Qarabağdan gəlirəm, yüküm Vətəndir...

Qarabağdaydım. Martın əvvəlində olduğum idi. O vaxtdan bəri elə hadisələr baş verdi, elə biabırçılıqlar oldu ki... Bu camaata yad olan kimsə Qarabağın salamat qalmış 4 rayonunda-Bərdə, Tərtər, Ağcabədi, Beyləqanda gəzsə, gördükləri ona adi təsir bağışlayar. Yarımçıq Ağdam, Füzuli, Ağcakəndə baş çəksə, yenə də xüsusi əlamət tapmaz. Amma, bu adamlarla oturarsan, dərdləşərsən, söhbət yox, məhz dərdləşərsən, görərsən ki, bu son üç ayda bu insanların 27 illik dərdininin üstünə dərd gəlib. Bu dərdin adı ümidsizlikdi...
 
Tərtərdə, Quzanlıda, Bərdədə camaatımızla görüşəsi oldum. Əvvəllər dərdləşəndə hər kəsin özünəməxsus, müxtəlif icmalları olardı: “Deyir Putin söz verib ki, 5 rayonu qaytaracaq”, “Moskva Paşinyandan narazıdı, yəqin bizim əlimizlə bir, iki rayon geri almağımıza imkan verər ki, erməniyə dərs olsun”, “İki gün əvvəl yaman texnika keçdi, deyəsən nəyəsə hazırlaşırlar” və bu tip xeyli mülahizələr olardı. Hiss olunurdu ki, illərin keçməsinə baxmayaraq Qarabağ camaatı hələ ümidlidir, hələ torpaqlarının işğaldan azad olunmasına inamını itirməyib. Bu dəfə onları başqa cür gördüm. Əzilmiş, yıpranmış, səksəkəli, çarəsiz...
 
Bayaqdan işğal olunmuş rayonların geri qaytarılacağına ümid edən insanlar indi deyirlər ki, yaşadığımız bu kəndi də görəsən işğal etməzlər ki?! Deyirlər Kürə qədər bizi qovacaqlar. Faktiki olaraq bu durumu bütün dərdləşdiyim adamlar dilə gətirirdilər. Səbəbini də bircə-bircə izah etdilər. Birinci Xudafərin körpülərindən başladılar ki, beş kəndin suyun altında qalması və ordakı körpülərdən ermənilərə yardım aparılmasının gizlədilməsi o deməkdir ki, hələ bilmədiyimiz, başımıza gələcək elə işlər var ki, bir də “Qarabağ çoxdan rəsmən verilib” deyəndə ayılacağıq. İran sənəd göstərən kimi, Ermənistan da ortaya sənəd çıxarıb deyəcək ki, sizin xəbəriniz olmayıb, artıq qol çəkilib, torpaq bizimdir. Yəni, ”onu edən, bunu da edər”... Bunları dinləmək əzab verir, insanlar öz dövlətindən nagümandırlar, şübhə ilə yanaşırlar. Vətəndaşın dövlətinə güvənməməyi faciədir.
Daha çox 21 may Şuşa andiçməsindən danışdılar. Sən demə hərbi texnikanın həmən ərəfədə hərəkətli olması bu adamlarda ümid yaradıbmış ki, düşmənə gərginlik yaşadılacaq, Şuşada andiçmə baş tutmayacaq. Açıqca dedilər ki, biz tərəfdən heç tapança da atılmadı, elə bil erməniyə xüsusi şərait yaradıldı ki, “işinizdə olun”. Həmin gün o insanlar üçün Qarabağ sanki təzədən işğal olundu. “ Yaman sındırdılar bizi, qardaş”-deyən keçmiş döyüşçü əlini kəsilmiş dizindən yuxarı ayağına vurdu və gözləri doldu. “Belə getsə, bizi burdan da qovacaqlar, çox yiyəsiz günlərə qaldıq”.
 
Paşinyanın “Yallısı”na adət etdiklərindən o barədə daha zarafatla danışır, amma içlərində qovrula-qovrula guya məni bir çoxbilmiş adam hesab edib: ”ay müəllim, o vertalyotu niyə vurmur bizimkilər?”-deyə soruşurdular. Nə deyim, axı biz nəyi vururuq ki, vertalyotu da vuraq. 
Yeni Yasamal hadisələri isə bu adamlarda qəzəb yaratmışdı və sual edirdilər: ”deməli, istədikləri vaxt gəlib bizlərin də evinə girib, arvad-uşağın gözü qabağında tumançaq aparacaqlar? Qaqa, özümü də öldürərəm, evimə o cür girənləri də”. Və ardınca da ölkədən çıxıb getməkdən başqa çarə görmədiklərini deyirdilər. Axı, vətən niyə bu gündədir ki, vətəndaş çıxış yolunu onu tərk etməkdə görür? 
 
Qarabağda olanda Dağıstan şoku yaşadıq. Bu günlərdə insanlarda müşahidə etdiklərimin üstünə ikiqat ümidsizlik, güvənsizlik çökmüşdü. Torpaqları işğal altında olan bu insanlar vətəndaşlarımızın Rusiya sərhədində o vəziyyətə salınmasını bütün Azərbaycana olan münasibət kimi dəyərləndirir, özlərini alçaldılmış və təhqir olunmuş hesab edirdilər. Hadisəni müzakirə edir, İki gün əvvəl Qarabağın taleyi ilə bağlı mənə sorduqlarının cavabını bu biabırçılqda tapdıqlarını deyirdilər. Bu qədər sındırılmış bir toplumun sabah Qarabağ savaşına girməsinə şübhə ilə yanaşırdılar. Belə olmaz, belə davam edə bilməz.
 
Bakıya dönəndə hiss edirdim ki, ürəyimdə də, çiynimdə də ağır yük var. Yusif Vəzir Çəminzəminlinin sözləri bütün yol boyu ağlımdan çıxmırdı: ”Millətin keçmişi şübhəli, bu günü naməlum, gələcəyi mübhəm qaranlıqdır”. 
 
İlham İsmayıl

21:22