Maariflənmə - bir qeyrət məsələsi

Kimsə şübhə etməz ki, Azərbaycan cəmiyyətinin üzləşdiyi problemlərin kökündə maariflənmə, daha doğrusu insanlarımızın kifayət qədər maarifə yiyələnməməsi dayanır. Bu problemi yoluna qoymadan qabağa getmək çox çətin olacaqdır.

Maariflənmə nədir? O çöx ölcülü anlayışdır. Maariflənmə müəyyən elmi, mədəni səviyyə deməkdir. O, hüquq və azadlıqlarla bağlı olan məsələdir. Maariflənmədə əxlaq, ləyaqət və kamillik kimi elementlərin yeri görünür. Maariflənmənin ilkin meyarı Allahın bəndəsinə verdiyi ağıldan bəndənin yararlanma imkanına və bundan irəli gələrək sonuncunun özünüçiçəklənməyə nail olmasıdır. Maariflənmə siyasətin kökündə duran bir nəsnədir.

 

Kant deyirdi ki, maariflənmə insanlığın qeyri-yetkinlikdən xilas olması deməkdir. “Maariflənmə”nin antonimi kimi Kant “qeyri-yetkinliyi” göstərir. Kanta görə yetkin olmayan insan başqaları tərəfindən yönləndirilir, beləsi öz ağlından istifadə etməyi düşünmür. Daha sonra Kant qeyd edir ki, insan qeyri-yetkin vəziyyətdə öz təqsiri üzündən qalır. O, bunu heç də şəxsi düşüncənin çatışmazlığı ilə deyil, kənardan təsir olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin çatışmamazlığı ilə əlaqələndirir. Kant müraciətlə insanlara deyirdi: “Öz ağlından istifadə etməyə qeyrətin olsun!” O, buna maariflənmənin devizi kimi baxırdı.

“Qeyrət” məhfumu Azərbaycan mentalitetində xüsusi çəkiyə malik olsa da, onun “maariflənmə” məsələsində rolu çox passifdir və demək olar ki, nəzərə çarpmır. Əslində “maarifləndirmə” ilə “qeyrət” arasında rabitəyə nail ola bilmə, və belə rabitəni mentalitetə otuzdurma cəmiyyətimiz üçün bu günkü düşdüyü vəziyyətdən çıxış yoludur.

 

Maariflənmə 2x2=4 formulasını öyrənməklə bitmir. Yalnız təbiət elmlərini bir tərəfli qaydada öyrənmək də ona çatımlılığın göstəricisi ola bilməz. Məsələn, atom bombasının kəşfinə nail olan bir tayfa kifayət qədər ictimai münasibətlərdən baş çıxarmasa, dünyanın hansı fəlakətlə üzləşə biləcəyini təsəvvür etmək o qədər də çətin deyil.

 

Cəmiyyətin maariflənməsində ölkəni yönləndirənlər xüsusi rola malikdir. Təəssüf ki, avtoritar rejimli cəmiyyətlərdə yuxarıların maariflənməyə münasibəti pozitiv olmur. Azərbaycanda da bu belədir. Cəmiyyətimizdə yuxarıların maarifləndirməyə mənfi münasibətin kökü sovet dönəmindən gəlir. O vaxtlar ictimai elmlər yalnız sovet idealogiyası üzərində qurulmalı idi. Alternativ fikrə yer yox idi. Qərbdən nə gəlirdisə, hər şey tənqid olunmalı idi. Hətta bu şərtlərlə belə ictimai biliklər əhalinin çox az hissəsi üçün çatımlı idi. Buna görə də sovet rejimi təbiət elmlərilə müqayisədə cəmiyyət elmlərin inkişafında maraqlı deyildi. Sovet təhsil sisteminə politalogiya, sosialogiya kimi istiqamətlər yad hesab edilirdi.

 

Azərbaycanı dünya görüşləri sövet dönəmində formalan sovet təfəkkürlü insanlar idarə edir. Müstəqilliyin etdiyi xırda korrektələr istisna olmaqla ictimai elmlərin öyrənilməsində heç bir yenilik yoxdur və bu məsələ ciddi nəzarət altındadır. Yazılmamış qaydalar siyasət və onunla məşğul olmağı yalnız yuxarıların yaşıl işıq yandırdıqları dairələr üçün və yalnız müəyyən şərtlər daxilində mümkünlüyünü diktə edir.

