Rəhmətlik Nəsibə Zeynalovanın oynadığı bir səhnə var: İnstitutu bitirmiş qızı təyinatlardan danışır və tələbə yoldaşlarının hansı yerlərə təyinat aldığını dedikcə, anası-Nəsibə xanım: “Ağəz, özündən danış” deyir, qız başqalarından danışmağa davam edəndə, yenə: “Ağəz, özündən danış” - deyir və dözməyib qızına əl qaldırır. Bu teatr səhnəsində psixoloji an həm də odur ki, insan öz ağır durumunu dilə gətirməmək üçün və ya qarşısındakını pis xəbərə alışdırmaq üçün özündən danışmır.
Diqqət etmisinizsə bizim mətbuatda qonşu dövlətlərdən tutmuş, dünyanın hər yerində baş vermiş siyasi proseslər haqqında yazılar gedir, ekspertlərdən yaxın, uzaq ölkələrdəki vəziyyət barədə “müdrik şərhlər” alınır, hansısa ölkənin acınacaqlı durumundan “təhlillər” verilir, Kəşmirdən, mübahisəli Kuril adalarından, separatçı Kataloniyadan, sürükləndiyi xaosdan can verən islam dünyasından... Qınamıram, çünki öz ölkəmizdən yazan adamların, içi özüm daxil, hamısının içində bir senzor əyləşib və hərdən nəsə yazsaq da, hörmətli redaktorlar “məqsədəuyğun deyil” - deyib özü pozacaq. Bu məsələnin bir tərəfidir. Amma, elə məsələ var ki, burda vəziyyəti olduğu kimi yazmamaq mümkünsüzdür. Qarabağ mövzusu milli mənafe baxımından məntiqlə mümkünsüzə aiddir. Aiddirmi?
Ermənistanın rus dilli saytlarının əksəriyyətini davamlı olaraq izləyirəm. Demək olar ki, bu saytların hər birində 24 saat ərzində Qarabağla əlaqədar yazıların, informasiyaların, təhlillərin sayı 5-7 arası olur. Ən əsası odur ki, Qarabağ haqqında ən çox mövqe bildirənlər rəsmi dövlət adamlarıdır. Faktiki Nikol Paşinyan hər gün Qarabağ problemindən, perspektivlərdən danışır. Müdafiə naziri, prezident, parlamentin spikeri və sair məmurlar Qarabağla əlaqədar son vəziyyəti dəyərləndirir, cəmiyyəti məlumatlandırmaqla yanaşı mövqelərini də əks etdirirlər. Ayrıca politoloqların, jurnalistlərin isə Qarabağa dair təhlilləri az qala gündəlik xəbər kimi təqdim olunur və əgər problem yaranıbsa narahatlıqlarını bildirirlər. Özü də bu, hələlik qalib olan ölkədə baş verir. Uduzan biz, səsini çıxarmayan da bizik. Dövlət rəsmilərinin, parlamentin Qarabağla əlaqədar açıqlamaları “seyidin cəddinə arxayınlığı” məntiqindən ibarətdir. Yəni ”dövlətdə lazımı adamlar bu işlə məşğuldur, bizlik bir şey yoxdur, hər şey də uğurla gedir” məntiqi ilə. Bu “uğur” haqqında düz 24 ildi eşidirik, amma ortada bir müsbət nəticə yoxdur.
Son günlər Qarabağ ətrafında birbaşa və dolayısı ilə elə hadisələr baş verir ki, işin içində olan səlahiyyətlilərin, xüsusilə diplomatiya idarəsinin ciddi təhlil və açıqlamalarına ehtiyac olduğu bir vaxtda susqunluq davam edir. Boltonun səfəri və açıqlamaları, Con Millsin dedikləri, Rusiyanın hiyləgər müşahidəsi və xüsusi münasibət bildirməməsi, Ermənistan rəsmilərinin ”heç bir ərazi qaytarmaqdan belə söhbət gedə bilməz” bəyanatlarına dövlət rəsmilərinin reaksiyasızlığı yalnız təəccüb doğurur. Xalq bir nömrəli probleminin necə həll olunduğundan rəsmi adamların dilindən xəbər tutmaq istəyir, o da faktiki yoxdur, əvəzində bu işə uzaqdan, yaxından aidiyyatı və bacarığı olmayanlar meydanı boş görüb, elə meydan sulayırlar.
