"Qarabağ millətin qarşısında bir matəmgah olaraq dayanıb..."

"Düşmən bilsin ki, neçə illərdir sakit dayanan xalq hər an ayaqdadır, necə ki, 2016-cı ilin aprel döyüşlərində xalq ayaqda olduğunu sübut etdi"

Bu gün təhlükəsizlik məsələləri üzrə  tanınmış ekspert İlham İsmayılın 61 yaşı tamam olur. 

Moderator.az-ın əməkdaşı ona "61 yaşı Qarabağ komitəsinin dönəm sədri kimi tamamlayırsınız. Hansı hisslər keçirirsiniz" sualı ilə müraciət edərək aşağıdakı cavabı alıb:

"Qarabağ yaşa baxmır. Qarabağ hadisələri başlayanda 31 yaşım vardı. İlk gündən -1988-ci ilin 14 fevralından hadisə yerində - Xankəndində, Şuşada olmuşam və ilk vaxtlar fəaliyyətim xidməti vəzifə çərçivəsində olsa da, tezliklə təhlükənin vətən üçün böyük olduğunu anladım və yeri gələndə xidməti işimin tələblərini də pozub Qarabağ üçün əlimdən gələni etməyə çalışdım. 30 il keçib o vaxtdan. Döyüşdük, itkilər verdik, amma yenə də ən böyük itkimiz Qarabağ oldu. Qarabağ itkisi insan itkisi ilə müqayisə olunmur ki, fikirləşəsən ilini yola saldıq, ağladıq, sızladıq, daha bəsdir. Qarabağ millətin qarşısında bir matəmgah olaraq dayanıb, bir faciə kimi dayanıb və burda vətəndaş olan hər kəs son gününədək vətənin azad olunması üçün çalışmalıdır. Qarabağ komitəsi 9 avqustda yaranıb. 20 sentyabrda məni Qarabağ döyüşçüləri komitəyə dəvət etdi və üzv oldum. 29 sentyabrda komitə ilk mitinqini keçirdi və başqa istiqamətdə də fəaliyyətini davam etdirir. Komitədə dönəm sədrliyi önəmli deyil, vacib olan xalqa, dövlətə, beynəlxalq təşkilatlara Qarabağ məsələsinin həlli yolunda yeni bir fəal dönəmə daxil olmağı göstərməkdir. Bu məsələ yalnız mitinqlərdən keçmir, komitə müxtəlif tədbirlər, müzakirələr, dəyirmi masalar keçirməyi planlaşdırır. Bu tədbirlər vasitəsilə daha çox düşmənə mesaj vermək niyyətindəyik. Düşmən bilsin ki, neçə illərdir sakit dayanan xalq hər an ayaqdadır, necə ki, 2016-cı ilin aprel döyüşlərində xalq ayaqda olduğunu, ruhunun ölmədiyini sübut etdi. Açığı deyim ki, o döyüşlərin hərbi nəticəsi bir o qədər yetərli olmasa da, qazandığımız xalqın ruhunun yaşadığını bilməyimiz oldu. Həm də təkcə biz yox, hamı bildi, əsas da düşmən. Biz o ruhu, o döyüşkənliyi hamıya nümayiş etdirməliyik. 
Qloballaşan dünyada bəşəriyyət dünya müharibəsinin astanasındadır və bu təhlükə getdikcə böyüyür. Bəzi dövlətlərin  bəşər sivilizasiyasını dağıtmaq hədələrinin tez-tez, lap bu günlərdə də şahidi olduq. Qarabağ da bizim sivilizasiyadır, onu dağıtmağa imkan verməməliyik. Qarabağı rəsmən itirsək, hesab edin ki, millət olaraq sivilizasiyamızı itirmiş olacağıq və gələcək nəslə şikəst Azərbaycan vermiş olacağıq. Əbədi olaraq içimizdə məğlub xalq kompleksini yaşadacağıq. Bu faciədir. Bunu hər bir vətəndaş dərk etməlidir. Komitədəki dönəm sədrliyində də məqsədim yalnız kütlənin yeni bir entuziazm ilə Qarabağ məsələsində fəal olmasına nail olmaqdır".

Xudaferin.eu

10:31