 

Müasir dünyamızda sivil cəmiyyət quruculuğu isə sıravi vətəndaşın siyasi proseslərə fəal müdaxiləsindən, ictimai işlərdə təşəbbüskar olmasından keçir. Azərbaycanda siyasət və ictimai işlərlə məşğul olmaq üzərində isə qeyd etdiyimiz kimi yazılmamış bir tabu hökm sürür. Universitetdə işlədiyim dönəmində bir gün kafedrə müdirim məni xüsusi söhbətə çağırdı. Görünür haralardasa, mənə görə çağırılıb məzəmmət olunmuşdu. Mövzu siyasi fəaliyyətim idi. Adam özünün vəzifə imkanlarından yararlanaraq açıq tekstlə siyasətlə məşğul olmamağı məndən tələb edir və özünü belə tələbetməyə səlahiyyətli hesab edirdi. Halbuki nə hüquq, nə əxlaq, nə də hansısa yazılı öhdəliklər mənim müdirimə bu imkanı vermirdi. Bu formalaşan mühitdən irəli gəlirdi və bu mühit bu gün də Azərbaycanda hökm sürməkdədir. Məhz onun nəticəsidir ki, haqsızlığın girdabında can verən ölkədə nə bir universitet müəllimi səsini çıxardır, nə də ölkədə bütün dünya boyu haqsızlığa qarşı həmişə ön sıralarda olan tələbə kütləsinin mövcüdluğu hiss olunur. Necə deyərlər hər şey nəzarətdədir...

 

Son dönəmlərdə cəmiyyətimizin intellektuallardan ibarət müxtəlif qruplar fəaliyyət göstərir. İnsafən belə qrupların ictimailəşdirdikləri əksər yazılar maraqlı olur. Onlar müasir dünyamızın ən qabaqcıl kəşfləri, texniki elmlərin ən son nəaliyyətləri barədə cəmiyyətə məlumatlarını çatdırar, amma cəmiyyətin sivil idarəçiliyi ilə bağlı elementar məsələlər ətrafında müzakirə açmaq, nümunə gətirməkdən bir qayda olaraq vaz keçərlər. Onlar rahatlıqla Vətəni vəsf edər, amma Azərbaycan insanının bugüngü durumunun səbəblərinin analitik təhlilinə çox vaxt baş vurmazlar.

 

Oxucuya çatdırmaq istədiyimiz fikir “maariflənmə”nin bir tərəfli deyil, özünə kompleks yanaşma tələb edən bir proses olmasıyla bağlıdır. Maariflənmədə cəmiyyət və fərd, dövlət və vətəndaş problemi daha həlledici olmalıdır. Maariflənmə ilk növbədə fərdin öz hüquqi statusunun dərkindən keçir. Yalnız belə halda yekunda yetkin fərd yetişdirməyi hədəfləmək olar. Buna nail olmaq asan məsələ deyil. Xüsusən qeyri-yetkinlik hazırda Azərbaycanda olduğu kimi insanların xasiyyətinin ayrılmaz bir hissəsinə, onun həyat tərzinə çevriləndə. Azərbaycan insanı bu gün özünün düşdüyü vəziyyətlə barışmış kimi görünür. Amma belə vəziyyətdən qurtulmaq nə qədər çətin görünsə də, çıxış yolları da istisna deyil.

 

Bu günkü maariflənmə ilk növbədə nələri hədəfləməlidir? Azərbaycan insanı dərk etməlidir ki, onu yönləndirən hakimiyyətin mənbəyi onun özüdür; o, respublika üsul idarəsilə idarə olunan bir dövlətdə yaşayır; bu dövlətin əsas məqsədi vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin etməkdir; hakimiyyətin bir əldə cəmləşməsi yol verilməzdir; heç bir əlamətdən asılı olmayaraq hüquq və vəzifələrə münasibətdə hamı qanun qarşısında bərabərdir; hakimiyyəti seçki yolu ilə dəyişdirmək mümkündür; dövlət büdcəsi bir qrup harın məmurun yox, onun öz büdcəsidir; ölkədə ümuminin mənafeyinə cavab verən təhsil, səhiyyə, vergi sistemi olmalıdır, hüquq ədalətə söykənməlidir; məmur vətəndaşın xidmətçisidir, ölkəni təqaüd yaşında olan ahıl qocalar deyil, enerjili, təhsilli, gələcəyə nikbin baxan vətəndaşlar idarə etməlidir və s. və i.a.

 

Əslində Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və digər maarifçilərimizin fəaliyyətinin kökündə də geniş mənada məhz bu missiya dayanmışdı. Elə isə Kantın təbirincə desək bu gün vətəndaşlarımızı öz ağlından istifadə etmək üçün qeyrətə çağıran nə qədər insanımız var?
 

Ataxan ƏBİLOV

Niderland

25.10.2017

Xudaferin.eu

15:57