Nəzrin Alnağıyeva; Dəyişikliklər fərdlərin yetkinləşməsindən başlayacaq

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə ictimai fəaliyyətə yeni başlamış gənc xanımlara dəstək vermək, onların bilik və bacarıqlarını artırmaq,  vəkilliklərini etmək üçün proqram həyata keçirməkdədir. Artıq proqramın yol xəritəsi üzrə müəyyən məsafə qət edilmişdir. Maraqlı görüşlər, təlimlər, müsahibələr keçirilmişdir. 
Bu görüşlərin sırasında ictimai sektorun ünlü simaları, tanınmış iş adamı olan xanımlar, Bakıda fəaliyyət göstərən diplomatik korpuslarda çalışan diplomat xanımlar, kulturologiya üzrə mütəxxəsislər, qadın azadlığı hərəkatını öyrənən alimlərin dəvəti ilə keçirilən tədbirlər vardır. İctimai və iş həyatında yüksək karyera qazanmış bu tanınmış adamlar `Yeni Nəsil Qadın Koalisiyası` üzvlərinin görüşünə gəlmiş, birlikdə maraqlı söhbətlər, müzakirələr keçirmiş, gənclərin çoxsaylı suallarına  cavablar vermişlər.
Hazırda görüşlər, müsahibələr, ictimai təqdimatlar davam etməkdədir.
Bu günkü müsahibimiz `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Nəzrin Alnağıyevadır. 

 

- Nəzrin, Koalisiya üzvlərimizdən bu gün sıra səndədir. Səni oxucularımıza təqdim etmək istəyirik. Ən yaxşısı söhbətə özün başla. Necəsən, nə edirsən, nə ilə məşğul olursan?
- Tələbəyəm. Oxuyuram. İxtisasım üzrə yaxşı mütəxəssis  olmaq istəyirəm. Bu səbəbdən vaxtımın çoxunu  dərslərimə ayırıram. Bir yandan da xarici dillərimi inkişaf etdirməyə çalışıram. Texnoloji yeniliklərlə maraqlanıram. Mümkün olanı tətbiq etməyə çalışıram. İctimai işlərdən, əsasən, kənüllülük fəaliyyəti ilə məşğul oluram, harada könüllü fəaliyyət varsa mən oradayam. Könüllü kimi 2016-cı ildə Azərbaycanda keçirilən Formula1 yarışlarında çalışmışam, 2017-ci ildə İslam həmrəyliyi oyunlarında könüllü kimi fəaliyyət göstərmişəm, Azərbaycan Ərəbşünasları Şəbəkəsinin layihəsi olan Radio Sharg-də  fəaliyyət göstərmişəm.  Radioda “Ərəb dili öyrənirik”adlı verlişi hazırlamışam və özüm də səsləndirirdim. Xarici dil öyrənməyi sürətləndirmək üçün zehin texnologiyalarının yardımı ilə yeni üsullarla dil bazasını artırmağa çalışıram. Universitetin və fakultəmizin təşkil etdiyi layihələrdə iştirak etməyə çalışıram. Hələki faəliyyətim bunlardan ibarətdir.

- Çox maraqlı oldu. Məncə, bu söylədiklərin əhatəli bir fəaliyyətdir. Vaxtın çatırmı bu işlərin hər biri ilə ayrı-ayrı məşğul olmağa?
- Vaxtımı düzgün idarə etməyə çalışıram. Təbii ki vaxtın çoxu dərslərimindir. Ondan qənaət olmaz.

- Ölkəmiz, cəmiyyətimiz üçün nələri etmək istərdin, əskiklərimiz nədir, biz nələri dəyişməliyik ki, inkişaf etmiş, qadın iştirakçılığı mükəmməl olan bir cəmiyyətə çevrilək?
- Cəmiyyətimiz  yeniliklərə yetərincə açıq deyil. Bəzən qızlarımız  özlərini  sevdikləri və istedadlı olduqları sahələrdə inkişaf etdirə bilmirlər. Cəmiyyət, ailə buna mane olur. Bu da mentalitetimizin müəyyən mərhələdə insanların ayağında buxova çevrilməsi ilə bağlıdır. Ağılla şuuraltının bir-biri ilə çəkişməsi bizdə hələ də davam edir. Hamıya sərbəst seçmək və düşünmək şəraitini yaratmaq lazımdır. Bu şərait həm ictimai şüur, həm də idarəetmə tərəfindən yaradılmalıdır. Qadınlarımız bəzən narazı olsalar belə düşdükləri ağır şəraiti qəbullanmağa çalışırlar. Sanki belə olmalı imiş kimi. Amma hər şeydən bir çıxış yolu ola bilər, çoxlu danışıqlar hesabına, çalışmalar və səbr hesabına. Xüsusilə, qızlar, onların ictimai fəaliyyətinə daima yox deyən ailə üzvləri ilə dil tapmağa çalışmalıdır, yola gətirməli və özünə inam yaratmalıdı. Bundan əlavə, daim öz üzərlərində çalışıb müasir dövrün tələblərinə uyğun yetişdirməlidir özünü. Mənim fikrimcə, dəyişikliklər, qadın inkişafı, yaxşı mühüt elə bundan başlayır – fərdlərin yetkinləşməsindən. 

