başlamamışdan onu deyim ki, heç vaxt dövlətimin, vətənimin adına utnac gətirəcək addım atmamışam və bundan qürur duyuram. Harada olmuşamsa, fikirləşmişəm ki, ən yanlış addımım Azərbaycanın ayağına yazıla bilər. Mən Milli Azadlıq Hərəkatının fəallarından olmuşam. Uşaqlıqdan tanıdığım keçmiş baş nazir Novruz Məmmədovla silahdaş olmuşuq. Novruz Məmmədov, mən, Çərkəz Quliyev birgə azad, demokrat qrupu yaratmışıq. 1990-cı ilin 20 Yanvar qırığınından sonra Qarabağda, Xatınbəylidə özünümüdafiə dəstəsinin rəhbəri olmuşam. Hazırda jurnalistikada olan Rövşən Hacıyev, Xəqani Ədəboğlu və digər dəyərli soydaşlar həmin dəstənin könüllülərindən olublar.

90-cı illərdə Polşaya gəlmişəm. Polşaya gələndən sonra, qısa zamanda “Azəri Cəmiyyəti” yaradıb fəaliyyətə başladıq, 1995-ci ildə isə rəsmi olaraq “Azərbaycanın Dostları Cəmiyyəti” yaratdıq. Bu, mənim və İrfan Murat Yıldırımın təşəbbüsü ilə baş tutdu. O, Varşava institutunda müəllim idi, əslən Gəncəli idi, Türkiyədə yaşamışdı. Elə həmin il, 50 il fasilədən sonra “Xudafərin” adı ilə qürbət mətbuatını bərpa etdik. O zaman da Qarabağ işğalda idi. Tələbə yoldaşım və şair dostum var – Ramiz Təmkin. Onun tələbəlik illərində yazdığı gözəl bir şeri var, deyir: “Xudafərin nə əzizdir, xalqımın saldığı izdir, şimal-cənub, bu boş sözdür, Azərbaycan tanıyıram”. Elə saytın adını da buna görə, şimal-cənubu birləşdirən simvol kimi – “Xudafərin” qoyduq. “Xudafərin” 3 ayda bir, jurnal kimi işıq üzü görürdü. Bu jurnalla çox gözəl insanlar əməkdaşlıq edirdi, onun redaksiya heyətində Bəxtiyar Vahabzadə, Mirzə Xəzər, Qulu Məhərrəmli, Rəşad Məcid, Müsəllim Həsənli, Vaqif Sultanlı və .s tanınmış adamlar olublar. Beləliklə, 2000-ci ilə kimi belə getdi. İlk dəfə Polşanın “Rzeczpolspolita” qəzetində Qarabağla bağlı ən geniş məqalənin yazılmasına nail olmuşuq. Məqalənin adı belə idi: “Zachod niezna Azerbejdzan” (Qərb Azərbaycanı tanımır). Jurnalistləri Bakıya göndərmişdik, onları qarşılamışdılar. Bu, ilk addım idi.

Polşada yaşayarkən dövlət rəhbəri ilə görüşmüşdüm. Milli azlığın nümayəndəsi kimi məni dəvət etmişdilər. İki dəfə o zaman prezident olan Aleksander Kwasniewski ilə Milli Azadlıq Hərəkatının, 80-ci illərin anti-kommunist hərəkatı olan “Solidarnost”un lideri, dəfələrlə baş nazir olmuş Tadeusz Mazowiecki ilə, yenə Milli Azadlıq Hərəkatından olan Jacek Kuron ilə görüşmüşəm. Polşada ümumumilli lider Heydər Əliyevlə, Türkiyə prezidenti Süleyman Dəmirəllə, Şimali Kipr Türk Respublikasının o zamankı prezidenti Rauf Denktaşla görüşmüşəm. Keçən əsrin 90-cı illərində Polşada qaçqın həyatı yaşayan Əfqanıstan prezidenti Həmid Kərzai ilə gözəl münasibətlərimiz olub.

Polşada “Xudafərin” çapdan çıxanda çox hörmət bəslədiyim Hafiz Paşayevlə məktublaşmışam. Fürsətdən istifadə edib onun 80 yaşını təbrik edirəm. O zaman Hafiz müəllim ABŞ-da səfir idi. Çox sağ olsun, bizi təqdir etmişdi, məndə məktubları qalır. O, mənə Zbiqnev Bzejinskinin Qarabağ haqda materiallarını göndərirdi, mən onları polyak dilinə tərcümə etdirib çapına nail olurdum. Bzejinskinin özü də polyak idi. Onun Qarabağ haqda materialları daha təsirli idi.

