Politoloq: Naxçıvanda imzalanan sənədlər olduqca mühüm tarixi əhəmiyyətə malikdir

Azərbaycanın Qarabağda tam Qələbə qazandığı bir ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfər etməsi qardaş ölkənin növbəti dəstəyi kimi də qiymətləndirilə bilər. Türkiyə və Azərbaycan prezidentlərinin həssas dönəmlərdə qarşılıqlı səfərləri, dəstək bəyanatları artıq ənənə halını alıb. Ölkəmizin suverenliyinin təmin edildiyi bir məqamda Ərdoğanın həm BMT kürsüsündə Azərbaycanın ərazi bütövlüyü uğurunda apardığı mübarizəsini müdafiə etməsi, ardınca Naxçıvana səfəri çox mühüm siyasi hadisə olmaqla bərabər, iki ölkə arasındakı əlaqələrin hazırkı səviyyəsinin yüksək olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərinin həm də bir sıra mühüm sənədlərin imzalanması ilə müşayiət olunduğunu söyləyən politoloq deyib: “İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması və ölkəmiz tərəfdən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında sazişin bağlanması əlaqələrimizin daha da güclənməsinə müsbət təsir göstərəcək. Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində Anlaşma Memorandumu da olduqca vacib sənədlərdən biridir. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün qarşılıqlı şəkildə atılan addımların müsbət nəticələri çoxdan tərəflərə iqtisadi və siyasi dividendlər qazandırmaqdadır. İmzalanan sənədlər ölkələrimiz arasındakı strateji müttəfiqlik münasibətləri davamlı və dayanıqlı olduğunu göstərir. Bu səfər çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi haqqında imzalanan sənədi xüsusi qeyd etmək olar. Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığı daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Hesab edirəm ki, bu qaz kəməri muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq. Naxçıvan əhalisinin “mavi yanacağa” olan tələbatının müxtəlif mənbələr hesabına həyata keçirilməsi gələcəkdə onun bir mənbədən asılılığını azaldacaq. Bu isə öz növbəsində əhalinin fasiləsiz təbii qazla təmin olunması deməkdir”.

Azərbaycanın 15 ilə yaxındır Türkiyədən keçməklə Avropaya qaz ixrac etdiyini xatırladan R.Alıyev diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Ərzurum (BTC) qaz kəməri Azərbaycan ilə Türkiyənin qaz kəmərləri sistemlərini birləşdirdi. “Şahdəniz” yatağından əldə olunan təbii qaz bu kəmərlə Türkiyəyə çatdırılır. Prezident İlham Əliyevin çox uğurla həyata keçirdiyi enerji siyasəti Türkiyə tərəfindən tam dəstəklənir və Avropa ölkələri üçün də böyük maraq kəsb edir. Trans-Anadolu (TANAP) və Tran-Adriatik (TAP) kəmərləri ilə ixrac olunan 16 milyard kubmetr qazın üçdəbir hissəsi Türkiyəyə, qalanı isə Avropaya satılır. Hədəfimiz qaz ixracı həcmini 2027-ci ilə qədər 30 milyard kubmetrə çatdırmaqdır. Təbii ki, bu Türkiyə də bu layihədən, plandan yararlanacaq. Qars-Naxçıvan dəmir yolunun inşası barədə danışarkən Prezident İlham Əliyev bununla bağlı imzalanan niyyət protokolunu tarixi hadisə adlandırdı. Qeyd etdi ki, bu layihə uğurla həyata keçiriləcək və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək. Hesab edirəm ki, R.T. Ərdoğanın Naxçıvana səfəri və imzalanan sənədlər bizi həm də Zəngəzur dəhlizinin açılacağı günə daha da yaxınlaşdırır.

Politoloq qeyd edib ki, iki il əvvəl imzalanan Şuşa Bəyannaməsi Türkiyə ilə münasibətləri yeni müstəviyə qaldırdı. Dünən Naxçıvanda vacib sənədlərin imzalanması məhz Şuşa Bəyannaməsinin ruhundan, hədəflərindən irəli gəlir. Türkiyə Prezidenti Naxçıvanda Ermənistana açıq mesajlar göndərdi. Azərbaycanı 24 saat ərzində qazandığı Qələbə münasibətilə təbrik edən Türkiyə Prezidenti bildirdi ki, son qələbə yeni imkan pəncərələri açır və Ermənistan bundan sonra ona uzadılmış sülh əlini tutmalı, səmimi addımlar atmalıdır. Hesab edirəm ki, güclənən Türkiyə-Azərbaycan əlaqələri fonunda darmadağın olan və təklənən Ermənistan qonşuları ilə münasibətlərini yoluna qoymalıdır. Zəngəzur dəhlizinin açılması bu münasibətlərin normallaşması üçün başlıca amillərdən biridir.

Xudaferin.eu

15:26