Dünyaşöhrətli azərbaycanlı jurnalist Leyla Vəkillinin doğum günüdür

Bu gün dünyaşöhrətli, Azərbaycan əsilli  jurnalist, Leyla Vəkillinin doğum günüdür.

Leyla Vəkilli 21 fevral 1932-ci il tarixdə Parisdə doğulub. Atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Türkiyəyə mühacirət edərkən Mariya xanım onunla getməkdən imtina edib. Türkiyədə Krım türklərindən olan Safiyə xanımla ailə qurub. Sonra Həsənalısultan bəy Vəkilov Fransanın paytaxtı Paris şəhərinə köçüb. 1932-ci ildə Leyla Həsanalısultan qızı Vəkilli Parisdə dünyaya gəlib. Sonra yenidən Türkiyəyə İstanbul şəhərinə köçüblər. Leyla Vəkkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb. Sarbon Universitetinin sosiologiya fakultəsini bitirib. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb. Jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində olub. O, cümlədən Afrika, Latın Amerikası, Fələstin, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Film Festivalının qurucularından olub.

Leyla Vəkkilli Fransada cap olunan DEFİ jurnalının baş redaktoru olub. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə, Bodrumun Muğla şəhərinin Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci il tarixdə dünyasını dəyişib.

Leyla Vəkilli məşhur Vəkilovlar nəsilindəndir. İqtisаdçı və dövlət хаdimi, iqtisаd еlmləri namizədi, dоsеnt İlyas Vəkilovun qardaşı qızıdır.

 
 
 
 
 
 

Xudaferin.eu

 

16:26