Əlavə edim ki, Mirzə Xəzərlə qardaş kimi olmuşuq. Həmişə Mirzə Xəzərin dəstəyini görmüşük. Münxendə yaşayan Emin Səlimov, Müşviq Yuşvayev, Ramiz Səlimov, Akif Ağayev, Simax Şeyda və Azərbaycanın digər qeyrətli oğulları ilə daimi münasibətlərimiz var. Onlar hamısı milliyyətcə Azərbaycan yəhidisidirlər və Azərbaycanı təmənna güdmədən güclü şəkildə təbliğ edənlərdəndirlər. Müşviq Yuşvayev Azərbaycan və İsrail Yazarlar Birliyinin rəhbəri, şair Simax Şeydanın oğludur. Azərbaycan tədbirlərinin təşkil olunmasında bu şəxslər çox zəhmət çəkirlər.

İndi “Xudafərin” jurnalı kimi nəşrini dayandırsa da, sayt kimi fəaliyyətini davam etdirir. “Xudafərin” saytında soydaşlarımız hələ sovet vaxtı Zəngəzurdan çıxarılarkən azərbaycanlılara qarşı törədilən vəhşilikləri rusca məqalədə dərc etdim. Ermənilər buna görə haray-həşir saldılar. Uşağı ata-anasının gözünün qarşısında öldürmüşdülər.

2000-ci ilin aprel ayında Hollandiyaya gəldim. “Azərbaycanın Dostları Cəmiyyəti” 2003-cü ilə kimi məhdud idi. 2003-cü ildən sonra isə məhkəmə ilə “Xudafərin” nəşrini də bərpa etdim. Əsasən xarici vətəndaşlarla və tələblərlə çalışıram. Amma “Azərbaycanın Dostları Cəmiyyəti” Diaspora Komitəsinin siyahısında yoxdur. Nə də “Xudafərin” nəşrimiz və saytımız onun siyahısında yoxdur. Halbuki, biz saytda qeyd etmişik ki, “Xudafərin” iqtidar-müxalifət yox, ÜmumAzərbaycan idealına söykənir. Heç də təsadüf deyil ki, “Xudafərin” jurnalı ən çox İran tərəfindən şikayət olunub…

31 ildir qürbətdəyəm. Bilirsiniz ki, Almaniyada, Polşada, İsveçdə, İsveçrədə çox savadlı gənclərimiz yetişir. Təəssüf ki, onlar bəzən rəsmi tədbirlərə dəvət olunmurlar. Onlardan istifadə olunmalıdır. Ola bilsin ki, onlar yaşadıqları ölkənin dövlət strukturlarında mühüm yerlər tutacaqlar. Beləliklə, digər dövlətlərdə Azərbaycanın xeyrinə qərarlar verən vətənimizin təbii səfirləri olacaqlar. Bundan əlavə Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin fars, erməni, ərəb, ivrit, alman, ingilis, polyak, niderlandca, litva və ümumilikdə 18 dildə mükəmməl bilən soydaslarimizdan ibarət bir informasiya qrupumuz var. Hamı vicdanla təmənnasız çalışır.

Şəxsi ailəmə gəlincə, qızım hal-hazırda Hollandiyada vəkildir -Tomris Mustafazadə. Hollandiyada ilk rəsmi azərbaycanlı vəkildir. Digər qızım – Azəran Elgün uşaq psixoloqudur, 7-8 dil bilirlər.

– “Azərbaycanın Dostları Cəmiyyəti”hazırda Niderlandda nə kimi fəaliyyət göstərir?

– Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş soydaşlarımızla bağlı işləyən təşkilatlarımız, Firudin Sadıqov, Şahin Sayılov Avropaya gələrək bu sahədə çox böyük çalışmalar etmişlər. O zaman birgə görüşmələrimiz baş tutmuşdu. Mən də bu işlərə dəstək olmuşam. Firudin Sadıqov çox təmkinli, millətini sevən şəxsdir. Həmçinin, Azərbaycanda universitetlərin birində dərs deyən sabiq diplomatımız var – Fuad Hümbətov. Fuad Hümbətov milli diplomatiyamız sahəsində çox gözəl, mükəmməl bir kadrdır. Adını çəkdiyim şəxslər – Firudin Sadıqov, Şahin Sayılov, Fuad Hümbətov, Sahil Qasımov, rəhmətlik Gülşən Kazımova (Gülşən – Lətifxan təxəllüsü ilə kitab yazırdı), professor Yaşar Musayev (Almaniyada ondan artıq ixtirası həyata keçirilib), Ofelya Babayeva və s. Azərbaycana xidmət edən şəxslərdir. Psevdopatriotların “əməyi” bu adamların çəkdiyi zəhmətlərlə müqayisəyə belə gəlməz.

Təxminən 3-4 il əvvəl Rotterdamda “Eurovision” yarışmasının getdiyi yerdə multi-festival təşkil olunmuşdu. Orada 30-dan artıq millətin nümayəndəsi iştirak edirdi. Həmin festivalın direktoru çox böyük mədəniyyət sahib olan Mələk xanım Atak (onun 4 müavinindən biri mən idim) idi. Mən Emin Eminzadəni və Xəzər bəyi, Moskvadan, Almaniyadan musiqiçiləri, nümayəndələri dəvət etdik. Amma milli libasları Azərbaycandan əldə etmək məsələsində çox çətinlik çəkdik. Bundan əlavə bizə heç bir yerdən maddi dəstək verən olmadı. Bütün xərcləri Mələk xanım, Tahir bəy, Aydın bəy, və bəndəniz öz şəxsi maliyyəmiz hesabına qarşıladıq. Bu çox təəssüfverici haldır.  Belə olmamalıdır.

Polşadakı ziyalılarla, ziyalı xanımlarla tədbirlər keçiririk. Azərbaycanın tarixi ilə bağlı məqalələr yazırıq. Lolita Komarovskaya polyak dilinə tərcümə edir. Səbinə xanım litva dilinə, Hicran xanım Əliyeva polyak dilinə tərcümə edir. Həmçinin bayaq adlarını sadaladığım dilçilərlə digər dillərə. Biz informasiya müharibəsindəyik, nəinki imkan daxilində, eləcə də imkan xaricində işləri yerinə yetiririk. Amma xaricilər də bizə kömək edirlər. Vaxtilə bizim ingilis dilində materiallarımzı Mirzə Xəzər tərcümə edirdi. Oğuzdan olan bir əməkdaşımız – Mehman Nəcməddinovun qızları ilə birgə beynəlxalq təşkilatlara erməni cinayətləri haqda nə qədər məktublar yazmışıq. Bizim borcumuzdur. Mən Şuşada böyümüşəm. Şuşa işğal olunanda deyirdim ki, Şuşanı kim işğaldan azad etsə, atamın qatili olsa da onun yanındayam. İndi Şuşa Allaha şükürlər olsun ki, azad olunub. Sağ olsun Azərbaycan əsgəri, sağ olsun Ali Baş Komandan. Çox sağ olsun ki, bu qısa müddət ərzində dəfələrlə Şuşada olub. Elə bilirəm ki, özüm Şuşada olmuşam. Şuşanın elə bir potensialı var ki, orada savadsız adam tapmaq çətin idi. Şuşalılar çox alicənab, kübar olurlar. Bu gün Şuşadan nə qədər gənclər var. Şuşaya əməyi keçməyən Bayram Səfərov Şuaşaya nə verə bilər? Şuşalı gənclər çox gözəl şəkildə onu əvəzləyə bilər. Şuşalılar uşaq oxutmağı, ona təmənnasız təhsil verməyi çox sevirlər. İndi soruşuram, Bayram Səfərov, neçə Şuşaliya təhsil vermisən? Necə Şuşalı şəhid ailələrinə maddi və mənəvi köməklik etmisən? Şuşadan olan istər Avropada, istər Azərbaycanda təhsil almış neçə-neçə gəncləri tanıyıram. Onlar vətənini sevən insanlardır. Bu gənclərdən istifadə etmək lazımdır.