Adını “Qarabağ təhlilləri” qoyub qabiliyyəti “evdar qadının qiybəti” səviyyəsindən o yana keçməyənlərin, Paşinyan siyasətinin “uğursuzluğundan” və zəhlətökən, ucuz “lazım gələrsə”dən danışanların, cəmiyyətdə Qarabağ mövzusu ətrafında yenicə yaranmış fəallığı gərəksiz hesab edənlərin məqsədi Qarabağ deyil, yarınmaqdır, “gözü çıxmış qurd qardaşlarının” aqibətini yaşamamaq üçün yerlərini möhkəmlətməkdir, nəsə ummaqdır. Onları idarə edən səlahiyət sahiblərinin təfəkkürü müasir dövrün qlobal siyasəti ilə daban-dabana ziddir və daxildə ikrah hissi, beynəlxalq aləmdə acı gülüş doğurur. Dünyada, regionda baş verənlərə, ətrafımızda cərəyan edən geoplitik gəlişmələrə adekvat münasibətin olmaması bu təfəkkürdə təkamül prosesinin baş vermədiyinin təcəssümüdür. Bununla uzağa gedə bilmərik! Bu eybəcər mənzərəni hansı işinizdə istəyirsiniz yaradın, (necə ki, yaratmısınız), çalın –çağırın, şəxsi problemlərinizi istənilən sahəyə müdaxilə etməklə həll edin, fərqli düşünənləri söyməkdə davam edin, amma bu düşüncə ilə Qarabağa girişməyin, Qarabağ adına cəfəngiyat danışıb milləti çaşdırmayın.
Uğursuz dediyiniz Paşinyan siyasətinin Avropaya, demokratik dünyaya necə inteqrasiya yolunu tutduğunu, məhz xalqın dəstəyilə hakimiyyətə gəlib korrupsiyaya qarşı mübarizə apardığını və bununla da ölkəsinin beynəlxalq imicini artırdığını görməzdən gəlmək mümkün deyil. Bu inteqrasiya yolunda düşmənə necə uduzduğumuzun fərqində deyilsiniz. Ermənistanın postsovet dövrünə hazırlaşıb Qarabağ məsələsini qaldırdığı kimi, indi də dərinləşən sanksiyalar nəticəsində post Rusiya və ən azı post Putin dövrünə hazırlaşdığı, bunun üçün yeri gələndə Rusiyanın Ermənistan siyasətini tənqid etməkdən belə çəkinmədiyi ortadadır.
Daxildə ciddi islahatlara çağırış etmək əvəzinə düşük sağlıqlar, tərifnamə deyənlər ilk növbədə Qarabağ işinə ciddi problem yaratdıqlarını bilsinlər. Nə qədər ki, ölkənin beynəlxalq imici bütün göstəricilərdə çox aşağıdır, dünyada tərəfdarlarımız olmayacaq, yanımızda olanların özləri də bizdən pis gündə olduğundan tərəfimizdə durmaqları “ayı xidmətindən” başqa şey deyil. Üstəlik, cəmiyyətin başının altına yastıq qoyduqlarını da bilsinlər. Cəmiyyətin yaddaşını təzələmək yolunda, kütləni fəallaşdırmaq istiqamətində yeni və hələlik miqyası böyük olmayan addımların atılmasına qarşı çıxmaq, elə Qarabağa qarşı çıxmaq deməkdir.
“Qarabağı azad etməyin vaxtı çatmayıbmı” sualına “hələ beynəlxalq tarixi şərait yetişməyib” kimi şablon cavab verən bu “analitiklər” bilmir ki, tarixi şəraiti biz özümüz yaratmalıyıq. Yaratmağa kiçik bir cəhd edənlərin hərəkətinə “heç bir ehtiyac” olmadığını hesab edənlər yaxşı olar ki, həmişəki kimi şəxsi mənfəətləri ilə məşğul olduqları yola davam etsinlər. Qarabağ onların işi deyil. Dünya Yaxın Şərq problemini, Suriyanı, İranı qoyub bizim problemin həlli üçün “tarixi şərait” yaratmayacaq. Suda boğulanın xilas olmağı boğulanın öz işidir.
Nə qədər ağır sosial problemlərin altında qalsa da, xalq dövlətdən Qarabağın taleyinin necə olacağı barədə sözünü gözləyir. Bu işlə məşğul olanlar varsa cavab versinlər, vermirsinizsə, deməli, məşğul olan yoxdur. Əvəzində palaz-palaz yalançı Qarabağ söhbəti edənlərinizə növbəti tapşırığınız bu olsun ki, danışmasınlar. Pis-yaxşı bu işə məsul olanlar danışsınlar.
Uduzan da biz, səsini çıxarmayan da...

İlham İsmayıl
Xudaferin.eu
12:36