Novruz bayramına görə həyatını qurban verən DÖVLƏT XADİMİ

Bu gün Azərbaycanda Novruz byramı qeyd olunur. Hər il Novruz bayramı gələndə heç şübhəsiz ki, görkəmli ictimai-siyasi xadim Şıxəli Qurbanov da yada düşür. Çünki Azərbaycanda Novruz bayramı ilk dəfə dövlət səviyyəsində məhz onun təşəbbüsü ilə 1967-ci ildə qeyd edilib. 
Novruzu o dövrün Yeni il bayramına bənzədib, onun sovet bayramları içərisində yer tutmasına çalışmaq böyük milli cəhd idi.

O zaman Şıxəli Qurbanov hərəkətlərinə cavab verəcəyini bilsə də, bu təşəbbüsünü gerçəkləşdirməyə nail oldu.

Amma Sovet İttifaqı dövründə milli adət-ənənələrə söykənən bayramı dövlət sədiyyəsində qeyd etmək Şıxəli Qurbanova həyatı bahasına başa gəldi. 

Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib.
   
1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.

Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.

Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə paytaxtın 26 Bakı komissarı (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi işləyib. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub.
Məlumdur ki, sabiq SSRİ dönəmində sovet imperiyası xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa, yaddan çıxarmağa cəhd göstərirdi. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu.

İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq Şıxəli Qurbanov olub.

1967-ci ildə məhz onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub. Elə ölümnə səbəb də bu hadisə olub...

O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov Şıxəli Qurbanova təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi.

Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addım atana rast gəlinməmişdi. Mərkəzi Komitə katibi, şair, dramaturq və elmlər doktoru olan Ş.Qurbanov bu addımı həyatı  bahasına atmışdı.

1967-ci ildəki tədbirin şahidlərindən olmuş Ədəbiyyat və İncəsənət arxivinin mərhum direktoru Maarif Teymurun xatirələrindən:

"Həmin yaddaqalan, ümumxalq bayramı səviyyəsində keçirilən tədbirin ssenarisi hər iki dövlət xadiminin – Şıxəli Qurbanovla Vəli Axundovun - zəhmətini sübut edən sənədlər arxivdə saxlanılır. 
Həmin vaxt tələbə idim. Yaxşı yadımdadır, iri tonqal qalanmışdı. Bahar qız - Səfurə İbrahimova bu obrazı gözəl canlandıra bilmişdi. 
Yadımdadır, məsul dövlət işçiləri olaraq Şıxəli Qurbanov və Vəli Axundov tədbirə necə böyük sevinclə tamaşa edirdilər. Tədbir martın 20-də başlandı. Camaat axın-axın gəlirdi. Hamı üçün bu, sanki təzə bir hadisə idi. Xalq neçə onillərdən sonra qadağan olunmuş bayramın belə bir səviyyədə keçirilməsindən hədsiz sevinirdi. 
Həmin günün axşamı gecə səhərə kimi adamlar küçələrdən yığışmadılar. 
Od Suraxanı atəşgahından gətirilmişdi. O zaman çalınan musiqiləri xatırladıqca hələ də sanki qulaqlarımda səslənir. Novruz bayramı mövzusunda ənənəvi meydan tamaşalarına hamı böyük bir maraqla baxırdı. Aktyorlar Fərəc Nağıyev və Əliimran Dəmirov Şirvanski Kosa və Keçəl obrazlarını yaratmışdılar. 
O zaman Bakıda bu tədbirin keçirilməsi az sonra Orta Asiyadakı sovet respublikalarında da Novruz bayramının keçirilməsinə səbəb oldu".

Ş.Qurbanovun həyat yoldaşı Xavər Qurbanovanın xatirələrindən: “O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil”.

Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. Belə də oldu...

Həyat yoldaşı Xavər Qurbanınovanın dedikləri: “Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəmişdilər, alınmadı...”.
 
Ş.Qurbanovu bəzən gizli, bəzən açıq şəkildə təqib edirdilər. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, qarabaqara təqib edirdilər. 

Dördüncü sui-qəsd həyata keçirilir... Bu işi namərd diş həkiminin əlləri ilə gerçəkləşdirirlər...

Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir.

Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: “Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar...”.

Şıxəli Qurbanovun həyat yoldaşı Xavər Qurbanova: “1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma mayın 24-də onu aradan götürdülər” .

Mayın 23-də Şıxəli Qurbanov özünün müəllifi olduğu  “Sənsiz” dramının məşqi zamanı zalı yarımçıq tərk etməli olmuşdu, çünki xaricdən qonaqlar gəlmişdi. Şıxəli Qurbanov zaldan gedərkən bu sözləri səsləndirir: ““Sənsiz”ə  mənsiz baxarsız...”. Sanki ölümün artıq onu haqladığı ürəyinə dammışdı.

Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Tamaşaya gələnlərə elan edirlər ki, müəllif rəhmətə gedib. Adamlar eşitdikləri üzücü xəbərdən sonra xəstəxanaya axışır...

Şıxəli Qurbanovun dəfni günü bütün Bakı matəmə batmışdı...

Mərhumun ölümü haqqında tərtib edilmiş tibbi rəydə qeyd edilirdi ki, onun ölümü anafilaktik şok nəticəsində baş verib. Rəyi respublika səhiyyə naziri Fəxri Vəkilov, 4-cü Baş İdarənin rəisi A.Mirzəzadə, Azərbaycan KP MK-nın səhiyyə bölməsinin müdiri Arif Sultanov, müalicə həkimi Əliağa Əhmədov, Patoloji anatomiya şöbəsinin müdiri K.Səlimxanov və Məhkəmə Tibbi Ekspert idarəsi müdirinin müavini E.Rudometkina imzalamışdı.

Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra SSRİ prokurorunun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma həqiqət üzə çıxarılmır. 

Şıxəli Qurbanov Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə Şıxəli Qurbanovun adı verilib.  

Ə.Qafarlı

Mənbə:modern.az

Xudaferin.eu

22:19