Dünyada ən çox nümayiş olunan filmimiz - Bu adda Tbilisidə restoran-kafelər AÇILIB

Xudaferin.eu.Media-ya istinadən xəbər verir ki, film dünya xalqlarının dilinə tərcümə edilərək 130-dan çox ölkədə nümayiş etdirilib.

"Arşın mal alan" bir neçə dəfə ekranlaşdırılıb. Musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun çəkdiyi səssiz filmdə H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov, Ə.Hüseynzadə, M.Əliyev çəkiliblər.

II Dünya müharibəsi illərində SSRİ-də "Arşın mal alan" bədii musiqili filminin çəkilişlərinə başlanıb və film 1945-ci ildə ekranlara buraxılıb.

1965-ci ildə "Azərbaycanfilm" kinostudiyasında "Arşın mal alan" bədii filmi ikinci dəfə rəngli şəkildə çəkilib.

"Arşın mal alan"ın populyarlığına dair tarixdən belə bir fakt gətirmək olar: Qafqazda bu adla kafelər, restoranlar, dükanlar açılıb. Əsər 1915-ci ildə Tbilisidə eyni gündə dörd yerdə, dörd dildə - Azərbaycan, rus, gürcü və erməni dillərində oynanılırdı.

Qeyd edək ki, "Arşın mal alan" böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin sonuncu, üçüncü musiqili komediyasıdır. Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlayıb və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlayıb.

 

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ailə-məişət məsələlərində şəriət qanunları ilə diktə edilmiş köhnəlmiş adət-ənənələrə qarşı tənqidi, etiraz dolu münasibət formalaşır. Əsas müzakirə mövzularından biri qadının azadlığı və hüquqları uğrunda mübarizə idi.

"Arşın mal alan" operettasının maraqlı süjeti də elə bu ideyanı əks etdirir. Üzeyir bəyin qəhrəmanı - gözəl, yaraşıqlı, iradəli Gülçöhrə öz hüquqları, sevgisi uğrunda mübarizə aparan Azərbaycan qızlarının yeni nəslinin nümayəndəsidir.

Üzeyir Hacıbəyli "Arşın mal alan"da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslubu yaradıb. Milli musiqi təfəkkürü, milli üslub Avropa vokal üslubu ilə qovuşub. Parlaq məzmun ilə yanaşı, bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tapmasının əsas şərtlərindən biri olub.

Xudaferin.eu

22:04