- Bilirəm ki, sən də xaricdə təhsil almaq istəyən gənclərimizdənsən...
- Bəli. İndi Avropada, Amerikada, hətta Çində, Cənubi Koreyada təhsil alan gənclərimiz çoxdur. Maraqlı təhsil proqramları var. Oxumağa gedən gənclər öz təhsillərini  təkmilləşdirmək istəyirlər. Bu bir növ həyata vəsiqə almaqdır. Məncə, bu, çox doğru qərardır. Gənc bir insan üçün dünyanın adlı-sanlı universitetlərindən birində təhsil almaqdan böyük xoşbaxtlıq nə ola bilər. Xüsusilə, bizim ölkənin təhsili ilə kifayətlənmək məncə bir o qədər yaxşı deyil, ən azından dünyatəhsil praktikası daha üstündür və çox-çox irəlidədir. İnkişaf etmiş dünyada təhsil sistemi daim yenilənir, hər ixtisasın yeni metodikaları meydana çıxır. Bu yeniliklər üzərində qurulmuş təhsil sisteminin içində olmaq nə qədər faydalı olar. Mənim də bir böyük istəyim odur ki,  ixtisasımı bu sahədə öz sözünü demiş və ya daha da təkmilləşmiş bir universitetdə davam etdirim. Tərcüməçilik (ərəb dili) çox maraqlı ixtisasdır, lakin öz universitetimdəki tərcüməçi yetişdirmək praktikası məni bir o qədər qane etmir. Buna görə də hələ axtarışdayam, bu ixtisasa harada yaxşı yiyələnə bilərəm. Bu ixtisas süzrə ölkədən kənarda təhsil almaq istəməyimin səbəbi odur ki, yeni metodikalarla bu sahəni öyrənim və gələcəkdə bu ixtisasa gələn tələbələri köhnə tədris sistemi ilə deyil, yeni metodikalar vasitəsi ilə  dərs tədris edə bilim.Özümün də məhz bir neçə tədris planlarım bu barədədir. Çünkü bu sadəcə daha da dəqiqləşməyə və aliləşməyə ehtiyacı var. 

- İnkişaf etmiş ölkələrə can atan gənclərimizin də sayı artıb...
- Gənclərin Avropada, Amerikada  yaşamağı seçməyi təbiidir. Hətta mənim tanıdığım xeyli adam Avstraliyaya gedir; işləməyə və ya oxumağa. Elə uzaq bir yerə getməyin bəlli səbəbləri var. İnsan özünə harada dəyər verildiyini hiss edirsə orada yaşamaq istəyir. Gənclər bəlkə də Avropada özlərinə daha rahat həyat qura bilirlər, aldıqları ixtisasla və ya çalışdıqları işin maaşı ilə daha təminatlı keçinə bilirlər. Lakin, mən öz vətəninə bağlı biriyəm, məncə məcbur olmadıqca uzun müddət başqa ölkəni özümə vətən seçə bilmərəm. Mən öz vətənimin insanıyam, başqa yerdə nə qədər müddət yaşasam da xariciyəm, oranın insanı, doğması deyiləm. Bilmirən, bəlkə hələ gəncəm  deyə bu cür düşünürəm, amma hələki fikirlərim belədir.

- Sənin xəyallarında olan cəmiyyət hansıdır...
- Yaxşı cəmiyyət, yetkin cəmiyyət, təhsili, səhiyyəsi, sosial güvəni olan cəmiyyət. Öz gələcəyimi öz ölkəmdə - Azərbaycanda görürəm, lakin ölkəmin də inkişafını arzulayıram. Öz sahəmin ən yaxşı mütəxəsisi kimi öz ölkəmdə  tanınmaq istərəm. Ancaq xəyallarımın mühiti kimi London və İtaliyanı söyləyə bilərəm.