Bir də onu qeyd edim ki, Şuşadan qaçqın düşənlərdən rəhmətə gedənlər var, sağ qalanları, yeni nəsil isə Şuşanın həsrətini çəkir. Onları tam köçürülənə qədər heç olmasa Şuşaya ekskursiyaya aparmaq olar. Ermənilər Almaniyada üstündə Qarabağın şəkli, xəritəsi olan erməni konyakı buraxırdılar. Bizim qeyrətli, Almaniyada oxuyub təhsil almış Araz Əsgərli və Asəf Əsgərov adlı gənclərimiz bunu məhkəmədə ləğv etdirdilər.

İki il əvvəl Azərbaycana gəlmişdik, udinlərlə, yəhudilərlə görüşlər keçirdik. Hələ neçə il əvvəl Polşada yaşayarkən Polşanın Bəxtiyar Vahabzadəsi sayılan Czeslaw Milosz ilə gözəl münasibətlərimiz var idi. Bizim ölkəni çox sevirdi. O, yeganə adam idi ki, Avropa sosialist ölkələrini kommunizmə qarşı birləşdirmişdi. Polyaklar üçün Papadan belə dəyərli adam idi. Nobel mükafatı laureatı idi. Ömür boyu sürgündə olub. Bir görüşə də professor Vaqif Sultanlı ilə birgə getmişdik.

– Hazırda “Azərbaycanın Dostları Cəmiyyəti”ndən başqa Niderlandda Azərbaycanı təmsil edən diaspor qurumları varmı? Varsa, bu təşkilatlar koordinasiyalı şəkildə çalışırlarmı?

-Say olaraq çoxdurlar, amma faktiki Niderlandda “Avropa Azərbaycanlıları Konqresi”nin fəaliyyətini deyə bilərəm. Mənzil qərargahı Belçikada yerləşən konqresin rəhbərinin böyük şəxsi nüfuzu var. Konqresdə Nərmin Mərdanova, Roza Hacıyeva, Ofelya Babayeva və digər dəyərli soydaşlarımız  var. Biz oranın üzvü deyilik, amma müşahidəçi kimi iştirak edirik. Toplantılarına nümayəndə göndəririk. İnformasiya mübadiləsi barəsində əməkdaşlıq edirik. Azərbaycanla, Qarabağla bağlı tədbirlərin təşkilatçılığında Sahil Qasımovla birgə çox iştirak etmişik. Neçə illər bundan öncə Brüsseldə tədbir keçirmişdik. ANS də bunu çəkməyə gəlmişdi. Tədbirdə belə bir şüar vermişdik: “Azərbaycanı sevirsən, vətən dardadır, gəl! Ananı sevirsən, anan dardadır, gəl!”. Amma indi pandemiya olduğuna görə, mitinqlər keçirmək mümkün deyil.

– Azərbaycanı təbliğ işlərini əsasən hansı istiqamətdə qurursunuz və ölkəmizi hansı baxış bucağından təqdim etməyə çalışırsınız? Yeri gəlmişkən, sizin xudafərin.eu adlı saytınızın fəaliyyətini də izləyirik…

– “Xudafərin” Avropada rəsmi qeydiyyata alınmış nəşrdir. Avropada bütün dillərdə çap olunmaq, yayılmaq hüququ var. İstənilən təşkilatdan bunu maraqlana bilərsiniz. İndi bu nəşrdə bir tələbə qızımız çalışır. “Xudafərin”də ingiliscə də materiallar veririk. Ermənilər 3-cü genosid abidəsi qoyurlar, amma bizimkilər Den Haaq qəbirstanlığında Xocalıya aid başdaşı qoyublar. Heç olmasa Avropada yeganə rəsmi olan jurnalımızı dirçəldək. Mən razıyam, gəlsinlər təhvil götürsünlər, amma jurnalın nəşri dayanmasın, Avropada sözümüzü deyən bir mətbu orqanımız olsun. Holland dilində də materiallar veririk, amma saytın standart olaraq müxtəlif dillərdə versiyaları yoxdur.

-Niderlandda Azərbaycan dövlətini təbliğ etməyin çətinlikləri varmı? Bu xalqın din, dil fərqliliyi baxımından vəziyyət necədir? Yoxsa digər ölkələrlə müqayisədə bu ölkədə təbliğat, tanıtım daha rahatdır?

(Ardı var)

 

Mənbə“Hürriyyət”

Xudaferin.eu

23:46