- Bizə hansı dəyişikliklər lazımdır... 
-Düşünürəm, təhsil sahəsində köklü şəkildə dəyişiklik olsa və gənclərdə təhsilə daha çox maraq oyatsalar ölkəmizdə keyfiyyətli təhsilli insan daha çox olar. Xüsusilə, elmə diqqət ayırmaq lazımdır. Ölkəmdə düşüncə tərzi ilə, dünya görüşü ilə geridə qalmış gənclər görmək istəmərəm. Çünki ölkəmizin gələcəyi gənclərimiz sayəsində formalaşacaq. Ölkənin əhalisi nə qədər savadlı olarsa, bilikli olarsa ölkədə yeniliklər, tərəqqilər bir o qədər sürətlənər.  Ölkəmiz daha da inkişaf etməyə başlayar və beləliklə yaşamağa dəyər ən gözəl yerə çevrilər.

- Nəzrin, bu dediyin dəyişiklikləri sən etməli olsaydın, nələrdən başlayardın... 
-Yəqin ki, kiçik şeylərdən başlayaram, ilk əvvəl özümü dəyişərəm, təkmilləşdirərəm? Bilik və bacarıqlarımı artıraram, yeni təcrübələr öyrənərəm, daha sonra  öz təkliflərimi irəli sürərəm. Yenə də hər zamanki düşüncəm olaraq deyirəm ki, dəyişikliyin təhsildən başlamaq lazımdır. Təhsilli insan aparıcı insandır. Uşaqlara, yeniyetmələrə, gənclərə ayrp-ayrı proqramlar çərçivəsində öz yaradıcılıqlarını inkişaf etdirmək üçün mühit yaradaram. Yaradıcı fəaliyyətlə məşğul olanlara daha geniş imkanlar yaradaram. Xırda detallardan böyük detallara kimi düşündüyüm çox məsələlər var. Ən çox qərarlaşdığım fikri son olaraq deyim ki, ”DÜŞÜNƏN GƏNCLİK”-in formalaşmasını istərdim. Bu yöndə böyük islahatlara təkan verənlərdən biri olardım.

- Dedin ki, öncə bilik və bacarıqlarımı artıraram... `Yeni Nəsil Qadın Koalisiyası` layihəsi çərçivəsində keçdiyin təlimlər, öyrəndiyin bilik və bacarıqlar, yeni təcrübələr, maraqlı görüşlər  sənə dəstək ola bilərmi bu dəyişiklikləri etməyin üçün?
- Əlbəttə. Bu da mühüm bir mərhələ idi mənim üçün. Bu layihə çərçivəsində öz sahəsində uğur qazanmış xanımlarla tanış olduq. Azərbaycanda belə əzmli, iradəli və öz hədəflərinə çatmış, yüksək təhsilli xanımları görmək bir gənc tələbə kimi mənim özümü formalaşdırmaq və işgüzar həyatım, karyeram  haqqında düşüncələrimə çox təsir etdi. Mənə maraqlı gələn o oldu ki, onlar həyata yeni başlayanda elə mənim indiki yaşadığım çətinlikləri yaşamışlar. İmkanların məhdud olduğu bir mühitdən çıxmışlar. Amma bu gün karyeralarının gözəl bir zirvəsindədirlər. Mən onları dinlədim, suallar verdim və düşündüm ki, mən də onların etdiklərini edə bilərəm, sadəcə, çox çalışmaq, oxumaq,  səbirli, dözümlü  olmaq, elə məsələlər var ki, ötkəm olmamaq, bəzi məsələlərdə isə israrlı olmaq lazımdır. Düşünürəm, mən də bacararam. Xüsusilə, təlimlər çox faydalı oldu. İşgüzar qadın hansı meyarlara uyğun gəlməlidir, özünü necə formalaşdırmalı, necə təqdim etməlidir, problemləri necə müəyyən etməli və necə həllinə başlamalıdır... bütün bunlar, əminəm ki, həyatım boyu mənə lazım olacaq biliklər idi. 

- İndiki gündə təhsilinin yürüməsi və ictimai fəallığınla nəsə bir maneə varmı?
- Yox, elə böyük maneə yoxdur. Düzdür, onu da deyim ki, bəzən atam müəyyən qadağalar qoyur. O da təhsillə bağlı deyil, ictimai fəallıqla bağlı məhdudiyyətlər tələb edir.  Bu səbəbdən ictimai həyatda iştirakçılığım bir qədər əngəllənir.  Onu başa düşürəm, bilirəm ki, məni düşündüyünə, mənim üçün qorxduğuna görə edir. O da haqsız deyil. Fikirləşirəm ki, cəmiyyətimiz bir az təhlükəsizləşsə bu problemim də aradan qalxar.

- Nəyə çox sevinirsən?
- Gözəl piano çalan birini görəndə çox sevinirəm.

 - Bəs nədən qüssələnirsən?
- Gözü yaşlı uşaq, bir də şəhid anası görəndə qüssələnirəm... 

Xudaferin.eu

14:36